İrandan Rusiyaya doğru daha bir addım Dünya

İrandan Rusiyaya doğru daha bir addım

Tehran təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari noyabrın 5-də Rusiya Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskaryovla görüşüb. Görüşdə ikitərəfli təhlükəsizlik müqaviləsini yekunlaşdırma və kiber təhlükəsizlik və terrorla mübarizə, habelə sazişin narkotiklərin yayılmasına qarşı mübarizə və qeyri-qanuni miqrasiyaya dair əsas aspektləri vurğulanıb.
"Strateq" "Əl-Monitor"a istinadən yazır ki, belə bir razılaşmanın imzalanmasında İranın hədəflərindən biri, xüsusilə Əfqanıstan, İraq və Suriyadan gələn təhdidlər nəzərə alınaraq, daxili təhlükəsizliyini artırmaqdır. Bu, transmilli əməkdaşlıq tələb edir. İran – bölgədə təsirə malik və ümumi təhlükəsizlik qayğılarını bölüşən ölkə üçün Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etmə öz təhlükəsizlik tədbirlərinin təsirini artırmağa kömək edə bilər.
Tehran və Moskva keçmişdə bir neçə təhlükəsizlik sənədi imzalayıb. Bunlar arasında 2013-cü ilin yanvarında İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar və Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin narkotik maddələrin yayılmasına və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə birgə tədbirlərə dair sənəd də var. Regional və beynəlxalq inkişafları nəzərə alaraq, yeni müqavilə daha genişdir və beynəlxalq terrorizmlə mübarizə zərurətinə daha çox diqqət yetirir.
İŞİD strukturunun dağılmasından sonra dünyanın müxtəlif yerlərində terrorizm halları azalsa da müxtəlif ölkələrin kəşfiyyat və analitik hesabatları İŞİD-in hücum potensialını hələ də yüksək səviyyədə görür. Tehran və Moskvanın təhlükəsizlik əməkdaşlığını genişləndirmək arzusu son illərdə daha çox transmilli ölçülü narkotik traffiki və terrorun artan təhlükəsinə qarşıdır. Əfqanıstan və Yaxın Şərq İran və Rusiyanın maraqlarına təsir edən bu təhdidlərin əsas mənbəyidir.
BMT-nin Narkotik Ticarəti və Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına görə, 2016-cı ilə nisbətdə 2017-ci ildə Əfqanıstanda tiryək istehsalının həcmi 63 faiz artıb (201 min hektardan 328 min hektara qədər). 2016-cı illə müqayisədə (4,8 min ton) 2017-ci ildə narkotik maddələr istehsalda da yüksəlib – 9 min ton. "Taliban" narkotiklərin istehsalı və ixracatında iştirak edən əsas elementlərdən, İran və Rusiya isə əsas ixrac istiqamətlərindən biridir.
Son beş ildə İranda müsadirə olunan qaçaqmalçı narkotik maddələrin miqdarı təxminən 15% yüksəlib. İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, 2017-ci ildə İranda 785 ton narkotik maddə müsadirə edilib, onun əsas hissəsi isə (24 ton heroin) region ölkələri və Avropaya ixrac edilirmiş. Rusiya dünyanın ən iri heroin bazarıdır və illik 75-80 ton heroin Əfqanıstandan qaçaqmalçılıq yolu ilə bu ölkəyə aparılır. Səhiyyə Nazirliyi və Rusiya Federal Narkotik Nəzarət Xidmətindən alınan statistik məlumatlara görə, ölkədə təxminən 7,3 milyon narkoman var.
Transmilli terrorizm də Tehran və Moskva üçün bir çox ümumi narahatlıqlar yaradıb. İrandakı son terror hücumları bunun nümunəsidir. 2017-ci ilin iyununda Tehranda parlament binasına hücum zamanı 23 adam ölüb və 2018-ci ilin sentyabr ayında Əhvaz şəhərindəki hərbi parada hücum 25 adamın həyatını itirməsi ilə nəticələnib. Bununla yanaşı, Rusiyada 2016 və 2017-ci illərdə terror hücumlarında müvafiq olaraq 64 və 36 nəfər qətlə yetirilib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkədəki terror hücumlarının sayının 2010-cu ildə 779 hadisədən 2017-ci ildə 24 hala düşdüyünü bildirsə də, Rusiya və ya İranda belə hücumların olma ehtimalı hələ də yüksəkdir. Hər iki ölkədə transmilli təhlükəyə effektiv sipər – hərbi və təhlükəsizlik əməkdaşlığı olmadan təhdidin qaldığı başa düşülür. Bu ümumi təhdid hissləri iki ölkənin Suriyadakı hərbi-təhlükəsizlik əməkdaşlığının bir səbəbidir. Əməkdaşlığı daha da möhkəmləndirmək üçün tərəflər hərbi razılaşmalar imzalayıb. Onlardan biri – 2015-ci ilin yanvarında İranın müdafiə naziri Hüseyn Dehqan və rusiyalı vəzifədaşı Sergey Şoyqu arasında imzalanıb. Bu hərbi saziş təhlükəsizlik və sabitliyin qorunması, terrorizm, separatçılıq və ekstremizmlə mübarizədə əməkdaşlığın vacibliyini vurğulayır.
Eyni çərçivədə yeni təhlükəsizlik razılaşması mövcud siyasi və hərbi əməkdaşlıq sənədlərini tamamlayır. İki ölkənin təhlükəsizlik və hərbi qurumlarını birləşdirərək, yeni müqavilə təhlükəsizlik əməkdaşlığı üçün daha uyğun bir quruluş təmin edə bilər. İmzalandıqda və həyata keçirildikdə, xüsusilə narkotik ticarəti və terrorizmin yayılmasına qarşı mübarizədə tərəflər daha mütəşəkkil və geniş bir şəkildə əməkdaşlıq edə bilərlər.
Bundan başqa, Tehranın müqaviləni imzalama məqsədi yalnız daxili təhlükəsizliyini yaxşılaşdırmaq deyil, həm də Moskva ilə ikitərəfli əməkdaşlığı genişləndirməkdir. Regional səviyyədə İran Rusiyanın Yaxın Şərq və Əfqanıstanda potensialını daha effektiv və daha öngörülə bilən şəkildə istifadə etməyə çalışır. Tehran bu razılaşmalara nail olmaqla ikitərəfli müqaviləni Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlara qədər genişləndirir.
Bu iki səviyyədə Moskva ilə münasibətləri təşviq etməklə, Tehran, həmçinin Donald Tramp administrasiyasının birtərəfli sanksiyaları da daxil olmaqla, ABŞ-ın təzyiqlərini azaltmaq üçün Rusiyanın beynəlxalq potensialından istifadə etməyə çalışır. Tehran və Moskvanın xarici siyasətə sərt yanaşmasını nəzərə alaraq, İran digər tərəflərlə əlaqələri gücləndirmək üçün Rusiya ilə təhlükəsizlik əməkdaşlığını istinad nöqtəsi kimi görür.