Rəsmi Pekin Azərbaycanın mina təhlükəsi ilə mübarizədə gördüyü işləri yüksək qiymətləndirir
BMT nümayəndəsi Azərbaycanla minatəmizləmə əməkdaşlığının gücləndirilməsini vacib hesab edir
Aİ Azərbaycanla mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlığı davam etdirəcək
ABŞ Silahlı Qüvvələri Hörmüz boğazından neft daşıyan 40 gəmini müşayiət edib
11:21
308
Mina təhlükəsinin aradan qaldırılması şəhərlərin və icmaların bərpasının əsas sütunlarından biridir.
Bunu Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional İdarəsinin direktoru Erfan Ali Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib.
O bildirib ki, Şərqi Avropa, Mərkəzi Asiya və Ukraynanın timsalında region ciddi mina çirklənməsi ilə üzləşib.
BMT rəsmisinin sözlərinə görə, partlayıcı sursatların qalıqları gündəlik həyata, kənd təsərrüfatına və yenidənqurma prosesinə mane olur: “Bizim üçün bu, şəhər siyasətinin, planlaşdırmanın və mina təhlükəsi ilə çirklənmiş ərazilərin təmizlənməsi üzrə səylərin maliyyələşdirilməsinin əsas elementidir. Təmizlənmiş torpaq olmadan səmərəli şəhər planları hazırlamaq, təhlükəsiz mülkiyyət və istifadə hüquqlarını təmin etmək, funksional infrastruktur yaratmaq mümkün deyil”.
UN-Habitat rəsmisi vurğulayıb ki, mina təhlükəsinin aradan qaldırılması məcburi köçkünlərin və qaçqınların ləyaqətli şəkildə geri qayıtması üçün də mühüm şərtdir. O, Azərbaycanın bu istiqamətdə atdığı addımları da qeyd edib: “Azərbaycan 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul etməklə mina çirklənməsini təhlükəsiz qayıdış, məskunlaşma, reabilitasiya, rifah və sülhə mane olan problem kimi tanıyıb”.
Erfan Alinin sözlərinə görə, Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri mina təhlükəsinin aradan qaldırılması, mənzil, əsas xidmətlər və dolanışıq imkanlarının yaradılmasını bir-biri ilə əlaqələndirir. Belə ki, burada məqsəd sadəcə torpaqları bərpa etmək deyil, icmaları, ictimai həyatı və iqtisadi imkanları da yenidən qurmaqdır.
BMT nümayəndəsi Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.