Ukraynanın yeni prezidentindən sərt açıqlamalar Dünya

Ukraynanın yeni prezidentindən sərt açıqlamalar

Poroşenko Rusiyaya meydan oxudu, Qərblə əməkdaşlıq xəttini müdafiə edəcəyini açıqladı

Cavid

Son ayların gərgin prosesləri fonunda Ukrayna xalqı mayın 25-də özünün yeni prezidentini seçdi. Exit-polla görə, prezidentliyə namizəd Pyotr Poroşenko səsvermənin ilk turunda qalib gəlib. Ukraynalı oliqarxın 57,3 faiz səslə ölkənin yeni prezidenti seçildiyi vurğulanır.
Poroşenkonun ən ciddi rəqibi hesab olunan keçmiş baş nazir Yuliya Timoşenko təxminən 12% səs toplayıb.
Əgər ilkin sorğunun nəticələri səslərin yekun hesablanmasından sonra təsdiqlənsə, seçkilərin ikinci turu keçirilməyəcək. "Şokolad kralı" kimi də tanınan ukraynalı milyarder hakimiyyətə gəldikdən sonra Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmağı və rusiyameyilli separatçıların fəal olduqları ölkənin şərq regionlarında sabitliyin bərpasını vəd edib. Poroşenko bildirib ki, dövlət başçısı kimi ilk səfərini Donbasa edəcək. Kiyevdə keçirilən mətbuat konfransında Poroşenko bildirib ki, ilk işi müharibəni bitirmək, xaosa son qoymaq, vahid və azad Ukraynaya sülh gətirmək olacaq.
Qısa xatırlama verək ki, sərvəti 1,3 milyard dollar civarında təxmin edilən Pyotr Poroşenko Ukraynanın ən zəngin adamlarından biridir və onu populyar "Rosşen" şokolad brendinə görə daha yaxşı tanıyırlar. Lakin son 15 ildə Ukraynanın müxtəlif administrasiyalarında nazir postları tutmuş 48 yaşlı Poroşenko həm də ağıllı və səriştəli siyasətçidir.
O, vaxtilə prezident Leonid Kumanın düşərgəsini tərk edərək Viktor Yuşşenkonun Bizim Ukrayna Partiyasının aparıcı tərəfdarı və maliyyə dəstəkçisinə çevrilmişdi. 2000-ci ildə isə Poroşenko indi vəzifəsindən devrilmiş Viktor Yanukoviçi hakimiyyətə gətirmiş Regionlar Partiyasının təsisçilərindən idi. O, 2004-2005-ci illərdə Narıncı İnqilabı dəstəkləyib və Yuşşenkonun hökumətində vəzifədə olub. 2009-10-cu illərdə Poroşenko Ukraynanın xarici işlər naziri təyin vəzifəsini icra edib.
Prezident Yanukoviç 2012-ci ildə Poroşenkonu ticarət və iqtisadi inkişaf naziri təyin etmişdi, lakin o bu postda səkkiz ay qaldıqdan sonra Vinnitsa şəhərindən seçilmiş müstəqil deputat kimi parlament fəaliyyətinə qayıdıb. O, Avromaydan hərəkatına geniş maliyyə dəstəyi göstərsə də, heç vaxt nümayişlərdə aparıcı rol oynamayıb.
Bu ilin martında Krımın paytaxtı Simferopola təkbaşına səfər edərək yarımadanın Rusiyaya birləşməsinə dair referendumun keçirilməsinin qarşısını almağa cəhd göstərən Poroşenko Ukraynanın Avropaya inteqrasiyası məsələsində də ardıcıl olub və Rusiyanın ticarət müharibəsinin gedişində onun "Roshen" şokoladlarını hədəfləməsi oliqarxa olan hüsn-rəğbəti daha da artırıb. Xarici işlər naziri olarkən Ukraynanın NATO-ya üzvlüyünü təbliğ edən Poroşenko bu məsələni prezident seçkisi kampaniyası zamanı qaldırmayıb.
2004-cü ildə Viktor Yuşşenkonun prezident seçilməsinə dəstək verən Pyotr Poroşenkonun seçkiqabağı proqramının özəl məqamları vardı. Məsələn, onun klassik formada yox, fəlsəfi-publisistik xarakterli "Yeni tərzdə yaşamaq" adlanan proqramının bir neçə bloku var: "Azad yaşamaq", "Ehtiyac hiss etmədən yaşamaq", "Şərəflə yaşamaq" və "Təhlükəsiz yaşamaq".
Poroşenko seçki kampaniyası dövründə də vəd edirdi ki, indiki idarəetmə formasını saxlayacaq, eləcə də ilin axırına kimi proporsional qaydada və açıq partiya siyahıları ilə növbədənkənar parlament seçkiləri keçiriləcək. Pyotr Poroşenkonun sözlərinə görə, Ukrayna unitar dövlət olaraq qalacaq, Ukrayna dili isə yeganə dövlət dili olacaq. O həm də seçiləcəyi təqdirdə hakimiyyətinin ilk ilində Avropa İttifaqı ilə vizasız rejim məsələsinin həllinə nail olacağını bildirmişdi. Krıma gəldikdə, Poroşenko bu adanı siyasi və diplomatik yolla Ukraynanın tərkibinə qaytaracağına vəd verir.
O, "Yeni tərzdə yaşamaq" şüarına əlavə olaraq deyir: "Yeni tərzdə yaşamaq - yəni ilk növbədə öz qüvvənlə yaşamaq deməkdir. Bizim əvəzimizə bizim işimizi heç kəs görməyəcək".
Artıq qələbəsini qeyd edən Poroşenko verdiyi açıqlamasında deyib ki, Ukraynanın şərqindəki anti-terror əməliyyatları daha sərt olacaq: "Anti-terror əməliyyatları əsaslı şəkildə dəyişəcək - daha effektli və daha qısa olacaq. Təchizat və ödəniş şərtləri də dəyişəcək".
Xatırladaq ki, Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema da ölkənin şərqində aparılan anti-terror əməliyyatlarının yaxın günlərdə yenidən başlayacağını bildirmişdi.
Ukraynanın yeni prezidenti yaxın müttəfiqi, Vitali Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib. Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib.
Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq.
Polşa prezidenti Bronislav Komarovski Pyotr Poroşenkonu telefonla Ukraynanın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib. Komarovski Poroşenkonu iyunun 3-4-də Polşada keçiriləcək "Keçmiş kommunist blokunda parlamentə ilk azad seçkilərinin keçirilməsinin 25 illiyi" ilə bağlı mərasimə dəvət edib. Həmin vaxt Polşaya ABŞ prezidenti Barak Obama da gələcək. O iyunun 3-də Mərkəzi və Şərqi Avropa ölkələrinin rəhbərləri ilə görüşməlidir.
Poroşenko bundan əvvəl də bəyan etmişdi ki, Ukrayna prezidenti seçilərsə ilk xarici səfərini Polşaya edəcək.
ABŞ prezidenti Barak Obama da Ukraynada prezident seçkilərinin baş tutması ilə bağlı bu ölkənin xalqına təbrik ünvanlayıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. ABŞ dövlət başçısının təbrik məktubunda deyilir: "Bütün amerikalılar adından Ukrayna xalqını təbrik edirəm. Onlar prezident seçkilərinin keçirilməsinə nail oldular. ABŞ növbəti Ukrayna prezidenti ilə birgə əməkdaşlıqda maraqlıdır. Biz əhəmiyyətli siyasi və iqtisadi islahatların keçirilməsində Ukraynanın səylərini dəstəkləyirik. ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir".
Maraqlıdır ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və keçmiş iqtisadiyyat naziri Kaxa Dendukidzenin isə Ukraynanın yeni dövlət başçısı Pyotr Poroşenkonun komandasında təmsil oluna biləcəyi söylənilir.
Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu açıqlama ilə "UDAR" Partiyasının lideri, Kiyevin yeni meri Vitali Kliçko çıxış edib. Onun sözlərinə görə Saakaşvili yeni prezidentin məsləhətçisi ola bilər: "Ehtiyac olacaqsa, Saakaşvili və Gürcüstanın sabiq iqtisadiyyat naziri Kaxa Dendukidze dövlət postlarında qərar tutacaq".