“Ukraynanın hava hücumlarını genişləndirməsi Rusiya üçün ciddi problemlər yarada bilər”
“Rusiya səmasının təhlükəli olması Moskva üçün əlavə təzyiq yarada bilər”
“Azərbaycanın Bişkek diplomatiyası çoxşaxəli xarici siyasətin göstəricisidir”
Azərbaycanda ərzaq inflyasiyasını 2 ay öncədən göstərən indeks hazırlanıb
12:32
287
“Zelenskinin Rusiya səmasının təhlükəli elan edilməsi ilə bağlı çağırışını yalnız hərbi xəbərdarlıq kimi deyil, həm də Rusiyanın beynəlxalq nəqliyyat əlaqələrinə qarşı siyasi təzyiq vasitəsi kimi qiymətləndirmək olar”.
Bu fikirləri politoloq Elman Telmanoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya ərazisində dron hücumları nəticəsində hava limanlarının fəaliyyətində fasilələrin və uçuşların kütləvi şəkildə təxirə salınmasının davam etməsi aviaşirkətlər üçün təhlükəsizlik və sığorta xərclərini əhəmiyyətli dərəcədə artıra bilər:
“Bu isə Rusiya ilə hava əlaqəsinin iqtisadi cəlbediciliyini zəiflədə bilər. Aviaşirkətlər üçün əsas məsələ yalnız faktiki hücumların baş verməsi deyil, həmin hava məkanında riskin proqnozlaşdırıla bilməsidir”.
E.Telmanoğlu qeyd edib ki, belə vəziyyət Moskvanın beynəlxalq aviasiya əlaqələrinə psixoloji və reputasiya baxımından da zərbə vura bilər:
“Risklərin davamlı xarakter alması müəyyən marşrutların dəyişdirilməsi və Rusiya hava limanlarına uçuşların azaldılması ilə nəticələnə bilər. Bu baxımdan məsələ təkcə təhlükəsizlik problemi deyil, eyni zamanda iqtisadi və reputasiya məsələsidir”.
Politoloq hesab edir ki, hazırkı vəziyyətin Rusiyanın hava nəqliyyat sistemini tamamilə iflic edəcəyini söyləmək hələ tezdir:
“Moskva alternativ marşrutlardan və əlavə təhlükəsizlik tədbirlərindən istifadə etməklə aviasiya əlaqələrini qorumağa çalışacaq. Buna görə də Zelenskinin açıqlamasını daha çox Rusiyanın müharibənin nəticələrini öz ərazisində və iqtisadi sistemində hiss etməsinə yönəlmiş siyasi mesaj kimi qiymətləndirmək olar”.
E.Telmanoğlu vurğulayıb ki, hava məkanına təhlükənin uzunmüddətli xarakter alması halında məsələ daha geniş beynəlxalq gündəmə çevrilə bilər:
“Əgər hava məkanına təhlükə uzunmüddətli xarakter alarsa, bu məsələ artıq təkcə Rusiya-Ukrayna müharibəsinin deyil, beynəlxalq aviasiyanın təhlükəsizlik gündəminin də mühüm hissəsinə çevrilə bilər”.
Günel Elxan