“Bunlar beynəlxalq hüququn prinsiplərinə ziddir” Dünya

“Bunlar beynəlxalq hüququn prinsiplərinə ziddir”

“İsrailin Qəzza zolağında əməliyyatları davam etdirməsi beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat edir. Cəmi 365 kvadrat kilometrlik ərazisi olan bir ərazidə 2023-cü ilin oktyabr ayında başlayaraq əməliyyatların aparılması və bu günə qədər orada törədilən dağıntılar beynəlxalq hüququn prinsiplərinə ziddir. Xüsusilə də hazırkı mərhələdə Deyr əl-Balah şəhəri bu gün Qəzza zolağında evləri dağılmış, yerlərindən didərgin düşmüş insanlar üçün çox əhəmiyyətli bir sığınacaq yeridir. Məhz bu şəhərdə hazırkı mərhələdə bu əməliyyatların keçirilməsi Qəzza zolağında olan insanların olan-qalan ümidlərinin də məhv edilməsi anlamına gəlir. Ona görədir ki, BMT-dən və digər beynəlxalq təsisatlardan bununla bağlı narahatlıqlar dilə gətirilir. Düşünürəm ki, bu, hazırkı mərhələdə elə İsrail dövlətinin özünün də mənafelərinə ziddir. Bu sadəcə hazırkı Netanyahu hökumətinin onlara verilmiş son şanslarından istifadə edilməsidir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov söyləyib.

X.Bəşirov əlavə edib ki, Netanyahu Qəzza məsələsinin həllinə nail ola bilməyib və Qəzza problemi siyasi, diplomatik baxımdan həllini tapmayıb: “O cümlədən də İran məsələsi ilə bağlı o, qarşısına qoyduğu məqsədə nail ola bilməyib. Bu məsələlərlə bağlı Netanyahu hökuməti əlindən gələni edir ki, ona verilənvaxtın sonunda İsrail dövlətinə, xalqına hesabat verərkən onun masaya qoya biləcəyi hər hansı bir uğur olsun. Bu da Qəzzada bu əməliyyatların daha da inkişaf etdirməsinə səbəb olub. Qəzzada baş verən o əməliyyatlar göz qabağındadır və nəinki səngimir, əksinə, bir az da inkişaf etdirilir. Digər bir məsələ Suriyadır. İsrailin zaman-zaman Suriya ərazilərini hədəfə alması, raketlər atması da eşidilən məlumatlardan biridir. Digər istiqamətdə Livanla bağlı, Hizbullahla bağlı məsələ həllini tapmayıb. Eyni zamanda, nəzərə alaq ki, Yəməndə husilərlə bağlı zaman-zaman qarşılıqlı atışmaların şahidi oluruq. İran məsələsi də göz qabağındadır və bütün bunları analiz edəndə görürük ki, Netanyahu hökuməti nəinki istəklərinə, nəinki qarşısına qoyduğu məqsədlərə nail olmayıb, əksinə, bütün yaraların hamısını yenidən qanadıb, amma heç bir yaranın müalicə olunmasına nail ola bilməyib. Bu da gələcəkdə Netanyahunun özünün və ətrafında ona yaxın bəzi insanların mühakiməsi məsələsini aktuallaşdırır. Bunu görən, anlayan Netanyahu, onun hökuməti, komandasında olan şəxslər əllərindən gələni edirlər ki, heç olmasa qarşılarına qoyduqları məqsədlərdən birinə nail olsunlar. Bunlardan da ən yaxını Qəzza məsələsini görürlər və ona görə də məhz Qəzzada bu əməliyyatların intensivləşdiyinin şahidi oluruq”.

O eləcə də deyib ki, nəinki bu əməliyyatların dayandırılmasının şahidi olmayacağıq, əksinə, bir az da bunların genişləndirilməsi və orada qeyd etdiyimiz kimi Deyd-ər Balah şəhəri ilə yanaşı, bir sıra digər strateji şəhərlər var ki, onların da hədəfə alınacağının şahidi olacağıq: “Burada da təbii ki, əsas məqsəd Qəzzada insanların orada çıxarılması məsələsidir. Qəzzadan olan insanların da oradan çıxmaq kimi bir fikirləri yoxdur. Nə qədər hücumlara, itkilərə, ölümlərə məruz qalsalar da, onların oradan çıxması real görünmür. Çünki onların oradan çıxması üçün yollar da qapadılıb. Bu təkcə İsrail tərəfindən qapadılan yollar deyil, əksinə, İsrail tərəfi istəyir ki, onlar oradan çıxa bilsinlər, amma söhbət ətraf ərazilərdən, xüsusilə də Misirdən gedir ki, Misir həmin o insanların onun ərazisinə keçməsinə heç vəchdə yol vermək istəmir və yol verməyəcək”.

Röya İsrafilova