Ərdoğan Ruhani ilə görüşüb Dünya

Ərdoğan Ruhani ilə görüşüb

İranla Türkiyə arasında təbii qazın alqı-satqısı mövzusunda yaranmış problemin həlli müzakirə olunub

Ankarada İran prezidenti Həsən Ruhani ilə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qapalı qapılar arxasında baş tutan görüş təxminən 1 saat 15 dəqiqə sürüb. Bundan sonra hər iki ölkə liderinin iştirakı ilə İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçirilib və birgə bəyanat yayılıb. Sənəddə İraq, Suriya Əfqanıstan və Fələstin məsələsi, İranın nüvə proqramı, sanksiyalar və müxtəlif mövzular öz əksini tapıb. Daha sonra Türkiyə baş naziri və İran prezidentinin birgə mətbuat konfransı olub.
R.T.Ərdoğan bildirib ki, Türkiyə və İran bölgənin ən köklü iki dövlətidir və dostluq əlaqələri bir çox ölkənin tarixindən daha keçmişə gedib çıxır: "Biz Türkiyə ilə İran arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, regional mövzuları, xüsusilə Suriya, İraq, və Misirdə baş verən prosesləri də müzakirə etdik. 2015-ci ilin sonuna kimi iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini 30 milyard dollara çatdırmaq istəyirik. İranla Türkiyə arasında təbii qazın alqı-satqısı mövzusunda yaranmış problemin həlli üçün nazirlərə lazımi tapşırıqlar verildi".
H.Ruhani isə öz növbəsində deyib ki, hər iki ölkə əlaqələrini artırmaq, regional və beynəlxalq əməkdaşlığı gücləndirmək istiqamətində qərar veriblər: "Biz hər iki ölkənin əlaqələrində inkişaf etdirilməsi vacib olan iqtisadi, siyasi, regional və beynəlxalq məsələləri müzakirə etdik. Eyni zamanda ikitərəfli əlaqələrimizi enerji sahəsində - qaz, neft və elektrik sahəsində inkişaf etdirməyə qərar verdik. Hər iki tərəfin məqsədləri əslində ortaqdır. Məsələn, İraq, Suriya və ya Şimali Afrika və beynəlxalq mövzularda. Nüvə məsələsində bizim düşüncələrimiz həmişə ortaqdır. Türkiyə nüvə məsələsində bizimlə həmişə əməkdaşlıq edib. Eyni zamanda radikalizm və terrorizmlə mübarizə mövzusunda hər iki ölkənin mövqeyi üst-üstə düşür". Ruhani bu səfərni iki ölkənin əlaqələrində bir dönüş nöqtəsi kimi dəyərləndirib.