ABŞ–Səudiyyə nüvə sazişi uranın 20%-dək zənginləşdirilməsinə imkan yaradır Gündəm

ABŞ–Səudiyyə nüvə sazişi uranın 20%-dək zənginləşdirilməsinə imkan yaradır

Vaşinqton və Ər-Riyad arasında atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa dair saziş uranın 20%-dək zənginləşdirilməsi imkanını nəzərdə tutur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti baxılması üçün ABŞ Konqresinə göndərilən sənədin mətninə istinadən məlumat verib.

Nəşrin qeyd etdiyinə görə, saziş Səudiyyə Ərəbistanı ərazisində uranın zənginləşdirilməsinə avtomatik icazə vermir, lakin bir neçə il ərzində zənginləşdirmə obyektinin işə salınmasına şərait yaradacaq bir sıra mərhələləri əhatə edir. Sazişin şərtlərinə əsasən, iki il ərzində ABŞ və Səudiyyə rəsmiləri uranın zənginləşdirilməsinin "iqtisadi məqsədəuyğunluğunu" öyrənəcək və nüvə silahının yayılması risklərindən müdafiə tədbirlərini işləyib hazırlayacaqlar. Tərəflər zənginləşdirmənin zəruri olduğu qənaətinə gələrlərsə, Amerikanın şirkətləri xarici təchizatçıları ilə əməkdaşlıq çərçivəsində uranı 5%-dək zənginləşdirməyə imkan verən obyekt inşa edəcəklər. Qəzet yazır ki, gələcəkdə bu göstərici 20%-ə yaxınlaşa bilər.

Nəşr vurğulayır ki, sazişin mətni Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması və "İbrahim sazişləri"nə qoşulması tələbini ehtiva etmir.

Məryəm Quliyeva