Eduard Şevardnadze vəfat etdi Dünya

Eduard Şevardnadze vəfat etdi

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze 86 yaşında Tbilisidə vəfat edib. Şevardnadzenin ölüm xəbərini Rusiyanın İTAR-TASS agentliyi yayıb.
Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də Lançxuti rayonunun Mamati kəndində (Qərbi Gürcüstan) anadan olub. Tiflis Tibb Texnikumunda oxuyub. 1959-cu ildə Kutaisi Pedaqoji İnstitutunu bitirib.
1946-cı ildən komsomol və partiya işində çalışıb. 1961-ci ildən 1964-cü ilə qədər Mtshete, daha sonra Tiflisin Bir May Rayon Partiya komitələrinin birinci katibi olub.
1964-1972-ci illərdə əvvəlcə ictimai qayda-qanunun müdafiəsi nazirinin birinci müavini, sonra Gürcüstanın daxili işlər naziri işləyib.
1972-ci ildən 1985-ci ilə qədər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.
1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri işləyib və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olub. SSRİ Ali Sovetinin 9-11-ci çağırışının deputatı seçilib.
1991-ci ildə SSRİ-də dövlət çevrilişinə, hərbi diktaturanın tətbiq edilməsinə etiraz olaraq Kommunist Partiyası sıralarından uzaqlaşıb.
1992-ci ildən Gürcüstan Respublikasına rəhbərlik edib - əvvəlcə Dövlət Şurasının sədri, sonra Gürcüstan parlamentinin və Dövlət Müdafiə Şurasının sədri (1992-95) kimi.
1995-ci ildə Gürcüstanın prezidenti seçilib.
2000-ci il seçkisində yenidən Gürcüstanın prezidenti postunu tutub.
2003-cü ilin payızında inqilab nəticəsində istefa verib.