Suriyada 682 jurnalist öldürülüb Dünya

Suriyada 682 jurnalist öldürülüb

2011-2018-ci illərdə Suriyada 682 jurnalist qətlə yetirilib. BMT-nin Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) Suriyada media nümayəndələrinin fəaliyyəti ilə bağlı son hesabatını açıqlayıb. Hesabatda son illərdə bu ölkədə jurnalist ölümlərinin sayının artdığına diqqət çəkilir. Bildirilir ki, son 7 ildə öldürülən 682 jurnalistin 8-i əcnəbi olub. Hesabatda qeyd edilən tarix ərzində İran tərəfindən dəstəklənən silahlı qruplaşmalar və Bəşər Əsəd ordusu tərəfindən 5-i əcnəbi olmaqla 538 jurnalistin öldürüldüyü diqqətə çatdırılıb.
Rusiya ordusunun hərbi əməliyyatlarında həlak olan media nümayəndələrinin sayı isə 18 nəfərdir. İŞİD-in terror aktları nəticəsində 67, YPG və PKK terror təşkilatlarının hücumlarında isə 4 jurnalist həyatını itirib. Suriyalı müxaliflərin iştirak etdiyi döyüşlərdə 25 jurnalist həlak olub. Əsədə qarşı döyüşən "Heyət Təhrir Şam" qruplaşması 5, ABŞ liderliyindəki anti-İŞİD koalisiyası və digər qruplaşmalar isə ümumilikdə 27 jurnalistin həyatına son qoyub.
Hesabata görə, qətlə yetirilən jurnalistlərin 37 nəfəri işgəncə görüb. Hesabatda həmçinin qeyd edilir ki, 2011-ci ildən bu günədək Suriyada 1116 jurnalist əsir alınıb ki, onların 33 nəfəri əcnəbi KİV nümayəndəsidir. Bəşər Əsəd qüvvələri 833, YPG və PKK 56, suriyalı müxaliflər 64, İŞİD 67, "Heyət Təhrir Şam" 55, digər qruplaşmalar isə 41 jurnalisti əsir götürüb.