“Ərdoğan–Putin görüşü Türkiyənin vasitəçi rolunu gücləndirməyə imkan yaradır” Gündəm

“Ərdoğan–Putin görüşü Türkiyənin vasitəçi rolunu gücləndirməyə imkan yaradır”

“Ərdoğan–Putin görüşü Türkiyənin Rusiya–Ukrayna müharibəsində vasitəçi rolunu yenidən gücləndirmək üçün Ankaraya mühüm diplomatik imkan yaradır. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə dialoq kanallarını qoruyan azsaylı NATO ölkələrindən biridir. Bu amil Ankaraya tərəflər arasında birbaşa təmasların təşviqi və mümkün danışıqlar üçün platforma təqdim etmək baxımından xüsusi üstünlük verir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu bildirib.

O deyib ki, Qara dənizdə təhlükəsizlik məsələsinin görüşün əsas mövzularından biri olması da Türkiyənin rolunu daha da əhəmiyyətli edir: “Çünki Qara dəniz yalnız Rusiya və Ukrayna üçün deyil, Türkiyə və bütövlükdə NATO üçün strateji əhəmiyyət daşıyır. Ankara burada həm kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin olunması, həm də regionda eskalasiyanın qarşısının alınması istiqamətində diplomatik təşəbbüslər irəli sürməklə özünü əsas regional aktorlardan biri kimi təqdim edə bilər”.

E.Telmanoğlunun fikirlərinə görə, ancaq Türkiyənin vasitəçilik imkanlarının güclənməsi avtomatik olaraq sülh prosesinin yaxınlaşması demək deyil: “Bunun üçün Moskva və Kiyevin Ankaranın vasitəçiliyinə və təklif etdiyi danışıqlar formatına real siyasi maraq göstərməsi lazımdır. Buna görə də Ərdoğan–Putin görüşünü Türkiyənin sülh danışıqlarında yenidən əsas diplomatik mərkəzə çevrilmək cəhdi kimi qiymətləndirmək mümkündür. Ankara bu prosesi uğurla davam etdirə bilsə, Türkiyənin həm Rusiya–Ukrayna münasibətlərində, həm də Qara dəniz təhlükəsizlik arxitekturasında siyasi çəkisi daha da arta bilər”.

Röya İsrafilova