Maduro ABŞ məhkəməsindən narkoterrorçuluq ittihamını ləğv etməyi tələb edib Dünya

Maduro ABŞ məhkəməsindən narkoterrorçuluq ittihamını ləğv etməyi tələb edib

Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsindən ittiham aktının ona narkoterrorçuluq məqsədilə əlbir olmaq maddəsi üzrə irəli sürülən birinci bəndini rədd etməyi xahiş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-ın tanış olduğu Maduronun müdafiə tərəfinin vəsatətində deyilir.

"Maduro qanunsuz narkotik dövriyyəsi ilə hər hansı əlaqəsinin olduğunu və ya terrorçuluqla məşğul olan kiməsə dəstək vermək niyyətində olduğunu qətiyyətlə təkzib edir", — deyə sənəddə bildirilir. Müdafiə tərəfi qeyd edir ki, ittiham Maduronun ehtimal edilən hərəkətləri ilə Birləşmiş Ştatlar arasında zəruri əlaqəni müəyyən etmir və bu əməllərin məqsədinin ABŞ-yə, onun vətəndaşlarına və ya maraqlarına zərər vurmaq olduğunu göstərmir.

Vəkillər həmçinin hesab edirlər ki, ABŞ-nin narkoterrorçuluq haqqında qanununun tamamilə Birləşmiş Ştatlardan kənarda törədilmiş və ABŞ ilə kifayət qədər əlaqəsi olmayan əməllərə görə xarici vətəndaşa tətbiq edilməsi Maduronun müvafiq hüquqi proses hüququnu pozar. Bundan əlavə, müdafiə tərəfinin fikrincə, qanunun bu cür tətbiqi ABŞ Konqresinin səlahiyyət çərçivəsini aşmış olar.

Məryəm Quliyeva