“Ukraynanın hava hücumlarını genişləndirməsi Rusiya üçün ciddi problemlər yarada bilər” Dünya

“Ukraynanın hava hücumlarını genişləndirməsi Rusiya üçün ciddi problemlər yarada bilər”

“Zelenskinin dünənki bəyanatı, əlbəttə ki, olduqca diqqətçəkicidir. Bu açıqlama onu göstərir ki, Ukrayna tərəfi son 5-6 ay ərzində Rusiya ərazilərinə intensiv zərbələr endirməklə Moskvanı kifayət qədər çətin vəziyyətə salıb”.

Bu fikirləri politoloq Oqtay Qasımov “xalqcebhesi.az”-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə qədər çata bilən çoxsaylı dronlardan istifadə etməsi Moskvanın hava məkanında ciddi təhlükəsizlik problemləri yaradır:

“Nəzərə alsaq ki, Ukrayna hər gün Rusiya ərazilərinə yüzlərlə dron göndərir və bu dronlar ölkə ərazisinin dərinliklərinə qədər uça, oradakı hədəflərə zərbələr endirə bilirlər, o zaman yaranmış vəziyyətin miqyasını təsəvvür etmək mümkündür. Ukrayna müharibəsi başlayandan Rusiya səması zaman-zaman müxtəlif təhdidlərə məruz qalıb”.

O.Qasımov qeyd edib ki, Rusiya hava məkanında yaranan təhlükələr mülki aviasiyaya da ciddi təsir göstərir:

“Biz bunun nümunəsini Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə bağlı hadisədə də gördük. Dron hücumları zamanı təyyarələrin uçuşları xeyli mürəkkəbləşir. Bu baxımdan Rusiya həm hava məkanı, həm də hava limanları baxımından ciddi təhdid altındadır”.

Politoloqun fikrincə, Zelenskinin son bəyanatı Ukraynanın bundan sonra Rusiya ərazisinə hücumların intensivliyini artıracağına dair mesaj kimi də qiymətləndirilə bilər:

“Bu açıqlama onu göstərir ki, Ukrayna bundan sonra Rusiya ərazilərinə daha çox sayda dron göndərməyi və daha intensiv zərbələr endirməyi planlaşdırır. Belə bir ssenari Rusiya hava məkanında xaotik vəziyyət yarada bilər. Çünki dron hücumları zamanı mülki aviasiyanın fəaliyyəti ciddi şəkildə məhdudlaşır və uçuşların təhlükəsizliyi ilə bağlı əlavə risklər meydana çıxır”.

O.Qasımov hesab edir ki, bunun Rusiya aviaşirkətlərinə və ölkənin beynəlxalq hava əlaqələrinə təsiri də ciddi ola bilər:

“Bu vəziyyət şübhəsiz ki, Rusiyanın həm daxili, həm də beynəlxalq uçuşları həyata keçirən aviaşirkətlərinə təsir göstərəcək. Uçuşların təxirə salınması, hava limanlarının fəaliyyətində fasilələrin yaranması və marşrutların dəyişdirilməsi aviaşirkətlər üçün ciddi problemlər yarada bilər. Eyni zamanda, Rusiyanın digər ölkələrlə hava nəqliyyatı əlaqələrinin də müəyyən çətinliklərlə üzləşməsi mümkündür”.

Politoloq vurğulayıb ki, Ukrayna Rusiya hava məkanını uzunmüddətli şəkildə iflic vəziyyətə salmağa nail olarsa, bu, müharibə baxımından ciddi hadisə sayıla bilər:

“Əgər Ukrayna Rusiya hava səmasını bu cür iflic vəziyyətə salmağa nail olsa, bu, kifayət qədər ciddi hadisə olar. Bu baxımdan Ukraynanın hava hücumlarını genişləndirməsi Rusiya hava məkanı üçün ciddi problemlər yaradacaq. Əsas məsələ isə bu hücumların hansı intensivlikdə və nə qədər müddət davam edəcəyidir”.

Günel Elxan