NATO və Qərb ölkələri Ukraynanı silahlandıracaq Dünya

NATO və Qərb ölkələri Ukraynanı silahlandıracaq

Kerç böhranı Trampla Putinin Argentinada nəzərdə tutulan görüşünün üstündən birdəfəlik xətt çəkdi. Bunu ABŞ Prezidenti Donald Trampın G20 sammitində rusiyalı həmkarı ilə görüşdən imtina etməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Trampın bu davranışını haqlı sayıb və bunu Kerç böhranından sonra təhlükənin Avropaya keçməsi ehtimalı ilə əlaqələndirib: "Avropalılar Rusiyanın dayandırılmasının vacibliyini Kerç böhranından sonra daha yaxşı başa düşdülər. Artıq Avropa ölkələri, Kanada və ABŞ da Putindən əllərini üzüblər. Qərb üçün Putinin bundan sonra daha konstruktiv bir siyasətçiyə çevrilməsi və dünya nizamında pozitiv davranışlar sərgiləməsi mümkünsüz görünür. Bu səbəbdən də Rusiyaya qarşı sərt tədbirlərin görülməsi gündəmdədir. Almaniya kansleri Angela Merkel də açıq şəkildə Rusiyanın hər addımda beynəlxalq hüquq normalarını pozduğunu bəyan etdi. Moskvaya qarşı tədbirlər sırasında ön yerdə öldürücü sanksiyalar durur. Belə ki, dünya maliyyə sistemi - SVİFT-dən uzaqlaşdırılması Rusiyanın xaricdə olan pullarını təhlükəyə atacaq, eyni zamanda, bir çox sövdələşmələri təxirə salacaq. İkinci mərhələdə isə Rusiya iqtisadiyyatını çökdürəcək genişmiqyaslı sanksiyalar nəzərdə tutulur. 10 ildir ki, Rusiya iqtisadiyyatında heç bir irəliləyiş yoxdur, əksinə, geriyə doğru hərəkətlənmə var. Kerç böhranına görə qüvvəyə minəcək yeni sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi tənəzzül dövrünü yaşayacaq".
Q.Hüseynli məsələnin hərbi aspektlərinin də gündəmdə olduğunu vurğulayıb: "Söhbət NATO-nun tərkib hissəsini təşkil edən yeni qoşun növlərinin Rusiya-Avropa sərhədləri boyunca Baltik dənizindən Qara dənizə qədər yerləşdirilməsindən gedir. Hətta Avropadan yığışdırılan orta mənzilli nüvə raketləri də yenidən qitəyə qayıdacaq".
Sabiq dövlət müşaviri bildirib ki, məsələnin ən vacib tərəfi Ukraynanın silahlandırılması ilə bağlı olacaq: "NATO və Qərb ölkələri Ukraynaya ən modern və öldürücü hücum silahlarının verilməsinə başlayacaq. Eyni zamanda, NATO Ukrayna qoşunlarının təlimini və döyüş hazırlığını öz üzərinə götürəcək. Belə görünür ki, Ukrayna üçün ciddi sipər rolunu oynayacaq və Rusiyaya qarşı davam gətirə biləcək bir missiya hazırlanır. Rəsmi Kiyev isə belə bir missiyaya canla-başla razılıq verəcək".
Politoloqun sözlərinə görə, Qərbin Rusiyaya qarşı tədbirləri bununla yekunlaşmayacaq: "ABŞ Cənubi Qafqaz və Orta Asiya istiqamətinə, yəni Rusiyanın yumşaq qarınaltısı olan ölkələrə də nüfuz edəcək və orada iştirakını təmin etməyə çalışacaq. Bir sözlə, Rusiyanın qlobal mühasirəyə alınması prosesi başlayır və bu, Moskva üçün çətin günlərin başlanğıcının xəbərçisidir".
Qeyd edək ki, Tramp G20 sammitində rusiyalı həmkarı Putinlə görüşdən imtina edib. ABŞ prezidenti bu qərarını Kerç böhranı, Ukrayna gəmiləri və hərbçilərinin hələ də əsir saxlanılması ilə əsaslandırıb.