Ukrayna ordusundan görünməmiş əməliyyat Dünya

Ukrayna ordusundan görünməmiş əməliyyat

Dünən keçirilən antiterror əməliyyatlarında 300-dən çox terrorçu məhv edilib

Ukraynanın Donetsk vilayətində həyata keçirilən antiterror əməliyyatlarında 300-dən çox terrorçu məhv edilib. Bunu antiterror əməliyyatının sözçüsü Vladislav Seleznyov açıqlayıb.
O, Slavyansk şəhəri yaxınlığındakı Krasnıy Liman və Semyonovka yaşayış məntəqələrində antiterror əməliyyatının aktiv fazasının keçirildiyini söyləyib: "Silahlıların qüvvələri əriyir. İlkin məlumat var ki, gün ərzində 300-dən çox silahlı məhv edilib".
V. Seleznyov döyüşlərin davam etdiyini bildirib. O, adı çəkilən yaşayış məntəqələrinin, eləcə də Slavyansk və Karamatorsk şəhərlərinin sakinlərinə küçəyə çıxmamağı tövsiyə etdiklərini vurğulayıb.
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov da parlamentin iclasında deyib ki, Donetsk vilayətində terrorçuların gizli düşərgəsi bombalanıb. O bildirib ki, səhər saatlarında antiterror əməliyyatı çərçivəsində terrorçuların Severodonetsk şəhəri ətrafındakı gizli düşərgəsinə zərbələr endirilib: "Çoxlu sayda terrorçu məhv edilib".
A. Turçinov hazırda Donetsk vilayətinin şimalının terrorçulardan azad edilməsi üçün əməliyyatlar həyata keçirildiyini söyləyib.
Ukrayna prezident administrasiyası rəhbərinin müavini səlahiyyətlərini icra edən Andrey Sençenko isə ölkənin Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin tətbiq edilməsinin lazım olduğunu bildirib.
Onun sözlərinə görə, antiterror əməliyyatı zamanı bütün vasitələrə əl atılacaq ki, dinc əhaliyə ziyan dəyməsin.
Ukraynanın şərqində antiterror əməliyyatlarının genişləndiyi bir vaxtda Obama Polşadan Putinə xəbərdarlıq edib. O bildirib ki, Rusiya Ukrayna hakimiyyəti ilə real danışıqlara başlamalı və bu ölkəyə terrorçuların göndərilməsini dayandırmalıdır. Varşavada çıxışı zamanı Obama deyib ki, Rusiyanı öz siyasətini dəyişməyəcəyi təqdirdə növbəti sanksiyalar gözləyir.