“Şimali Koreya müharibəsi qaçılmaz deyil” Dünya

“Şimali Koreya müharibəsi qaçılmaz deyil”

Şimali Koreya ilə hərbi qarşıdurma qaçılmaz deyil, ancaq müharibə ehtimalı qalmaqdadır. Bu xəbərdarlıqla Birləşmiş Ştatların milli təhlükəsizlik rəsmiləri çıxış edib. "Müharibəyə bir həftə öncəki kimi yaxın deyilik, ancaq on il öncəkindən daha yaxınıq", – prezident Donald Trampın milli təhlükəsizlik müşaviri, ordu general leytenantı H.R.McMaster avqustun 13-də deyib. McMaster ABC televiziyasının "This Week" proqramına bildirib ki, Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonun rəhbərliyi ilə "çox qətiyyətli" diplomatik işi davam etdirir. Bu iş Şimali Koreyaya yeni maliyyə sanksiyaları ilə paralel aparılır.
Pxenyan BMT sanksiyalarına meydan oxuyaraq qitələrarası ballistik raketləri (ICBM) sınaqdan keçirəndən sonra Trampla Şimali Koreya lideri Kim Jong Un bir-birlərini hədələyiblər. Tramp elan edib ki, ABŞ ordusu müharibəyə hazır vəziyyətdədir. O, Kimə xəbərdarlıq edib ki, ABŞ ərazilərinə və müttəfiqlərinə qarşı hər hansı addım atsa, "buna çox tezliklə peşman olacaq". "Bu gün qaçılmaz bir şey yoxdur, ancaq Şimali Koreya bilməlidir ki, Birləşmiş Ştatların səbri tükənib". Bunu isə avqustun 13-də "Fox News"un "Sunday" proqramına Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mike Pompeo deyib.
"Şimali Koreyadan almaq istədiyimiz reaksiya budur ki, Amerikanın daha strateji səbr etməyəcəyini, onlara silah proqramını hazırlamağa davam etməyə imkan verməyəcəyini anlasınlar. Bu qədər birbaşa deyirik", – Pompeo vurğulayıb.
Bu arada ABŞ-ın Baş Qərargahlar rəisi, general Josep Dunford Asiyaya səfər edir, onun Cənubi Koreya, Yaponiya və Çin liderləriylə görüşəcəyi gözlənir. Dunford jurnalistlərə deyib ki, "regiondakı temperaturu duymaq" istəyir, həmçinin diplomatik və iqtisadi təzyiq kampaniyası alınmazsa, hərbi variantları müzakirə edəcək. "Hamımız bu durumdan müharibəsiz çıxmağa çalışırıq", – Dunford söyləyib. Şimali Koreyada çıxan "Minju Joson" qəzeti isə bu səfər ərəfəsində baş məqaləsində yazıb ki, Pxenyan ordusu ABŞ-ın istədiyi müharibəni aparmağı bacarar.