Ermənistan Hindistandan kontrbatareya radarları alır Dünya

Ermənistan Hindistandan kontrbatareya radarları alır

Ermənistan Hindistandan dörd “Swathi” kontrbatareya radiolokasiya stansiyası almaq barədə razılaşma əldə edib.
Bu haqda “The Times of İndia” nəşri bildirir.
Məlumata görə, sövdələşmənin dəyəri təxminən 40 milyon dollar qiymətləndirilir. Nəşr qeyd edir ki, Ermənistan əvvəlcə Rusiya və Polşa istehsalı olan kontrbatareya mübarizəsi radarı almağı nəzərdən keçirib. Lakin sonda seçim Hindistan texnikasının xeyrinə edilib.
Kontrbatareya mübarizəsi radarları müasir artilleriya müharibəsində çox mühüm əhəmiyyətə malikdir. Bu radiolokasiya stansiyaları hədəfə doğru uçan mərmiləri təsbit edir və onun trayektoriyasını, hansı nöqtəyə düşəcəyini və atəşin açıldığı artilleriya qurğusunun koordinatlarını müəyyənləşdirir. Nəticədə rəqib həmin mövqeyə dərhal əks-zərbə endirmək imkanı qazanır.
Qeyd edək ki, Azərbaycan öz ordusunu müasir kontrbatareya radarları ilə çoxdan tətbiq edib və bu komplekslər 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun artilleriya bölmələrinin yerini dərhal təsbit edib onlara zərbə endirməyə imkan yaratmışdı. Həmin vaxt Ermənistan ordusunun silahlanmasında bu texnika yer almırdı.
“Swathi” kontrbatareya radiolokasiya stansiyası 2000-ci illərdə Hindistanın ABŞ-dan aldığı AN/TPQ-37 Firefinder radar komplekslərinin əsasında işlənib hazırlanıb. “Swathi” minomyot minalarını 20 kilometrə qədər məsafədən, 105 mm və daha iri kalibrli artilleriya mərmilərini 30 kilometrə qədər məsafədən, idarəolunmayan raketləri isə 40 kilometrə qədər məsafədən aşkar etməyə imkan verir. Eyni vaxtda 7 hədəfi izləmək qabiliyyətindədir.
Ermənistan əvvəlcə Rusiyanın “Zoopark-1” kontrbatareya sistemini almağı nəzərdən keçirib. Lakin Ermənistan Müdafiə Nazirliyindəki mənbə deyib ki, həmin komplekslərin dağlıq relyefdə yaxşı işləmədiyi müəyyən olunub. Hindistan radarı isə dağlıq ərazilərdə yaxşı işləyir, çünki əvvəlcədən sərt yüksəklikdəki Himalay dağlarında layihələndirilib və sınaqdan keçirilib. Üstəlik “Zoopark-1” kompleksinin taktiki-texniki göstəriciləri “Swathi” radar kompleksindən geri qalır.