ABŞ İraqdan çıxmağa hazırlaşır? Dünya

ABŞ İraqdan çıxmağa hazırlaşır?

ABŞ prinsip etibarilə İraqdan uzaqlaşmaq fikrində deyil, sadəcə olaraq, bəzi səlahiyyətlərini bölgədəki müttəfiqlərinə həvalə etmək istəyir. Bunu son zamanlar ABŞ-la İraq arasında yaşanan gərginliklə bağlı bəzi suallara aydınlıq gətirən politoloq Tofiq Abbasov deyib. "ABŞ-ın müttəfiqləri reallıqda bir o qədər də təpərli siyasət yeridə bilmirlər, çünki onların döyüş qabiliyyəti aşağı səviyyədədir. Digər tərəfdən, bu dövlətlər arasındakı münasibətlərdə müəyyən ziddiyyətlər var. Belə ki, ABŞ neçə illərdir bu koalisiyaya Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və hətta Misiri də qatmaqla "Ərəb NATO-su" yaratmağa çalışır, ancaq nəticə əldə edə bilmir. Çünki əvvəla, bu bölgə çox mürəkkəbdir və orada məzhəb problemləri, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları, hətta İŞİD-ə qarşı münasibətdə müəyyən haçalanmalar baş alıb gedir. Mövcud xaotik vəziyyət durulmaqdansa, getdikcə daha da kəskinləşir. Buna görə də ABŞ guya İraqdan uzaqlaşmaq istədiyini göstərməyə çalışır", - politoloq bildirib.
T.Abbasovun sözlərinə görə, İraqda əksəriyyət şiə məzhəbinə qulluq etdiyindən onlar daha çox İranı özlərinə müttəfiq görürlər: "ABŞ İsrail və bir sıra digər ölkələrin qüvvələri ilə birgə antiiran qütbü yaratmağa çalışsa da, bu plan reallaşmadı. Beləliklə, Vaşinqtonun qarşıya qoyduqları məqsədlərin bir çoxu yarımçıq qaldı. Hesab edirəm ki, İran yaranmış bu boşluqdan maksimum istifadə etməyə çalışacaq. Bu mənada ABŞ-İran gərginliyi uzunmüddətli olacaq. Fikir verirsinizsə, Rusiya və Türkiyə bu prosesə çox müdaxilə etmir, əksinə, özlərini bu qarşıdurmadan sığortalamağa çalışırlar. Bu yaxınlarda Rusiya, Türkiyə və İran rəhbərləri görüşəcəklər. Liderlər üzərlərinə düşən müəyyən öhdəlikləri yerinə yetirməyə cəhd göstərirlər. Ümumiyyətlə, ABŞ qətiyyətli hücum mövqeyinə keçməyə hazır deyil və bunu heç nəzərdən də keçirmir. Bu mənada İraq və Suriyadakı daxili vəziyyətin, həmçinin İsrail-Suriya münasibətlərinin taleyi yaxın gələcəkdə bəlli olacaq. Böyük sürətlə olmasa da, aram-aram transformasiyalar baş verəcək".
Qeyd edək ki, ABŞ Prezidenti İraqdan İrana nəzarət üçün istifadə etdiklərini açıqlayıb. Bu isə İran-İraq münasibətlərində ciddi gərginlik yaradıb. İraq öz ərazisindən İrana qarşı hərbi məqsədlər üçün istifadəyə heç bir halda izn verməyəcəyini bildirib, iraqlı millət vəkilləri isə ABŞ-ın ölkədəki varlığına son qoymağı nəzərdə tutan qanun layihəsi hazırlamaq qərarına gəlib.