ABŞ Rusiyaya qarşı sanksiyaları təsdiqləyib Dünya

ABŞ Rusiyaya qarşı sanksiyaları təsdiqləyib

Cavid

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı tətbiq olunacaq yeni sanksiyaları təsdiq edib. Obama "Mən bəzi Rusiya şirkətləri və iqtisadi institutlarına qarşı olan sanksiyaları təsdiq etdim. Mən aydın şəkildə təkarlayırdım ki, Rusiya Ukrayna ilə sərhəddə yaraqlı və silah axınının qarşısını almalıdır, separatçıların girovları azad etməsi üçün təzyiq göstərməlidir, atəşkəsə dəstək olmalı və Beynəlxalq danışıqlara qoşulmalıdır. Mən cənab Putinə bunu çox açıq şəkildə bildirmişəm, bizim Avropadan olan partnyorlarımız da bunu cənab Putinə deyiblər" - deyib.
ABŞ prezidenti "məsələnin diplomatik həlli üçün bütün səylər görülür. Lakin biz Rusiyanın sərhəddə münaqişənin həllinə yönəlik sözdən çox hərəkətlərini görmək istəyirik. Bu günə olan vəziyyətə görə isə qeyd etdiyim bütün amillər Rusiya tərəfindən üçuruma yuvarlanıb. Əslində Rusiya separatçılar tərəfindən Ukraynanın müstəqilliyinin pozulmasına dəstək verməkdə davam edir" - deyə qeyd edib.
Obama sonda Ukraynadakı hadisələrdə bütün bunlara baxmayaraq proqress yaşadıqlarını da bildirib.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin sanksiyaların təsdiqini tənqid edərək "bu ikitərəfli əlaqələr dalana salır"- deyə etirazını bildirib.
Onu da bildirək ki, Avropa Birliyi ölkələrinin dövlət və hökumət başçılarını bir araya gətirən sammitin Ukrayna ilə əlaqədar nəticələrində, iyul ayı sonuna qədər artıq genişləndirilmiş sanksiyaların tətbiqi üçün təşkilat və fərdlərlə bağlı siyahının hazırlanmasında lazımi işlərin tamamlanması tələb edilib.
AB liderləri Krımın Rusiya torpaqlarına qatılmasından ya da Şərqi Ukraynada baş verənlərdə istikrarsızlığından məsul Rusiyaya material və maliyyə dəstəyində olan fərd və ya təşkilatların hədəf alınması ehtimalının da qiymətləndirilməsini istəyib.
AB bu ana qədər bəzi fərdlər üçün qəbul etdiyi persona non-qrata və birlik ölkələrindəki pullarının dondurulması tətbiqlərinin bir addım irəlisinə keçərək, Avropa İnvestisiya Bankından Rusiya ilə yeni maliyyə əməliyyatlarının imzalanmasını təxirə salmasını istəyib.
Sammitdə "Rusiyanın qeyri-qanuni silahlı qruplara təsir etməsi və sərhəddən silah yardımının qarşısının alınması" tələbi bir daha səslənib.
Bu arada sammitin qərarı Ukrayna prezidenti Petro Poroşenko tərəfindən alqışlanıb. O bildirib ki, bu qərar AB-nin Ukrayna müstəqilliyinə töhfəsidir.
Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeriy Çalıy keçiridiyi brifinqdə deyib ki, Ukrayna Prezident Administrasiyasında Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi məsələsi müzakirə olunur.
V.Çalıy bildirib ki, bu barədə müzakirələr və mülahizələr aparılsa da, hazırkı məqamda belə bir addımın atılması Ukraynaya heç bir xeyir gətirməz: "Diplomatik əlaqələr kəsilərsə vətəndaşlarımızın girov və əsirlikdən azad edilməsi məsələsində problemlər artacaq. Yəni diplomatik əlaqələrin kəsilməsi arada olan səddi böyüdə bilər".
Onun sözlərinə görə, ölkənin cənub-şərqindəki problem Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi ilə öz həllini tapa bilməz.
Ukraynanın şərqində isə vəziyyət öz ağırlığında qalmaqdadır. Ukrayna ordusu sepapatçılara qarşı mübarizəsini gücləndirir.
Ukrayna antiterror gücləri Donetsk vilayətinin Marinovka rayonu yaxınlığında terrorçuların 3 tank və 2 BTR-i (zirehli transportyor) məhv edib.
Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun nümayəndəsi Dmitri Tımçuk "facebook" səhifəsində yazıb.
"Dünən Marinovka yaxınlığında döyüşlər, demək olar, səngiməyib. Ukrayna hərbçiləri terrorçuların 4 hücumunu dəf edib. Onlar sonuncu dəfə 5 tank və bir neçə BTR-lə hücum edib. Antiterror güclərinin cavab atəşi nəticəsində 3 tank və 2 BTR məhv edilib. Terrorçuların həmçinin 3 avtomobili məhv edilib", - Tımçuk bildirib.
Hərbi ekspert Luqansk vilayətinin Metallist qəsəbəsi yaxınlığında yerləşən antiterror güclərinə minaatanlardan atəş açıldığını qeyd edib. Hərbçilər arasında itkilərin olmadığı bildirilir.
Tımçuk antiterror güclərinin Luqansk aeroportundakı mövqelərin tanklardan atəşə tutulduğunu yazıb.
Dünən yayılan məlumatlarda o da deyilir ki, Ukrayna ordusu yüzlərlə separatçının toplu halda basdırılmış cəsədini aşkar edib. Bunu Ukrayna antiterror qurumunun mətbuat katibi Andrey Lesenkov deyib.
Lesenkov deyib ki, Ukrayna ordusu azad etidyi ərazilərdə çox sayda separatçının cəsədini aşkarlayıb: "Əslində, onları heç yerə də basdırmayıblar, üzərlərinə torpaq töküb gediblər. Biz həmçinin bəzi cəsədlərin minalandığını da aşkar etdik. Saparatçılar ölmüş silahdaşlarının mina bağlayıb və onları tərpədən zaman partlayış baş verə bilər. Hazırda ölmüş separatçıların üzərində olan bombaları mina axtaranlar zərərsizləşdirməklə məşğuldur".
"Bu gün ərazi bütövlüyü pozulan Ukraynadır və itirilən torpaq bizim tarixi torpağımız Krımdır. Biz sona qədər Kiyevin yanındayıq". Bu barədə Krım tatarlarının lideri Mustafa Krımoğlu Rusiya mediasında yayımlanan Kiyevin Krım tatarlarından ibarət Rusiyaya qarşı partizan dəstələri hazırladığı iddialarına münasibət bildirərkən deyib. Krımoğlu bu iddiaları təkzib edib. Bildirib ki, torpağı işğal edilən tatarlar işğalçılara qarşı mübarizə aparacaq.
"Öz torpağımızı geri qaytarana qədər mübarizə aparacağıq. Amma bu mübarizə indiki məqamda beynəlxalq hüquqa söykənən mübarizədir. Biz beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı təzyiq etməsini istəyirik. Hər şey beynəlxalq hüquq çərçivəsində həll edilməlidir", - deyə Krımoğlu bildirib.
Qeyd edək ki, Rusiya mediası iddia edir ki, Kiyev Krımda məxfi şəkildə döyüş hərəkətlərinə hazırlaşmağa başlayıb. İddialara görə, mümkün münaqişəyə NATO, "Sağ sektor" və Krım tatarları cəlb edilə bilər.
Ukrayna mətbuatının veordiyi məlumata görə, ölkənin baş naziri Arseniy Yasenyuk az qala minada partlayacaqmış. Bu haqda Ukraynanın daxili işlər naziri Arsen Avakov öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, baş nazir jurnalistlərlə birgə Slavyansk yaxınlığındakı Semyonovka qəsəbəsində separatçıların qoyub qaçdıqları səngərlərə baxış keçirərkən minada partlamaq təhlükəsi ilə üzləşib: "Mən bir az aralıda durub əclafların bunkerlərinə baxırdım. Qabaqda isə bizim əsgərlərin postu görünürdü. Orda bizim uşaqlardan neçəsi həlak olmuşdu. Teleoperatorlardan biri arxaya doğru addımlayaraq Yasenyuku çəkirdi. Bu zaman o, dağılmış asfaltda ucu görünən minanı az qala tapdalayacaqdı. Üstünə qışqırdım. Məndən incimədi, geri çəkildi".
Ukrayna daxili işlər naziri Arsen Avakova qarşı isə sui-qəsd planının təfərrüatlarına dair açıqlama verilib.
Hzirin məsləhətçisi Zoryan Şkiryak deyib ki, Avakovun iyulun 7-də hərbi əməliyyatlar bölgəsinə səfəri zamanı rusiyalı terrorçular tərəfindən iri miqyaslı sui-qəsd planı hazırlanıb: "Sifarişçi və təşkilatçı Donbasdakı separatçıların komandirlərindən biri İqor Bezler və onun diversiya qrupu olub. Bu qrup terroru bir neçə istiqamət üzrə həyata keçirməliydi".
Onun sözlərinə görə, kəşfiyyat məlumatları əsasında bu terrorun qarşısı alınıb. Hadisəni törətmək istəyən bəzi separatçılar zərərsizləşdirilib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Stiv Varren isə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Rusiyanın Ukrayna ilə sərhədində təxminən 12 min nəfərlik hərbi heyəti var.
O, son günlər Rusiyanın Ukrayna sərhədinə qoşun yığdığını deyib. Aralarında hücuma hazır olan qoşun birləşmələrinin olduğunu deyən Pentaqon təmsilçisi rəsmi Mokvanın hər an Ukraynaya hərbi müdaxilə edə biləcəyini istisna etməyib.
ABŞ rəsmiləri bu ilin may ayında Rusiyanın Ukrayna sərhədində 40 min hərbi personalı olduğunu, ancaq Qərbdən gələn təzyiqlərlə bu ədədin minə qədər aşağı salındığıını təxmin edir.