“Türkiyənin vasitəçiliyi ilə İstanbulda yenidən danışıqlar başlaya bilər” Gündəm

“Türkiyənin vasitəçiliyi ilə İstanbulda yenidən danışıqlar başlaya bilər”

“Türkiyə Rusiya-Ukrayna münaqişəsi başlayandan tərəflərin arasında vasitəçi olmaq rolunu icra edirdi və məhz bir çox məsələ Türkiyənin vasitəçiliyi ilə həll olunub. Məsələn, taxıl məsələsinin həlli, əsirlərin dəyişdirilməsi məsələsi və s. bunlar Türkiyənin vasitəçiliyi ilə həll olunan məsələlərdir. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsində vasitəçi kimi ən güclü ölkə Türkiyədir, ən yaxşı platforma da məhz İstanbul platformasıdır”.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Z.Əmrəliyev düşünür ki, Rəcəb Tayyib Ərdoğanın bu məsələdə vasitəçilik etməsi hər iki dövlət üçün sərfəlidir: “Həm Ukrayna, həm də Rusiya Türkiyəyə ciddi şəkildə etibar edir və həm də Türkiyəni vasitəçi tərəf kimi qəbul edirlər. Türkiyənin də bu məsələdəki mövqeyi ədalətlidir. Türkiyə bu münaqişədə yenidən vasitəçi rolunda çıxış edə bilər. Eyni zamanda, bu məsələdə maraqlı dövlət olan ABŞ-nin də Türkiyəni dəstəkləməsi inandırıcıdır. Yəni Tramp administrasiyasının Ərdoğan hökumətinə bu məsələdə hansısa bir maneə olacağını gözləmirəm. Artıq Bişkekdə də Ərdoğan və Putin arasında görüş keçirilib. Ola bilsin ki, yaxın müddətdə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda yenidən danışıqlar başlaya bilər. Heç olmasa tərəflərin arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıla bilər”.

Röya İsrafilova