İŞİD - İslam dünyasının başı üzərində qara kabusdur Dünya

İŞİD - İslam dünyasının başı üzərində qara kabusdur

Elşən Mustafaoğlu: "Dövlətimizin varlığı, dinimizin saflığı, və cəmiyyətimizin sabitliyi naminə dindən sui-istifadə edənlərin məkrli planları alt-üst edilməlidir"

Cavid

"İraq və Şam İslam Dövləti" (İŞİD) radikal dini terrorçu qruplaşmasının İraqın ikinci iri şəhəri olan Mosulu və bir sıra digər rayonları işğal etməsi dünya mətbuatının ən aktual mövzusuna çevrilib. Sıralarında dünyanın müxtəlif ölkələrindən olan radikal islamçıları birləşdirən qruplaşma ələ keçirdiyi ərazilərdə amansızlıqla kütləvi qətllər törədir, din adı ilə insanları qətlə yetirir. Üstəlik, İslam adı ilə törədilən bu qətllərin qurbanları da elə müsəlmanlar olur.
Son məlumata görə, İŞİD silahlılarının türkmənlərin sıx yaşadığı Mosulun Telafer yaşayış məntəqəsi yaxınlığında hərbi karvanı vurulub. İraq rəhbərliyinə aid hava hücumu qüvvələri qırıcılarla terrorçuların hərbi karvanına hücum etməsi nəticəsində 35 İŞİD üzvü məhv edilib.
Bundan başqa İraq Hava Qüvvələrinin Mosulda təşkil etdiyi hücumda da 10 İŞİD üzvünün öldüyü bildirilir. Hadisə şahidləri bildirib ki, döyüş təyyarələri şəhərin cənubundakı Əl Qazlani hərbi bazası da daxil olmaqla bir sıra məntəqələri hədəfə alıblar.
ABŞ prezidenti Barak Obama isə əvvəlcə İraqa hərbçi göndərməyəcəyini desə də, vəziyyətin ciddiliyini anlayaraq bölgəyə 275 hərbçinin göndəriləcəyini bəyan edib.
Göndəriləcək hərbçilər vəziyyət sabitləşənədək ABŞ-ın Bağdaddakı səfirliyi və Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün İraqda qalacaqlar.
Xatırladaq ki, İŞİD İraqın böyük şəhərlərindən olan Mosul və Tikriti ələ keçirib, hədəflərinin Bağdad olduğunu bildiriblər.
ABŞ-ın dövlət katibi Con Kerri isə İraqda baş verən prosesləri İranla müzakirə etməyə hazır olduqlarını söyləyib. Kerri Amerika mediasına açıqlamasında deyib ki, Obama hakimiyyəti hər keçən gün təhlükəsizlik məsələsi xoşagəlməz istiqamətə yönələn İraqdakı vəziyyəti İranla müzakirə etməyə hazırdır. İraqda İŞİD terror təşkilatının irəliləməsini dayandırmaq üçün İran-ABŞ hərbi işbirliyi potensialını nəzərdə tutmadıqlarını qeyd edən Kerri ABŞ-ın insansız uçan təyyarələrinin də çox yaxşı vasitə ola biləcəyini vurğulayıb: "İran bölgədəki gərginliyi zəiflətməyə və İraqın idarə edilməsində etibarlı yardımçı ola bilərsə, Vaşinqton Tehranla danışıqlara hazırdır".
Bu arada İŞİD-in sərvəti haqda maraqlı məlumat yayılıb.
İngiltərənin "Guardian" qəzetinin yazdığına görə İŞİD Mosula daxil olmamışdan iki gün əvvəl təşkilatın Əbu Haccar adlı üzvü İraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və sorğu-sual edilib. Orta Şərq üzrə müxbiri Martın Chulova görə, İraq təhlükəsizlik orqanlarının ələ keçirdiyi 160 daşına bilən kompüter yaddaşı İŞİD-in 2 milyard dollara yaxınlaşan sərvətinin olduğunu ortaya qoyub. Məlumata görə, Əbu Haccar sorğu-sual edilərkən İŞİD-in rəhbərliyindəki şəxslərin adlarını verib.
Sorğu zamanı "nə etdiyinizi bilmirsiniz, bu həftə Mosul cəhənnəmə dönəcək" deyən Haccarın təşkilatın rəhbərlərindən biri olan Abdülrəhman əl Bilavinin adını verib. İraq polisi onun evinə basqın edib. Bilavi öldürülərkən onun evindən 160 ədəd yaddaş kartı ələ keçirilib. İndiltərə nəşrinin yazdığına görə, basqın zamanı əldə edilən məlumatlarda İŞİD-in 75 milyon dollara sahib olduğu ortaya çıxıb. İŞİD Mosuldakı bank və digər soyğunlar zamanı da 1,5 milyard dollar ələ keçirdiyi təxmin edilir.
"Guardian" yazır ki, üç il əvvəl sıradan bir şəbəkə, qruplaşma mövqeyində olan İŞİD bu gün dünyanın ən zəngin terror təşkilatına çevrilib.
Keçmiş baş nazir köməkçisi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından Əbdüllətif Şənər İŞİD terrorçularının İraq və Suriyada döyüşdükdən sonra kabab yemək üçün Türkiyəyə keçdiklərini iddia edib. Türkiyə mətbuatı xəbər verir ki, Əbdüllətif Şənər jurnalistlərin gündəmlə bağlı suallarına cavab verərkən bunları söyləyib:
"Suriya və İraqda can, mal, namus təhlükəsizliyi tamamilə ortadan qalxıb. Türkiyə terrorçu qruplarla qonşu oldu. Baş nazirin yürütdüyü Orta Şərq siyasəti şikəstdir, səhvdir. İttifaq qurduğu təşkilatlardan biri sonunda gəldi, silahları bizə doğru yönəltdi. Mosulu və Türkiyənin baş konsolluğunu işğal etdi, burada olan 49 vətəndaşımızı, diplomatımızı əsir götürdü. Bu bəs etmədi, İraqda çalışan işçi və sürücülərimizi əsir götürdülər. Baş nazirin danışıqlarını diqqətli bir şəkildə izləyirəm. Az qala İŞİD-in adını ağzına alarkən "salavat" çevirəcək. Çox nəzakətli, çox incə. Sanki qarşısında min illik bir dövlət və diplomatiya təcrübəsi olan bir ölkədən, bir dövlətdən bəhs edərcəsinə böyük nəzakət göstərməyə diqqət göstərir. İndi hörmətli baş nazirdən soruşuram, bu əliqanlı terror təşkilatına qarşı göstərdiyi nəzakət ifadələri və üslub nəyin əsəridir? Hansı səbəbdən belə davranır? Dünya bu təşkilatı gəlmiş keçmiş ən əliqanlı təşkilat elan etmişkən, o, bu canilərə qarşı bu incə diplomatik üslubu nə üçün davam etdirir? Yoxsa, çox dərin işbirlikləri var keçmişində, keçmişdəki əməkdaşlığından xəcalətli olar deyə qorxur? Bu min illərdən bəri dövlət təcrübəsi olan Türkiyə cümhuriyyətinin baş nazirinin mənimsəyəcəyi üslub deyil".
Əbdüllətif Şənərin fikrincə, Türkiyə qəti mövqeyini ortaya qoymalıdır: "Bir an əvvəl vətəndaşlarımızın buraxılmasını istəyirik. Dünyanın dörd bir tərəfindən gələnlər Türkiyədən Suriya və İraqa keçir, Suriya və İraq ordusu ilə döyüşdükdən sonra yorulur və kabab yemək üçün Türkiyəyə gəlirlər. Türkiyənin ciddi bir risklə qarşı-qarşıyadır".
İlahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu da bildirib ki, guya İslam adına "cihad" edən İŞİD-in qurbanı məhz elə müsəlmanlardır: "İŞİD və bu qəbildən olan radikal terrorçu qruplaşma üzvlərinin etiqadına görə, onların əqidəsində olmayanlar və onlara beyət etməyən müsəlmanların da hamısı kafirdirlər. Qruplaşma açıq şəkildə bu "kafirləri" məhv edəcəyini və öz təsəvvürlərində olan teokratik dövlət quracaqlarını bəyan edir".
Elşən Mustafaoğlu qeyd edib ki, xeyli müddətdir Suriyada əraziləri zəbt edib, qətllər törədən bu terrorçu qruplaşma son aylarda nəzərəçarpacaq dərəcədə aktivləşib:
"Bəzilərinin, xüsusilə də son günlərdə özünə alim deyən bəzi şəxslərin, İraqda İŞİD-in hərəkətlərinə məzhəb donu geyindirməsi, guya orda sünniləri şiələrə qarşı müdafiə etməsi haqda iddiaları da gülüncdür və yenə də müsəlmanların qarşıdurmasını qızışdırmağa yönəlib. Belə ki, İŞİD neçə vaxtdır Suriyada hətta Əsəd hakimiyyətinə qarşı savaşan, sünni, hətta özü kimi sələfi əqidəsinə mənsub olan digər silahlı müxalifət və qruplaşmalarla da döyüşlərə girir, onların üzvlərini də "kafir" elan edərək vəhşicəsinə öldürür, başlarını kəsir. Maraqlı da budur ki, bu qruplaşma həmin digər müxalif qruplarla döyüşlərdə çox vaxt qalib gəlir. Müasir silah-sursata, geniş maliyyə imkanlarına və yaxşı hərbi təlim keçmiş döyüşçülərə malik olan bu qruplaşma eyni zamanda iki dövlətin - Suriya və İraqın silahlı qüvvələrilə, üstəlik, digər silahlı qruplaşmalarla savaşır və getdikcə bu savaşın coğrafi miqyası genişlənir. Bu isə şübhə doğurmur ki, İŞİD-in arxasında kifayət qədər güclü qüvvələr dayanır və həmin qüvvələr bu qruplaşmanın fəaliyyət trakyektoriyasını genişləndirmək qərarına gəliblər.
Onu da bildirək ki, İŞİD üzvləri sosial şəbəkələrdə çağırışlar yayaraq tezliklə Azərbaycan və Türkiyə ərazisində də "İslam dövləti" quracaqlarını bəyan ediblər. Onlar həmçinin Azərbaycan və Türkiyənin dövlətin xəritəsi və bayraqlarını qara fonda təqdim ediblər.
Bütün bunlar göstərir ki, artıq təhlükə bizim ölkəmizin "qapısını döyməkdədir" və təbii ki, Azərbaycan vətəndaşları olaraq bizlər bu hadisələri kənardan seyrçi kimi izləyə bilmərik. Xüsusilə nəzərə aldıqda ki, İŞİD-in tərkibində xeyli sayda soydaşımız da savaşır, üstəlik sosial şəbəkələrdə bu radikal islamçı qruplaşmanı dəstəkləyənlər var".
İlahiyyatçı bildirib ki, bəzi hallarda hətta media vasitəsilə birbaşa və ya dolayı yolla İŞİD-in cinayətlərinə don geyindirənlər, onu müdafiə edənlər də tapılır:
"Qəribədir ki, adətən qərbyönümlü və dünyəvi mövqedən çıxış edən belələri onları "mücahid" kimi təqdim edərək, bir növ radikal islamçı İŞİD-in təbliğatçılarına çevrilirlər".
İlahiyyatçının sözlərinə görə, sosial şəbəkələri izlədikdə son olayların fonunda ölkəmizdəki radikal təkfirçi islamçıların da aktivləşdiyinin şahidi oluruq: "Onlar açıq şəkildə dövlətimizi və milli-mənəvi dəyərlərimizi hədəfə alır, xalqı "kafir" elan edir, dini-məzhəbi zəmində nifrət hissi aşılayır, ən təhlükəlisi isə zorakılığa çağırışlar edirlər. Dəhşətli haldır ki, 21-ci əsrdə bir insan digər insanın əqidəsini təftiş edir və onunla eyni dini görüşə sahib olmadığı təqdirdə, qətlinə hökm çıxarır. Beləliklə də, din cəmiyyətdə sülh və əmin-amanlığı, sabitliyi, asayişi təmin etmək əvəzinə, belələrinin əlində zorakılıq, qarşıdurma və təxribatçılıq alətinə çevrilir. Bu isə, bütövlükdə milli təhlükəsizliyimizi təhdid edir".
Bir müddət əvvəl ölkədə dini radikalizmə qarşı aparılan geniş kampaniyanın şahidi olduğumuzu vurğulayan E.Mustafaoğlu deyib: "Ekstremist təmayüllərin qarşısının alınması istiqamətində aparılan bu kampaniya və görülən bu tədbirlər təqdirəlayiq idi. Amma son vaxtlar sanki bu kampaniya səngiyib. Doğrudur, ara-sıra müxtəlif bəyanatların şahidi oluruq, amma məsələ bəyanat müstəvisindən daha ciddi olduğundan, dini radikalizm və ekstremizmə qarşı mübarizə də ardıcıl və davamlı xarakter daşımalıdır. İraqda baş verən son hadisələr artıq bunu zərurətə çevirir. Gizli deyil ki, ölkəmizi də İraq və Suriyaya çevirmək istəyənlər var. Bu qara niyyətlərin qarşısında bütün cəmiyyətimiz əl-ələ verib birləşməli, dindən sui-istifadə hallarının qarşısını almalı, məkrli planları alt-üst etməlidir. Dövlətimizin varlığı, dinimizin saflığı, və cəmiyyətimizin sabitliyi naminə".