Sudanda hava zərbəsi nəticəsində azı 24 mülki şəxs həlak olub Gündəm

Sudanda hava zərbəsi nəticəsində azı 24 mülki şəxs həlak olub

Çərşənbə günü Sudanın Şimali Kordofan ştatındakı Şarşar kəndinə endirilən hava zərbəsi nəticəsində azı 24 mülki şəxs həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə pəncşənbə günü "Dabanga" radiostansiyası şahidlərin və hüquq müdafiəçilərinin sözlərinə istinadən məlumat verib.

Məlumata görə, zərbə iyulun 29-da Bara şəhərindən qərbdə yerləşən yaşayış məntəqəsinə endirilib. "Advocating for Darfur Victims" hüquq müdafiə təşkilatının verdiyi xəbərə görə, həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

Hadisə şahidləri Şarşar kəndinin Sudan Silahlı Qüvvələri tərəfindən bombardman edildiyini iddia edirlər. Bu məlumatın müstəqil təsdiqi yoxdur. Sudan ordusu hələlik hava zərbəsi ilə bağlı xəbərləri şərh etməyib.

Həmin gün qiyamçı "Cəld Reaksiya Qüvvələri" (CRQ) qruplaşması eyni ərazidə yerləşən Əl-Camama yaşayış məntəqəsinə hücum edib. "Sudanlı Həkimlər İttifaqı" qeyri-hökumət təşkilatının məlumatına görə, ikisi qadın olmaqla 9 mülki şəxs həlak olub, daha 14 nəfər yaralanıb. Döyüşçülər yerli bazarı, tibb məntəqəsini və xüsusi əmlakı qarət etdikdən sonra çoxlu sayıda sakin yaşayış məntəqəsini tərk edib.

Məryəm Quliyeva