“İran həbsxanalarında 30-dan çox məhbus öldürülüb” Dünya

“İran həbsxanalarında 30-dan çox məhbus öldürülüb”

Amnesty İnternational təşkilatı İran həbsxanalarında koronavirusla yoluxma qorxusuna görə baş verən iğtişaşlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən 30-dan çox məhbusun öldürüldüyünə inanır. Londonda yerləşən insan haqları təşkilatının aprelin 9-da bildirdiyinə görə, İranın azı səkkiz həbsxanasında koronavirusa yoluxma qorxusu səbəbilə etiraz edən minlərlə məhbusa qarşı həbsxana işçiləri və təhlükəsizlik qüvvələri gücdən istifadə edib.
Etibarlı mənbələrə və məhbusların yaxınlarına istinadən, bir neçə islah müəssisəsində etirazçılara qarşı canlı güllələrdən və gözyaşardıcı qazdan istifadə edildiyi, 35 məhbusun öldürüldüyü, yüzlərlə məhbusun yaralandığı bildirilib.
Bir həbsxanada isə etiraz edənlərin təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü və çox ehtimal ki, bunun bir məhbusun ölümünə səbəb olduğu deyilib.
"Təəssüflər olsun ki, məhbusların COVID-19-la bağlı qanuni tələblərinə cavab vermək əvəzinə, İran hökuməti onları yenə də öldürərək susdurdu" - deyə, Amnesty İnternational təşkilatının Yaxın Şərq üzrə regional direktoru Diana Eltahavi bildirib. İran həbsxanalarında koronavirus sürətlə yayıldığı üçün 100 minə yaxın məhbus müvəqqəti sərbəst buraxılıb. İranın səhiyyə rəsmiləri aprelin 9-da 66 200 yoluxma halının qeydə alındığını, 4110 nəfərin öldüyünü bildirib.