Toqquşmalarda ölənlərin sayı isə 35-ə çatıb
Cavid
Ukraynanın paytaxtı Kiyev şəhərində aksiyaçılar Maydanı nəzarətdə saxlayırlar. Etirazçılar barrikadalar quraraq dayanıblar. Etirazçılardan bəziləri başlarına dəbilqə qoyaraq, qalxanlarla müdafiə mövqeyi tutublar.
"Berkut" barrikada qarşısında mövqelərdə yerləşərək etirazçılara səs qumbaraları atıblar. Qarşı tərəfdən isə "berkutçular"ın mövqelərinə daş və yandırıcı şüşələrlə cavab verirlər. Kiyevdə baş verən toqquşmalarda ölənlərin sayı isə 35-ə çatıb
Dünənki məlumatlar sırasında Kiyevdəki Azadlıq meydanında lərdə 7 nəfərin meyitinin olduğu bildirilir. Həmin meyitlər "Kazatski" otelinin yaxınlığındadır. Onların hamısının orta yaşlı kişilər olduğu haqda da məlumat yayılıb. Özünümüdafiə dəstələrinin nümayəndələrinin iddialarına görə, etirazçıları milislər başlarından güllələyiblər.
Milli təşkilat lideri Dmitri Yaroş bəyan edib ki, Ukraynanın sağçı radikalları müxalifət liderləri ilə prezident Viktor Yanukoviçin görüşünün nəticəsi olaraq razılığa gəlinən barışığa əməl etməyəcəklər: "Kimsə orada xalq üsyanını saxta barışıqla dayandırmağa cəhd edir. Rəsmən bəyan edirəm: "Sağ sektor" heç bir razılaşma imzalamayıb, ona görə xalqın üsyanı davam etməlidir".
O, özünümüdafiə dəstələrinin yaradılacağını da bildirib.
Ali Radada isə təxliyyəyə başlanılıb, əməkdaşlar binanı tərk edirlər. Bu barədə İTAR-TASS xəbər yayıb.
Deputat Vladimir Litvin jurnalistlərə bildirib: "Hamıya təcili təxliyyə elan edilib".
"Berkut" xüsusi təyinatlılarının kiçik qrupu isə etirazçıları Oktyabr sarayından İnstitut küçəsi ilə Müstəqillik meydanına tərəf sıxışdırmağa başlayıb.
İnstitut küçəsində 3 minə yaxım nümayişçi var. "Berkut" Olqinski küçəsinə çəkilib və gözyaşardıcı qaz qumbaralarından istifadəni davam etdirir.
Dünən yerli vaxtla təxminən saat 09:00-da nümayişçilər mütəşəkkil dəstələrlə hücuma keçərək Oktyabr sarayını tutublar.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zəhərli maddə tətbiq edilməsinə dair məlumat yayılmışdı.
DİN-in mətbuat katibi Sergey Burlakov yerli televiziyanın efirində bildirib ki, bunun hansı maddə olduğu hələlik aydınlaşdırılır. Yol polisinin əməkdaşları Kiyevin mərkəzi küçələrində yolları nəzarət altına alıb.
Amerika Birləşmiş Ştatları Avropa Birliyi ilə Ukrayna hökumətinə tətbiq ediləcək mümkün sanksiyaları müzakirə edir. Bunu Birləşmiş Ştatların dövlət katibi Con Kerri Parisdə Fransanın xarici işlər naziri Loran Fabiusla görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Seçim yolunun olduqca aydın olduğunu hesab edirik. Ukraynada razılığın əldə edilməsi üçün lazımi zəminin yaradılması naminə Avropadakı dostlarımızla mümkün sanksiyaları və digər addımları müzakirə edirik" - deyə, ABŞ-ın dövlət katibi bildirib.
Con Kerri həmçinin Ukraynada son günlərdə baş verən zorakılıq hallarını böyük narahatlıqla izlədiklərini, Amerikanın qəlbinin Ukrayna xalqı ilə olduğunu da bildirib.
Ukraynanın Daxili İşlər Nazirliyi ötən gün prezident Viktor Yanukoviçin 3 müxalifət lideri ilə görüşündə əldə edilmiş barışığın pozulduğunu bəyan edib. Ukraynanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Kiyevin mərkəzində Müstəqillik meydanında hərbçilərə və "Berkut" xüsusi-təyinatlılarına snayperdən atəş açılıb. Hüquq-mühafizə orqanlarının azı 23 əməkdaşının yaralandığı bildirilir.
Odlu silahdan atəşin Maydanda yerləşən konservatoriya binasından açıldığı ehtimal edilir. Yaralı hüquq-mühafizə orqanları əməkdaşlarının əksəriyyətinə həkimlər gələnədək meydanda ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olanlar isə xərəklə meydandan çıxarılıb.
Müstəqillik meydanında etirazçıların çadır düşərgəsini əhatə edən barrikadaların yanması nəticəsində ətrafa tüstü yayılıb. Buna baxmayaraq, minlərlə etirazçı hələ də meydanda qalmaqdadır.
Son 2 sutka ərzində Maydanda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı isə 35-ə çatıb. Onların təxminən yarısı hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Britaniya və Kanada isə Kiyevdəki səfirliklərini bağlayıb.
Kiyevdə Böyük Britaniya və Kanadanın səfirlikləri fəaliyyətini müvəqqəti dayandırıb.
Böyük Britaniya Ukraynadakı vətəndaşlarına müraciət edib:
"Kiyevdəki səfirliyimiz bu ölkədə baş verən qarşıdurmalarla əlaqədar fəaliyyətini qeyri müəyyən müddətə qədər dayandırır".
Kanada səfirliyinin saytında isə qeyd edilir ki, qurum işini dayandırıb və fəaliyyətə başlayacağı vaxt elan ediləcək. Səfirlik həmçinin Ukraynada hökumət və müxalifət tərəfdarlarını danışıqlar masasına oturmağa çağırıb.
Rusiya KİV-ləri isə xəbər verir ki, Kiyevin mərkəzindəki Oktyabrsk sarayı yaxınlığında müxalifətçilər hökumət qoşunlarının yüzlərlə döyüşçüsünü əsir götürüb.
Onları "Avromeydan Müdafiəçiləri" təşkilatının üzvlərinin əsir aldığı bildirilir. Aralarında zabitlərin müşahidə olunmadığı əsirlər müxalifətçilərin nəzarətində olan çadırlarda yerləşdiriliblər.
Onlara təhlükəsizlik təminatının verildiyi və hazırda Müstəqillik meydanına doğru aparıldıqları da gələn məlumatlar arasındadır.
Ukraynanın Səhiyyə Nazirliyi paytaxt Kiyevdə 2 gündə baş vermiş iğtişaşlarda 28 nəfərin həlak olduğunu bəyan edib. Dünən səhər açıqlanan yeni statistikaya görə, xəstəxanalarda 287 nəfər yatır, onların 88-i hüquq mühafizə orqanlarının əməkdaşıdır. Xəstəxanaya düşənlərin 6-sı jurnalist, 4-ü yeniyetmə, 2-si əcnəbi, 1-i parlamentin deputatıdır.
Xatırladaq ki, 2013-cü il noyabrın 21-də Ukrayna hökuməti Rusiyanın basqılarına dözməyərək Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina edib. Bu imtinadan sonra paytaxt Kiyevdə davamlı etiraz aksiyaları keçirilir və zaman-zaman hüquq mühafizə qurumları ilə toqquşmalara gətirir. Ən qanlı toqquşma fevralın 18-də qeydə alınıb.
Prezident Viktor Yanukoviç müxalifət liderləri Vitali Kliçko, Arseni Yatsenyuk və Oleq Tyaqnibokla görüşüb. Tərəflər güc tətbiqinə son qoyulması razılığına gəliblər. Amma radikal ovqatlı bəzi müxalif qruplar razılaşmanı qəbul etmir.
Ukrayna Prezidentinin mətbuat xidmətindən yerli mətbuata verilən məlumata görə, dövlət başçısı Viktor Yanukoviç müxalifət liderləri Arseni Yatsenyuk, Vitali Kliçko və Oleq Tiyaqnibokla görüşüb. Tərəflər atəşkəs məsələsində razılığa gəliblər. Atəşkəsin elan olunması, qanlı qarşıdurmaların başa çatdırılması razılıq əldə olunan əsas məsələlər olub. Radikal Millətçi Təşkilatı lideri Dmitri Yaroş isə verdiyi açıqlamada razılaşmanın əldə edilmədiyini və qanlı qarşıdurmaların davam edəcəyini bildirib.
Son məlmuatlara görə, etiirazçılar 10-a yaxın polisi naməlum istiqamətə aparıblar. Bundan başqa Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vladimir Makeyenko kütləvi iğtişaşlardan sonra hakim Regionlar Partiyasının üzvlüyündən çıxmaq qərarına gəlib.
O, bildirib ki, heç bir hakimiyyət insan ölümünə dəyməz: "Mənim ali məqsədim ukraynalıların həyatını qorumaqdır. Ukrayna xalqı mənə etimad göstərdiyi müddətdə səlahiyyətlərimi icra edəcəyəm".
O da bildirilir ki, "UDAR" partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçi qan tökülməsini dayandırmaq üçün bir daha növbədənkənar prezident seçkilərinə getməyə çağırıb: "Əziz ukraynalılar! Bu gün-həlledici gündür. Qan tökülür. Hakimiyyət bütün dünyanın gözü önündə qan tökülməsi üçün provakasiyalara rəvac verir. Silahlanmış cinayətkarlar küçələrdə insanları döyərək, bununla vətəndaşların əks-müqavimətini nümayiş etdirmək istəyirlər. Amma bu planlar baş tutmayacaq. Biz ilk növbədə bunları etməliyik, birincisi, Ali Radanın deputatları təcili parlamentə yığışıb böhrandan çıxış yollarını qəbul etməliyik. İkincisi, prezident Yanukoviç növbədənkənar prezident seçkilərinə getməlidir. Bu indi zorakılığın dayandırılması üçün yeganə çıxış yoludur".
O, ukraynalıları daha da sıx birləşməyə də çağırıb: "Öz həyatınızın, sağlamlığınızın və varlığınızın müdafiəsi üçün birləşin! Qonşularınızla və dostlarınızla birlikdə küçələrdə dərəbəyliyə son qoyun. Biz qan axıdılmasını dayandırmağa borcluyuq".
Sov məlumata görə, Kiyevin mərkəzində toqquşmalarda həlak olanların sayı 35 nəfərə çatıb. Ölənlərdən 12-sinin polis əməkdaşı olduğu bildirilir. Qarşıdurma zamanı xəsarət alanların sayı 800 nəfəri ötüb.