İsrail İrana qarşı sərt xəbərdarlıq etdi: "Onları daş dövrünə qərq edəcəyik" Dünya

İsrail İrana qarşı sərt xəbərdarlıq etdi: "Onları daş dövrünə qərq edəcəyik"

İsrailin müdafiə naziri İsrael Katz İranın İsrailə hücum edəcəyi təqdirdə ordunun İslam Respublikasının "enerji infrastrukturu da daxil olmaqla" bütün infrastruktur obyektlərinə zərbələr endirəcəyi barədə xəbərdarlıq edib.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Times of Israel" qəzeti sitat gətirib.

"Biz İranın üzləşdiyi ağır iqtisadi təzyiqin, həmçinin üsyan və rejim dəyişikliyi qorxusunun onları çətin addımlar atmağa sövq edə biləcəyini göstərən əlamətləri müşahidə edirik", — deyə Katz Müdafiə Nazirliyinin əməkdaşları qarşısında Yəhudi Yeni İli münasibətilə təşkil olunmuş tədbirdə bəyan edib.

"İranın İsrailə hücumu bizi hər hansı məhdudiyyətdən azad edəcək. Biz bütün infrastruktura — o cümlədən enerji obyektlərinə zərbə endirəcəyik, İranı daş dövrünə və qaranlığa qərq edəcəyik", — deyə nazir vurğulayıb.

Katz əlavə edib ki, İsrail hadisələrin hər cür inkişaf ssenarisinə həm müdafiə, həm də hücum baxımından tam hazırdır və Ordunun (ÇAXAL) qarşıya qoyulan tapşırığı yerinə yetirməyə imkanı var.

Məryəm Quliyeva