İsrail dünyadan təcrid olunur Dünya

İsrail dünyadan təcrid olunur

ABŞ hava yolu şirkətlərinin İsrailə uçuşlarını qadağan edib

Cavid

İsrailin Fələstini bombalamaqda davam etməsi artıq dünyanın Təl-Əvivə hiddətini artırıb. İsrail dövləti demək olar ki, ən azı 24 saatlığına bütün dünyadan təcrid olunub. Belə ki, ABŞ Federal Aviasiya İdarəsi (FAİ), Amerika hava yolu şirkətlərinin İsrailə uçuşlarını qadağan edib. FAİ-nin verdiyi açıqlamada Amerika hava yolu şirkətlərinin Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına gediş-dönüş uçuşlarının 24 saatlığına qadağan edildiyi bildirir. Qadağa qərarı Ben-Qruion hava limanına 1,6 kilometr yaxınlığında bir kənddə raketin partlaması ilə əlaqədardır.
ABŞ-nin qadağasından sonra Avropa Aviasiya təhlükəsizliyi agentliyi də (EASA) aviaşirkətlərə eyni səbəbi göstərək uçuşların dayandırılmasını tövsiyyə edib. Artıq Lutfhansa və ona aid olan şirkətlər, Norveç, Fransa, Türkiyə, Rusiya da daxil olmaqla demək olar bütün dünya Hava Yolları şirkətləri İsrailə uçuşları dayandırıb.
Hadisələrin gedişatından İsrail tərəfinin narahatçılığı özünü gözlətməyə qoymadı.
"Təl-Əviv yaxınlığında yerləşən David Ben-Qruion adına Beynəlxalq hava limanı "sərnişin reyslərinin uçuş və enmələri üçün tam təhlükəsizdir" - deyə İsrail Nəqliyyat nazirliyi xəbər yaydı.
Nazirliyin yaydığı xəbərdə həmçinin Ben-Qruion hava limanının yüksək səviyyədə qorunduğu qeyd edilir.
İsrail ordusundan verilən xəbərə görə, Qəzzaya quru hərəkatının başlamasından sonra qarşı tərəfdən İsrailə 2 min 160 raket atılıb. Bunlardan 1700 raketin havada vurulduğu bildirilir. Bu gün isə İsrailə 87 raket atılıb və bunlardan 67-si raketdən müdafiə sistemini aşaraq İsrailə çatıb.
Xəbərdə əməliyyatın başlanğıcından indiyə qədər, Həmasa aid 1800 hədəfin vurulduğu ifadə edilir. Gün içində isə Həmasa aid 260 mərkəzin hədəfə götürüldüyü, hədəflər arasında hərbi bazalar, gizlədilmiş raket nöqtələri və silah istehsalat mərkəzləri olduğu qeyd olunur.
Bundan əlavə İsrail ordusunun indiyə qədər təxminən 30 hücum tunelini aşkar edildiyi də bildirilir.
Həmas öz növbəsində verdiyi xəbərdə Qəzzadan İsrailin müxtəlif bölgələrinə 38 raketin atıldığını deyir.
Qeyd edək ki, "Qoruyucu xətt" adı altında 7 iyulda Qəzzanı havadan vurmağa başlayan İsrail ordusu 17 iyul cümə axşamı qurudan hücuma keçib.
Hücumların başladığı gündən bu yana Qəzzada 635 adam həyatını itirib, 4 min nəfər yaralanıb.
Ölənlərdən 162-nin uşaq, 78-nin isə qadın olduğu bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) "Orta Şərqdəki vəziyyət və Fələstin problemi" mövzulu iclas keçirilib.
Suriya və İraqdakı vəziyyətin də dəyərləndirildiyi yığıncaqda ən əhəmiyyətli gündəm maddəsi İsrailin Qəzzaya hücumları olub.
Yığıncağın əvvəlində İsrail hücumu nəticəsində həyatını itirən uşaqların fotoşəkilini salonda göstərən və öldürülən uşaqların ad və yaşlarını oxuyan Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur "Bu uşaqlar işğalçı güc tərəfindən vəhşicəsinə öldürüldü. Bu uşaqların anaları, ataları və ümidləri vardı. Öldürülən uşaqlar rəqəm deyillər insandırlar, adları da var. Biz rəqəm deyilik, insanıq" - deyib.
Son olaraq 15 əsgərin topuqlarından vurulması iddiaları İsrail KİV nümayəndələrini şübhəyə salıb.
Qəzza mərkəzli internet saytları İsrail mətbuatına istinadən verdiyi xəbərdə Qəzza döyüşündən qaçmaq istəyən İsrail əsgərlərinin özlərini ayaqlarından vurduğu iddia olunur.
İddia barədə hələ İsrail rəsmilərindən bir cavab gəlməyib.
İsraillilərin 73%-i baş nazir Benyamin Netanyahunun son hərəkətlərindən və İsrail-Qəzza qarşıdurmasında "Sarsılmaz qaya" əməliyyatndan razıdırlar. Yalnız 16% İsrail vətəndaşı baş nazirin qərarlarından narazıçılıq ifadə edib. 11% sorğu iştrakçısı isə hələ də bu məsələdə bir mövqeyə gəlib çıxa bilməyiblər.
Bu göstəricilər İsrailin "Yeni Dalğa" institutunun sorğusunda yer alıb. "Baş nazir postuna kimi daha uyğun görürsüz?" sualına 48% sorğu iştrakçısı məhz Netanyahunu, 12% maliyyə naziri, "Yəhudi evi" partiyasının lideri Naftali Bennetanı, 9% Aviqdora Libermanı, 5% "Avoda" partiyasının lideri İssax Hersoqu, 1% isə hələ də müəyyən etmədikləri namizədi bu posta layiq görürlər.
Sorğuya əsaən 94% israilli ordunun da vuruşmasından razıdırlar. Bundan əlavə 77% israilli hazırki şəraitdə əməliyyatın dayandırılmasını istəmədikləri halda 16% atəşin təcili şəkildə saxlanılmasını istəyirlər. Bundan 7% isə yenə də fikirlərində yekun bir qərara gəlməyiblər.
"Hazırda qarşıdurmada hansı tərəf daha böyük nailiyyətlər əldə edib?"-sualına respondentlərin 73% İsrailin, 4% "Həmas"ın daha uğurlu olduğunu bildiriblər. 19% müsahib bu məsələdə heç bir tərəfin uğur qazandığını saymadığı təqdirdə, 4% yenədə bilmədiklərini bildirib.
Qeyd edək ki, sorğuda 500 yəhudi-israilli iştrak edib.
"Həmas"ın əsgəri qanadı hesab edilən "İzzeddin el-Kassam Tugayları" İsrail ordusuna aid bir F16 döyüş təyyarəsinin Qəzza səmalarında raketlə vurulduğunu açıqlayıb. Yazılı açıqlamada qeyd olunur ki, İsrail ordusuna aid döyüş təyyarəsi Qəzzanın mərkəzindəki Deyr el-Belah bölgəsinin səmalarında bir hədəfə zərbə endirərkən vurulub.
İddialar sırasında İsrailin Qəzzaya hücuma başladığı 7 iyuldan bu yana bu ölkəyə aid 3 pilotsuz təyyarənin də vurulması da var. İsrail tərəfi isə məsələyə münasibət bildirməyib.
İsrail ordusunun Qəzza zolağındakı Rəfah şəhərində yerləşən Beynəlxalq İslam Bankını vurduğu bildirilir.
Hadisə şahidləri bankın İsrailin hərbi qırıcıları tərəfindən vurulduğunu söyləyib. Bankda baş verən yanğın nəticəsində şəhəri qara tüstü bürüyüb və banka böyük məbləğdə ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.
Tehranda islam ölkələrinin parlamentlərarası iclasının toplantısında bu il Beynəlxalq Qüds gününün matəm elan edilməsi ilə bağlı yekun bəyanat verilib.
"Mehr" agentliyinin verdiyi xəbərə görə, 16 maddədən ibarət olan sözügedən yekun bəyanatda islam ölkələri məzlum Qəzza xalqına lazımi və yetərli yardım göstərməyə çağrılıb və fələstinlilərə yardım məqsədilə beynəlxalq şuraların, komitələrin yaradılmasının vacibliyi vurğulanıb.
Bəyanatda deyilir: "Məzhəbindən, milliyyətindən asılı olmayaraq, bütün müsəlmanlar ixtilaflarını bir kənara qoyaraq, imkanlarını Fələstin xalqının müdafiəsinə sərf etməlidirlər".
Bəyanatın sonuncu bəndində qarşıdan gələn cümə günü, yəni Beynəlxalq Qüds gününün bütün müsəlman ölkələrində matəm günü kimi qeyd edilməsi təklif edilib.
BMT-nin baş katibi isə qalmaqallı açıqlama verib. İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşən BMT-nin baş katibi Pan Gi Mun mətbuat nümayəndələrinin də iştirak etdiyi toplantıda İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb.
O, İsrailin demoktratik ölkə olduğunu xatırladaraq, Fələstin hökumətinin İsraili tanımalı olduğunu dilə gətirib.
"HƏMAS-ın raket hücumlarını kəskin şəkildə qınayırıq. Onlar bu hücumlara dərhal son verməlidir. Baş nazir Netanyahuya dünyasını dəyişənlərə görə başsağlığı vermək istəyirəm. İsrail xalqına başsağlığı diləyirəm" -deyə, Pan Gi Mun çıxışında bildirib.
Netanyahu isə öz növbəsində İsrailin özünü müdafiə etmək üçün nə lazımdırsa edəcəyini və bunun onların birbaşa haqqı olduğunu vurğulayıb.
Qeyd edək ki, BMT-nin baş katibi tərəflərin razılığa gəlməsi üçün görüşlər keçirdiyini, əlindən gələni etdiyini söyləyib.