Ukraynada antiterror əməliyyatlarının yeni mərhələsi Dünya

Ukraynada antiterror əməliyyatlarının yeni mərhələsi

Poroşenko ölkənin müdafiə nazirini və Baş Qərargah rəisini dəyişdi
Slavyanskın separatçılardan təmizlənməsinə start verilib, ordu "Smerç" raket sistemlərindən istifadə edir

Srağagün Ukrayna, Rusiya, Fransa və Almaniyanın xarici işlər nazirləri Ukrayna hökuməti və Rusiya tərəfdarı separatçı qüvvələr arasında atəşkəsin bərpası məqsədilə müzakirələrin şənbə günündən gec olmayaraq başlanması haqda razılıq əldə ediblər.
Dörd ölkənin baş diplomatları Berlində danışıqlardan sonra açıqlanan bəyanatda bildiriblər ki, Ukrayna, Rusiya və separatçıların nümayəndələri arasında danışıqların əsas məqsədi ATƏT tərəfindən monitorinq ediləcək qeyd-şərtsiz və qarışılıqlı şəkildə davamlı atəşkəsin əldə edilməsindən ibarətdir.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko birtərəfli qaydada iyunun 20-də atəşkəs elan edib bir həftədən sonra onun müddətini daha üç gün uzatmışdı. Bəzi separatçı liderlərin Kiyevlə paralel olaraq atəşkəsə əməl ediləcəyini bildirməsinə baxmayaraq, Ukrayna hökuməti üsyançıların atəşkəs rejimini 100 dəfədən artıq pozduğunu bəyan edib. Poroşenko isə atəşkəsin müddətinin ikinci dəfə uzadılmasına razı olmayaraq, Ukraynanın şərqində hərbi əməliyyatların bərpa edib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andriy Lısenko hərbi əməliyyatların başlandığı ilk gün 24 saat ərzində hərbi qüvvələrin 5 nəfər itki verdiyini, 21 nəfərin isə yaralandığını, şiddətli döyüşlərdə yüzlərlə terrorçunun məhv edildiyini açıqlayıb.
Lısenkonun sözlərinə görə, hökumət qüvvələri üç ərazidə nəzarəti ələ alıb və separatçıların 120 obyektinə zərbələr endirib, separatçılar isə hərbi maşın karvanına, yoxlama məntəqələri və mövqelərə 19 hücum təşkil edib.
Məlumata görə dünən Ukrayna anti-terror qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində separatçıları daşıyan hərbi maşın karvanı məhv edilib.
Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçukn sözlərinə görə, terrorçuları daşıyan 5 "KamAZ" vurulub. Separatçılar tərəfdən itkilərin sayı məlum deyil.
Slavyansk vilayəti ətrafında gedən döyüşlərdə Ukrayna ordusunun "Smerç" raket sistemindən istifadə etdiyi bildirilir. Açılan atəş nəticəsində bir neçə çoxmərtəbəli bina dağılıb. RİA "Novosti" xəbər verib ki, dağıntılar altında insanların qaldığı ehtimal olunur.
Bundan başqa Nikolayevsk işıq-elektrik stansiyasında yanğın baş verib. Ukrayna Silahlı Qüvvələri Nikolayevsk küçələrinə tankları cəlb ediblər, separatçıların bir hərbi texnika vurduqları bildirilir.
Luqanskda isə bir kəndin artilleriya atəşi nəticəsində dağıldığı barədə məlumatlar yayılıb. Rusiya mənbələrinin xəbərinə görə, Ukraynanın vilayətinin bir kəndinin artilleriya atəşinə məruz qalması nəticəsində 10-dan çox insan ölüb, kəndin mərkəzindəki bir neçə küçədə evlər dağılıb. 15 min nəfərin yaşadığı kəndin milis bölməsi, məhkəmə binası yerlə yeksan olub.
Ukrayna ordusu dünəndən etibarən Slavyanskın azad edilməsinə başlayıb. Anti-terror qüvvələri Slavyansk şəhərinin Nikolayevka kəndi yaxınlığında separatçıların blok-postunu darmadağın ediblər. Bu barədə 25-ci əlahiddə Dnepropetrovsk hava-desant briqadasının zabitlərindən biri yerli KİV-lərə bildirib.
Ukraynanın daxili işlər naziri Arseni Avakov hazırda aparılan anti-terror əməliyyatlarının hazırlığına və nəticələrinə aydılıq gətirib. O, aprılan döyüşlərin ümümi nəticələrindən razı qaldığını ifadə edib. Avakov bildirib ki, əgər bir müddət əvvəl Ukrayna ordusu indiki kimi mütəşəkkil və təhcizatlı olsaydı, Putin Krımı ala bilməzdi. O, daha sonra ordudakı texnikanın müasirliyi və sayına aydınlıq gətirərək, bu yöndə lazımı addımların atıldığını diqqətə çatdırıb.
Bəzi məlumatlara görə, ordunun bütün istiqamətlərdə hücuma keçməsi separatçılar arasında parçalanmaya səbəb olub. Ukrayna təhlükəsizlik orqanlarının verdiyi məlumatda ayrı-ayrı qruplara bölünən separatçıların bəzilərinin təslim olmaq istədikləri bildirilir. Ukrayna Terrorla Mübarizə Əməliyyatları sözçüsü Aleksey Dmitraşkovskiy açıqlamasında bölgədəki separatçıların ikiyə bölündüyünü və bir hissəsinin silahlarını buraxaraq mühasirə altından çıxmaq istədiyini, digərlərinin isə sülhə qarşı olduqlarını vurğulayıb.
Xatırladaq ki, qondarma Donetsk "xalq respublikasının" "baş naziri" Aleksandr Boroday isə siyasi tələblərdən imtina etməyə razı olduğunu və danışıqlara başlaya biləcəklərini deyib.
Hərbi əməliyyatların bərpa olunmasının ikinci günü isə ölkənin müdafiə naziri dəyişdirilib. Ukrayna Ali Radası general-polkovnik Valeri Qeleteyi bu posta təyin edib. General-polkovnik V.Qeleteyi ölkənin müdafiə naziri postuna təyin etmək təlifini Ali Radaya Ukrayna prezidenti Pyotr Poroşenko təklif edib. Müdafiə naziri vəzifəsindən çıxarılan Koval Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini təyin edilib.
Poroşenko qeyd edib ki, ölkənin güc strukturlarının rəhbərliyində sistemli dəyişikliklərlə bağlı bir sıra qərarlar qəbul edib. Prezidentin fikrincə, hərbi əməliyyatlar çərçivəsində güc strukturlarının güclənməsinə və sistemli islahatlara ehtiyac var. Dövlət başçısı qeyd edib: "Bu gün bizim antiterror əməliyyatlarının keçirildiyi zonada səmərəli fəaliyyət üçün qətiyyətli və peşəkar hərbçilərə ehtiyacımız var. Güc strukturlarında kadr təyinatları haqqında qərar qəbul edərkən peşəkarlıq, qətiyyət və fədakarlıq prinsiplərindən çıxış etmişəm".
Bundan başqa Ukrayna prezidenti Baş Qərargah rəisini də dəyişib. Bu vəzifəyə general-leytenant Viktor Mujenko təyin edilib.
Qeyd edək ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin olunan Mujenko bundan əvvəl Baş Qərargah rəisinin müavini vəzifəsini tutub. O, şərqdəki hərbi əməliyyatlarda əsgərlərlə birlikdə bilavasitə iştirak edərək məşhurlaşıb.
Dövlət başçısı onu da bildirib ki, əməliyyatların koordinasiyası və güc strukturlarının idarəetmə səviyyəsinin yüksəldilməsi üçün Yuri Kosyuk Prezident Administrasiyası rəhbərinin bu sahə üzrə birinci müavini təyin edir.
Qeyd edək ki, Ukrayna Baş Qərargahının əvvəlki rəisi Mixail Kutsin anto-terror əməliyyatı zamanı kontuziya alıb. Poroşenko Ali Radada çıxışında bu barədə məlumat açıqlayıb:
"Kutsin beyin silkələnməsindən kontuziya alaraq hospitala yerləşdirilib. Ona döyüş tapşırığını layiqincə yerinə yetirdiyi üçün təşəkkür edirəm".
Lakin Ukraynanın yeni müdafiə nazirinin Ali Radada təqdimatı zamanı ölkə prezident Poroşenko ilə Regionlar Partiyasından olan deputat Yelena Bondarenko arasında əsl qalmaqal yaşanıb. Ukrayna mətbuatı xəbər verir ki, dövlət başçısı silahlı qüvvələrin qarşısında duran vəzifələrdən danışan zaman parlament üzvü yerdən, "ordu körpələrimizi öldürür", - deyə replika atıb.
Bu fikirlərə, olduqca sərt şəkildə təpki göstərən Poroşenko bildirib ki, bundan sonra heç kəsə Ukrayna ordusunu qaralamağa imkan verməyəcək. Prezident əlavə edib ki, bəzi deputatlar Rusiyanın təbliğatını apardığından ölkənin şəhər və qəsəbələrində hələ də günahsiz qanlar tökülür.
Parlamentdə çıxış edən Ukraynanın yeni müdafiə naziri Valeri Qeletey Rusiyanı hədələyib. Yeni nazir tezliklə Sevastopolda qələbə paradı keçirəcəklərini deyib: "Mən söz verirəm ki, sizin dəstəyinizlə ölkəmizin təhlükəsizliyi naminə mümkün olan hər şeyi edəcəm. Əminəm ki, Ukrayna qalib gələcək və Sevastopolda qələbə paradı keçirəcəyik".

CƏMİL