
“Avqustun 31-də Bişkekdə keçirilən tədbirlər Azərbaycan Prezident İlham Əliyevin çoxşaxəli və məqsədyönlü diplomatik fəaliyyətinin növbəti nümunəsi oldu. Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə həsr olunmuş sammit, Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümü və VI Dünya Köçəri Oyunlarının açılışı kimi mühüm tədbirlərin eyni vaxtda keçirilməsi Azərbaycan üçün müxtəlif istiqamətlər üzrə təmasların genişləndirilməsi baxımından mühüm imkan yaratdı”.
Bu fikirləri deputat Naqif Həmzəyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bir gün ərzində müxtəlif formatlarda çoxsaylı dövlət və hökumət başçıları ilə görüşməsi təsadüfi deyil və Azərbaycanın fəal diplomatik siyasətinin göstəricisidir:
“Diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin cəmi bir ay ərzində Qırğızıstana ikinci səfərinin baş tutmasıdır. İyulun 30-31-də Bişkekə dövlət səfəri zamanı Azərbaycan-Qırğızıstan münasibətlərində müttəfiqlik münasibətlərini təsbit edən sənədin imzalanması əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərdi. Bu baxımdan ŞƏT sammiti də yalnız çoxtərəfli əməkdaşlıq platforması deyil, Azərbaycan üçün ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm diplomatik meydandır”.
N.Həmzəyev qeyd edib ki, Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü xüsusi əhəmiyyət daşıyır:
“Bu görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının vurğulanması onu göstərir ki, Azərbaycan-Ermənistan sülh prosesi davam edir. Liderlər səviyyəsində birbaşa təmasların qorunub saxlanılması prosesin siyasi iradə ilə dəstəkləndiyini göstərir. Bu cür görüşlər həm region, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır”.
Deputatın sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş də Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının davamlılığını nümayiş etdirir:
“Qazaxıstan və Qırğızıstanla münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsi Azərbaycanın Mərkəzi Asiya siyasətinin ardıcıl xarakter daşıdığını göstərir. Bu əlaqələr artıq yalnız dostluq və qardaşlıq ifadələri ilə məhdudlaşmır, konkret siyasi, iqtisadi və institusional əməkdaşlıqla möhkəmlənir”.
N.Həmzəyev İran Prezidenti Məsud Pezeşkianla görüşün də regional proseslər baxımından əhəmiyyətli olduğunu vurğulayıb:
“Regionda mürəkkəb geosiyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan İranla açıq və konstruktiv dialoqun saxlanılmasında maraqlıdır. Xüsusilə sərhəd təhlükəsizliyi, nəqliyyat əlaqələri və regional əməkdaşlıq baxımından Tehranla kommunikasiya kanallarının açıq qalması mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan İsti Suyunu İran Prezidentinə təqdim etməsi də diplomatik baxımdan diqqətçəkən və səmimi bir jest idi”.
Deputat bildirib ki, VI Dünya Köçəri Oyunlarının açılışı çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran Prezidenti Məsud Pezeşkianla birgə qeyri-rəsmi təması da xüsusi siyasi məna daşıyır:
“Belə kuluar görüşləri liderlər arasında səmimi dialoq üçün əlavə imkan yaradır. Türk dünyasının aparıcı dövlətlərinin liderləri ilə İran rəhbərinin eyni platformada təmasda olması regionda müxtəlif əməkdaşlıq formatlarının bir-birini istisna etmədiyini göstərir. Azərbaycan da bu proseslərdə fəal iştirak etməklə həm Türk dünyasında, həm də daha geniş Avrasiya məkanında öz mövqelərini gücləndirir”.
N.Həmzəyev qeyd edib ki, Prezident İlham Əliyevin BMT Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şəhbaz Şəriflə ayaqüstü təmasları da diqqətdən kənarda qalmamalıdır:
“Bu cür qeyri-formal təmaslar rəsmi görüşlər qədər protokollaşdırılmasa da, diplomatik baxımdan mühüm mesajlar daşıyır. Xüsusilə Azərbaycan-Rusiya münasibətlərində son dövrdə yaşanan proseslər fonunda Prezident İlham Əliyev və Vladimir Putin arasında təmasın baş verməsi münasibətlərin dialoq müstəvisində saxlanıldığını göstərən mühüm məqamdır”.
Deputat hesab edir ki, Bişkekdəki təmaslar Azərbaycanın xarici siyasətində bir neçə istiqamətin paralel şəkildə həyata keçirildiyini nümayiş etdirdi:
“Burada Ermənistanla sülh prosesinin davam etdirilməsi, İranla dialoqun qorunması, Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, Türk dünyası ilə münasibətlərin daha da dərinləşdirilməsi və eyni zamanda Rusiya, BMT, Pakistan və digər aktorlarla kommunikasiya kanallarının saxlanılması kimi mühüm istiqamətləri görə bilərik”.
N.Həmzəyev vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya istiqamətində siyasəti artıq epizodik xarakter daşımır:
“Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri sistemli və çoxşaxəli xarakter alıb. ŞƏT kimi platformalar Bakı üçün yalnız iqtisadi əməkdaşlıq imkanları deyil, həm də regional təhlükəsizlik, nəqliyyat, siyasi dialoq və böyük güclərlə təmas baxımından mühüm əhəmiyyət kəsb edir. Bişkekdə bir gün ərzində baş tutan görüşlər də Azərbaycanın balanslaşdırılmış, praqmatik və çoxvektorlu xarici siyasətinin növbəti göstəricisidir”.
Günel Elxan