İŞİD Türkiyənin başağrısına çevrilir Dünya

İŞİD Türkiyənin başağrısına çevrilir

Qərb Türkiyəni yeni bir Yaxın Şərq macərası ilə üz-üzə qoymağa çalışır

"İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqdakı fəaliyyəti Türkiyəyə də təhlükəsi yaratmaqdadır. ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton da bildirib ki, İŞİD böhranı Türkiyə və İrana keçə bilər. Bu fikri H.Klinton "Çətin seçim" (Hard Choices) adlı kitabının təqdimat mərasimində deyib.
CBC kanalına müsahibəsində Klinton vurğulayıb ki, ABŞ son baş verənlərdən sonra İraqın baş naziri Nuri əl-Malikinin addımlarından razı deyil. İŞİD-n artıq regionu təhdid etdiyini düşünən Klinton vurğulayıb ki, hazırda İraqın əsil problemi elə Malikidir.
Bu arada İraqda baş nazir Nuri əl-Malikinin lideri olduğu partiyanın funksionerlərindən olan, Züheyr əl Nahər AKP hakimiyyətini İŞİD-ə dəsək verməkdə ittiham edib.
BBC-yə açıqlamasında Nahər Türkiyənin İŞİD və başqa qruplara dəstək verdiyini iddia edib: "Bizim istədiyimiz odur ki, Türkiyə İŞİD və başqa qruplara dəstəyini dayandırsın. Türkiyə onların bölgədə sərbəst dolaşmasına imkan verir, silah daşımalarına göz yumur. İraq hakimiyyəti bəzi ölkələrin İŞİD-ə dəstək verdiyini bilir. Türkiyə Suriyada İŞİD və başqa qruplara pul və silah yardımı edib. Bu yardımlar isə onların sərhədi keçmələrini asanlaşdırdı".
Əl-Nahər Suriyadakı hadisələrin İraqa keçməsində bölgə ölkələrini, xüsusi ilə də Türkiyəni suçlayır.
Maraqlıdır ki, İraqda şəhərləri bir-birinin ardınca tutduğu bir vaxtda Türkiyənin Nazirlər Kabineti diqqətçəkici və mübahisəli qərar verib. Bu ölkənin Nazirlər Kabinetinin son iclasında "Əl-Qaidə"nin İraq qanadı olan "Əl Nusra briqadası" terror təşkilatları siyahısından çıxarılıb. Hökumətin qərarına əsasən, yeni siyahıda Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən "Əl Nusra Cəbhəsi", "The Victory Front" adlı qruplaşmaların da adı yer almayıb. İŞİD isə siyahının son versiyasına daxil edilib.
İŞİD isə Türkiyəni açıq şəkildə hədələməyə başlayıb. Hətta Türkiyə hökumətinin qarşısında şərt qoyan terrorçular girov götürdükləri Türkiyə vətəndaşı olan TİR sürücülərini öldürməklə hədələyib. Onlar Türkiyə tərəfinə mesaj göndərərək bildiriblər ki, sürücülərin azad edilməsi üçün 5 milyon dollar fidyə verilməlidir. Terrorçular pulların verilmədiyi təqdirdə hər gün bir türk sürücünü öldürəcəklərini bəyan edib.
Xatırladaq ki, İŞİD bir neçə gün bundan əvvəl Türkiyəyə məxsus 32 neft daşıyan yük maşınının sürücülərini girov götürmüşdü. Terrorçular Türkiyənin Mosuldakı Baş Konsulluğunun diplomatlarını sərbəst buraxsa da sürücüləri azad etməyib.
Politoloq Ərəstun Oruclu hesab edir ki, Türkiyənin "Əl Nusra briqadası" qruplaşmasını terror təşkilatları siyahısından çıxarması onu çətin duruma sala bilər. Onun sözlərinə görə, eyni zamanda digər dövlətlər tərəfindən Türkiyə terroru dəstəkləməkdə ittiham oluna bilər ki, bu da dövlət üçün bir o qədər də ürəkaçan məsələ deyil: "Digər tərəfdən, buna cavab olaraq, bəzi dövlətlər PKK-nın terrorçu təşkilatlar siyahısından çıxarılması məsələsini gündəmə gətirə bilərlər. Bunun özü də heç yaxşı hal deyil. Həm də ola bilər ki, sadəcə, Türkiyə təklənmiş duruma düşə bilər. Başa düşürəm ki, Türkiyənin indiki xarici siyasətində müəyyən istiqamət dəyişiklikləri baş verir. Türkiyə bu gün daha çox bir sıra Körfəz ölkələri, eyni zamanda Rusiya ilə əməkdaşlığa meyilli görünür. Amma fikrimcə, belə bir addımın atılması, yəni "Əl Nusra briqadası" qruplaşmasının terror təşkilatları siyahısından çıxarılması artıq Türkiyənin Qərb ölkələri, NATO-dakı tərəfdaşları ilə faktiki olaraq açıq konfrantasiyaya getməsidir. Ciddi fikir ayrılığının gündəmə gəlməsi istənilən halda Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu zəiflədəcək".
Ə.Oruclu deyib ki, bu gün bütün dünyanın diqqətini çəkmiş İŞİD məsələsində də dolayısı ilə Türkiyəni ittiham edə bilərlər: "İstisna etmirəm ki, bu, belə də olacaqdır. Artıq bu barədə söz-söhbətlər var idi, amma hər halda Yaxın Şərq bölgəsində ciddi dəyişikliklərin şahidi oluruq. İndiki məqamda hansısa qeyri-çevik siyasi addımlar Türkiyəni dövlət kimi çox ciddi problemlərlə üzləşdirə bilər. Təəssüf ki, Türkiyənin siyasi hakimiyyəti getdikcə bütün addımlarında daha da radikallıq nümayiş etdirir".
Politoloq Vüqar Zifəroğlunun fikrincə isə, İŞİD-in birdən birə bu cür hər iki cəbhə üzrə - həm Suriya, həm də İraq - hücuma keçməsi fonunda baş verən proseslərə nəzər yetirdikdə, mənzərə tam olaraq göz önündə canlanmış olur: "Əsədin özünü prezident seçdirməsindən ardınca, İran prezidenti Ruhaninin Türkiyəyə səfəri, bununla paralel olaraq Qərbin Rusiyanın qaz asılılığından xilası istiqamətində yeni alternativ yollarla bağlı müzakirələrin aparılması, Türkiyənin artıq nə zamandır ki, Maliki iqtidarına məhəl qoymadan şimaldakı kürd yönətimi ilə birbaşa danışıqlara gedərək orada yerləşən yataqlarla bağlı razılaşmalara nail olması, gündəmə ehtimal olunan "Ankara-Tehran-Şimali İraq" razılaşması ilə bağlı ehtimalların oturması... Əslində bütün bu faktorlar əsas hədəf kimi Türkiyə konsulluğu və Mosulun seçilməsinin səbəblərinə aydınlıq gətirə biləcək məsələlər kimi qəbul edilə bilər. Türkiyənin İranla yaxınlaşması, ard-arda düzənlənən səfərlər və İraqın Şimalında yanacaqla bağlı Türkiyənin əldə etdiyi dividendlər, Qərbin hesabları ilə üst-üstə düşmür. Qərb eyni zamanda Ankaranın Əsəd rejimi ilə mübarizədə bəzi İslami silahlı qruplaşmaların fəaliyyətinə göz yumduğunu və hətta onları bəzən altdan dəstəklədiyini də bağışlamaq istəmir. Məsələn, bu günlərdə məşhur "Economist" dərgisinin İŞİD-in İraqda irəliləməsini "vaxtilə Türkiyənin Əsədə qarşı olduğu üçün keçən ilə qədər qruplaşmanın aktiv fəaliyyətinə göz yumması" ilə əlaqələndirməsinə diqqət çəkmək kifayətdir. Rasmussenin mövqeyi də, faktiki olaraq Türkiyəni yeni bir Yaxın Şərq macərası ilə üz-üzə qoymaq mənasına gəlir".