İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO Dünya

İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO

Bu video İtaliyanın Lakuila şəhərində çəkilib. Videonu çəkib APA TV-yə göndərən İtaliyada yaşayan azərbaycanlı həkim Sayalı Vəliyeva deyir ki, əvvəllər bu cür iri marketlərin önündə maşın saxlamağa yer tapılmırdı, isə indi şəhərin küçələri kimi, parklama yerləri də boş qalıb. 60 milyon nəfər əhalisi olan İtaliyanın normalda turistlərlə dolub daşan tarixi məkanları göyərçin və pişiklərin sığınacağına çevrilib. Yaponiyadan sonra dünyanın ən yaşlı ölkəsi sayıldığı üçün İtaliyada ölənlərin sayı dayanmadan artır. Lakuila şəhərindəki xəstəxanalardan birində həkim işləyən Sayalı Vəliyeva deyir ki, küçələrdə görünən şəxslərin hər birinə məsul şəxs yaxınlaşıb, küçədə olmasının səbəbini soruşur. Yalnız daha vacib sahələrdə - həkim, tibb işçisi, əczaçı, polis, market işçisi işləyənlərə sərbəst hərəkət etməyə icazə verilir: "İtaliyada COVİD-19 epidemiyası ölkənin şimalından, daha dəqiq desək, Lombardiya regionunun Kodoniya əyalətindən başladı. Əvvəlcə həmin əyalətin karantinə alınmasına başlandı. Əyalət sakini olan hər kəs yoxlanıldı, yoxlamadan keçənlərin hər birinə peyvənd vuruldu. Daha sonra bu, əyalət səviyyəsindən çıxdı, bütövlükdə region, eləcə də qonşu regionlar da karantinə alındı". Həkim bildirir ki, ölkənin iqtisadiyyatında eniş çox da müşahidə olunmur. Çünki İtaliya dövləti öz xalqını qida və başqa ərzaqla təmin edə biləcək, başqa dövlətlərdən asılı hala düşməyəcək qədər iqtisadiyyatını inkişaf etdirə bilib: "İtaliyada rəqəmlərin belə yüksək alınmasının səbəbləri kimi pandemiyanın qarşısının alınma tədbirlərinin, karantin rejiminin vaxtında verilməməsi qərarını göstərirlər. Evdən küçəyə çıxmaq üçün belə bir modul var. Bu modulu doldurub üstümüzdə gəzdirməliyik. Tətbiq olunan rejimə əməl etmədikdə, bizi gözləyən sanksiyalar barədə məlumatımız olduğunu da modulda qeyd etməliyik". Sosial şəbəkələrdə İtaliya eyvanlarında yayılan musiqiçilərin videolarına gəlincə, Sayalı Vəliyeva deyir ki, həmin aksiya martın 14-də İtaliya həkimlərinə dəstək üçün əhali tərəfindən təşkil edilib. Saat 12-də insanlar eyvanlara çıxıb həkimləri 5 dəqiqə ərzində alqışlayıblar. Daha sonra bu, bütün dünyaya yayılan fləşmob halını alıb. Beləcə, musiqiçilər də öz evlərindən insanlarda yüksək əhval yaratmaq üçün sevdiyi musiqiləri ifa etməyə başlayıblar: "Mərkəzi və Cənubi İtaliyada pandemiyaya yoluxanların sayı durmadan artmaqdadır. Şimalda vəziyyət daha pisdir, nəyə görə? Ona görə ki, yoluxanların sayı çoxdur, intensiv terapiya almalı olanlar üçün yer yoxdur. Hökumət artıq Milanda yeni COVİD xəstəxanası tikməyə başlayıb. Bununla belə, virusdan ölənləri yerləşdirməyə də yerlər yoxdur". Yaşlıların bu virusa yoluxma ehtimalının daha yüksək olmasının səbəbi yaşlı şəxslərin eyni vaxtda bir və birdən artıq yanaşı xəstəliyinin olmasıdır. İtaliyada uşaqlarda bu virusa hələ ki rast gəlinməyib. Azyaşlılarda bu virusa yoluxma ehtimalı daha azdır. Çünki onlarda bağlanaraq hüceyrə daxilinə keçən reseptorların, ACE 2 reseptorlarının sayı ya azdır, ya da hələ inkişaf etməyib: "Martın 10-u ölkədə karantin rejimi elan olunandan bu günə burda da apteklərdə maska və başqa qoruyucu vasitələr tapılmır. Hətta xəstəxanaların özündə belə işçilərin istifadə etməsi üçün maska, respirator tapılmır". Sayalı Vəliyeva qeyd edib ki, hökumət insanların evdə qalmasını təmin etmək üçün televiziyada proqramların həm sayını, həm də müddətini artırmaq tapşırığı verib. Televiziya vasitəsilə əhaliyə karantin müddətində evlərini tərk etməmələri davamlı olaraq tövsiyə edilir. Həm müxalifət, həm də iqtidara məxsus media orqanları yoluxanların və ölənlərin sayını eyni dəqiqliklə insanlara çatdırır. Qeyd edək ki, İtaliyada hazırda yoluxanların sayı 97 698, ölənlərin sayı isə 10.779 nəfərdir. Bu rəqəm hər gün artmaqda davam edir.