Ermənistanın maliyyə resursu yoxdur Dünya

Ermənistanın maliyyə resursu yoxdur

"Paşinyan bu yolla ən azından ölkəsində rəğbət qazanmağa çalışır". Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın "iqtisadi inqilab" anonsu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Paşinyanın vergi və gömrük qanunvericiliyinin dəyişdirilməsi, investisiya şəraitinin yaxşılaşdırılması təşəbbüsü ilə çıxış etmək istəyi anlaşılandır: "Çünki Ermənistanın yeni hökumət daha çox vədlərin verilməsi ilə yadda qalıb. Paşinyanın bu yolla ən azından ölkəsində rəğbət qazanmağa çalışır. Ermənistanın iqtisadi potensialı həddindən artıq zəifdir və ölkənin hər hansı formada ayaqda qalması, iqtisadi inkişafa nail olması çox problematikdir. Ona görə də Paşinyanın "iqtisadi inqilab" anonsunu ilkin vədlər, hökumətin məsələlərə daha çox populist baxışı kimi dəyərləndirmək lazımdır. Yeni hökumətin korrupsiyanın kökünün tamamilə kəsiləcəyi və biznesin əlçatan ediləcəyi ilə bağlı dedikləri də hələlik vəd olaraq qalır. Ermənistan iqtisadiyyatını yaxın zamanlarda dirçəltmək çox çətin məsələdir. Bunun üçün ilk növbədə Ermənistanın maliyyə resursu yoxdur, ona görə də Nikolun "inqilab" anonsu əhalini sakitləşdirməyə hesablanıb".
Ekspert bu mənada Avropa ölkələrindən Ermənistana xarici investisiyanı da istisna edib: "Birincisi, Ermənistan iqtisadi cəhətdən nəinki cəlbedici ölkədir, hətta potensialı və alıcılıq qabiliyyəti yoxdur, tranzit imkanları isə sıfırdır. Bütün bu faktorlar Ermənistan kimi kiçik bir bazara investisiya yatırımlarını mümkünsüz edir. Azərbaycan işğalçı Ermənistanı haqlı olaraq kommunikasiyalardan kənarda saxlayıb. Azərbaycan hökumətinin bu yöndə apardığı siyasət doğru addımdır. Bu nöqteyi-nəzərdən ciddi iqtisadi potensialı olmayan ölkəyə iqtisadi cəhətdən xarici investisiyalar mümkünsüzdür. İkincisi, Ermənistanın Rusiyanın tələbini yerinə yetirərək Suriyaya missiya göndərməsi Qərbdə müəyyən dərəcədə qıcıq yaradıb. Təbii ki, İrəvanın Moskvaya bu güzəşti Qərblə münasibətlərə mənfi təsir göstərəcək və müəyyən fəsadlara gətirib çıxaracaq".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan partiyasının IV konqresində Vətəndaş Müqaviləsinin yaradılması və ideologiyası ilə bağlı şərtlər barədə çıxışı zamanı ölkəsinin "iqtisadi inqilab"a hazırlaşdığını deyib.