Kiyev küçələri döyüş meydanına çevrildi Dünya

Kiyev küçələri döyüş meydanına çevrildi

Ukraynada yenidən ara qarışdı, toqquşmalarda 3 nəfər öldü, onlarla yaralı var
Etirazçılar hökumət binalarını ələ keçirir, hakim partiyanın qərargahı da müxalifətçilərin nəzarətindədir

Cavid

Kiyevdə yenidən qarşıdurma yaranıb. Paytaxt küçələrində yenidən qan axıdılıb. Müşahidələr onu deməyə əsas verir ki,
Ukrayna hadisələri çox qarışıq mərhələyə qədəm qoyub. Ukrayna hadisələrini analiz edənlər indiki mərhələni həlledici kimi dəyərləndirilər.
Ötən gün Ali Radaya yürüş edən minlərlə Maydan iştirakçısı konsitutsiya islahatlarının keçirilməsini tələb edirlər. Bir neçə küçədə mitinq iştirakçıları ilə hüquq mühafizə orqanları əməkdaşları arasında toqquşmalar qeydə alınıb.
Kiyevin Şelkoviçnoy küçəsində güc sturukturları səs qumbaralarından istifadə ediblər. Bu barədə "Tvitter" səhifəsində müxalifətçi deputat Lesya Orobets məlumat yazıb: "Onlar Fort-500T silahları ilə silahlanıblar. Polislər rezin güllələrdən istifadə ediblər".
Öncə iki qadın rezin güllələrdən açılan atəş nəticəsində yaralanıb. "Euromaydan" təşkilatçılarının məlumatına görə, mitinqçilərə səs qumbaraları evlərin damından atılır.
Qruşevski küçəsində mitinq edənlər küçələrdə şinlər yandırıblar.
Başqa bir məlumatda isə deyilir ki, Kiyevdə polis əməkdaşları aksiya iştirakçılarına rezin güllələrlə atəş açıb. "Frans Press"in verdiyi məlumata görə, əvvəlcə aksiya iştirakçılarından bir neçəsi asayiş keşikçilərini daşqalaq edib. Ali Radada isə Ukrayna müxalifəti tribunanı mühasirəyə alıb. Müxalifətçi deputatlar bu addımı spiker Vladimir Rıbakın 2004-cü il Konstitusiyasına qayıdışla bağlı bəyannamə layihəsini gündəliyə salmamasına etiraz əlaməti olaraq atıblar.
Ukrayna Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə baş verən toqquşmalarda yaralıların sayı artıb. "İlkin məlumata görə, Ali Radanın qarşısındakı toqquşmalar zamanı daxili qoşunların 8 əməkdaşı yaralanıb. İki nəfərin ətraflarında sınıq müəyyənləşdirilib".
UNİAN-nın məlumatına görə, radikallar milislərə daş atırlar. Güc strukturlarının əməkdaşları isə səs qumbaralarından, gözyaşardıcı qazdan istifadə edirlər.
Milisin məlumatına görə, Kiyevin mərkəzində insanlar radikallardan qorunmaq üçün pəncərələrdən tullanırlar: "Etirazçılar Ali Radanın yaxınlığındakı binları zəbt etməyə çalışırlar. İçəriyə tüstü şaşkaları atılır. Binadakı insanlar xilas olmaq üçün pəncərədən tullanırlar".
Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko isə Almaniya kansleri Anqela Merkeldən Ukrayna prezidenti Viktor Yanukoviçə və onun yaxın ətrafına qarşı sanksiyaların tətbiq edilməsini xahiş edib. Bu barədə Kliçko Almaniyanın paytaxtı Berlində Merkellə görüşündən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
"Ukraynanın təhlükəsiz ölkə olmaması bütün Avropa Birliyi nöqteyi-nəzərindən problemli ola bilər. Bu səbəbdən prosesdə Almaniya hökumətindən dəstək istədik. İnsan haqlarına zidd olan təzyiq tətbiq edən siyasi iqtidara qarşı iqtisadi embarqonun tətbiq edilməsi işə yaraya bilər. Almaniya Ukraynadakı siyasi problemlərin həll edilməsində mühüm rol oynaya bilər", - deyə Kliçko bildirib.
Almaniya kansleri Anqela Merkellə görüşdə Vitali Kliçko ilə yanaşı, Ukrayna müxalifətinin lideri, "Batkivşina" partiyasının sədri Arseni Yatsenyuk da iştirak edib.
"İnterfaks"ın verdiyi məlumata görə, Kiyevdə etirazçılar ələ keçirdikləri polis əməkdaşlarını Maydana tərəf aparırlar.
İnstitut küçəsi ilə paytaxtın əsas meydanına ən azı 5 polis əməkdaşı aparılıb. Polislərin geyimləri cırılıb, sifətlərində qan izləri olub. Ukraynada müxalifət hakim Regionlar Partiyasının qərargahını zəbt edib.
Ukrayna mətbuatı isə xəbər verir ki, bu gün 200-ə yaxın aksiya iştirakçısı hakim Regionlar Partiyasının Kiyevdə Lipskoy küçəsində yerləşən ofisinə hücum edərək zəbt ediblər.
Aksiya iştirakçıları partiya qərargahına arxa girişdən daxil ola biliblər. Qərargahda olan əməkdaşlar oranı aksiya iştirakçıları daxil olanadək binanı tərk ediblər.
Bəzi məlumatlara görə isə aksiya iştirakçıları ofisin bir əməkdaşını girov götürüblər.
Digir bir məlumatda isə deyilir ki, Ukrayna Ali Radasında müxalifət tərəfdarları ilə Kommunist Partiyasından olan deputatlar arasında qarşıdurma qeydə alınıb. Hadisə zamanı Kommunist Partiyasının üzvü olan bir neçə deputat döyülüb. Məlumatda qeyd edilir ki, qarşıdurma baş verən kimi hakim Regionlar Partiyasından olan deputatlar zaldan çıxmağa cəhd etsələr də, müxalifətçi deputatlar buna imkan verməyiblər. "Azadlıq" Partiyasından deputat olan İrina Sex hakim partiyadan olan həmkarlarının qarşısını kəsməyə cəhd edəndə yerə yıxılıb. Onun həmkarı İrina Farion isə qışqırıb: "Buraxmayın!"
Deputat İrina Boqoslovskayanın bildirdiyinə görə hadisə zamanı Ali Radanın spikeri Vladimir Rıbak hipertoniya böhranı keçirib, dərhal təcili yardım çağırılıb.
Ukraynada nümayişçilər Kiyevin mərkəzində yerləşən "Zabitlər Evi"ni də zəbt ediblər. Gün ərzində Kiyevin bir sıra küçələrində etirazçılarla güc strukturlarının əməkdaşları arasında kütləvi qarşıdurmalar davam edib.
Qruşevski küçəsində güc strukturları əməkdaşlarına məxsus yük avtomobillərinin şinlər yandırılıb.
Nümayişçilər Səhiyyə Nazirliyinin binasını ələ keçiriblər, nazir arxa qapıdan binanı tərk edib. Etirazçıların xeyli polis əməkdaşını girov götürdükləri bildirilir. Onların sayının 15-dən yuxarı olduğu barədə məlumatlar yayılıb.
Aksiyalarda tapançadan və digər odlu silahlardan istifadə olunduğu barədə hüquq-mühafizə orqanları məlumat yayıblar. "Praviy Sektor" təşkilatının lideri Dmitri Yaroş isə vətəndaşlara silahlanaraq meydana gəlmə barədə çağırış edib.
Ali Radanın qarşısında da qanlı toqquşmalar baş verib. Maydandan 10 min nəfər ayrılaraq parlamentin binası önünə gedib. Etirazçılar binanın mühafizəsi üçün cəlb olunmuş Daxili Qoşunların əsgərlərini geri sıxışdıra və canlı səddi yara biliblər. Daxili Qoşunların 3 maşını ələ keçirilib və yandırılıb. Kiyevin üzərini qara tüstü bürüyüb.
Kiyevdəki hadisələrlə bağlı yayılan son məlumatlara görə, qarşıdurmalarda artıq 3 nəfər həyatını itirib. "Batkivşina" (Vətən) Partiyasının deputatı Lesya Orobets özünün "Facebook" səhifəsində məlumatı təsdiqləyib. yazıb. O bildirib ki, Zabitlər Evinin tibbi məntəqəsində 3 nəfərin meyiti var, 7 yaralı isə ölüm ayağındadır.
L. Orobets yaralıların ilk tibbi yardım ala bilmədikləri üçün öldüklərini söyləyib: "Təcili yardım maşınlarının bura girib-çıxmasına imkan verilmir. Vaxtında tibbi yardım ala bilməyən insanlar ölür..."