Poroşenko yardım istəyib Dünya

Poroşenko yardım istəyib

Rusiya isə Krıma qoşun toplayır

Cavid

Kiyev bəyan edib ki, Rusiya Krımda yarımadanı Ukraynanın Xerson cənub regionu ilə birləşdirən quru körpüyə 4 min əsgər yığıb. Ukrayna ordusunun sözçüsü Andrey Lısenko deyib ki, Rusiya qüvvələri tam təhciz olunub.
Lısenko Ukrayna prezidenti Poroşenkonun Konqresdəki çıxışından və onun Obama ilə görüşündən bir neçə saat öncə danışıb.
Qeyd edək ki, bu ərəfədə Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya hərbi rəhbərliyinin prioritetinin ordunun Krımda iştirakını artırmaq olduğunu açıqlamışdı.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Çeçenistan Respublikasından hərbi çağırışı da bərpa edib. İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov bildirib. Kadırov qeyd edib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Çeçenistan Respublikasından 500 nəfərin orduya çağırışı barədə qərar qəbul edib. Çeçenistan prezidenti qərarın onların xahişi ilə qəbul olunduğunu və çağırışçıların sayının artacağını ifadə edib.
Müstəqil ekspertlər çeçenlərin orduya yenidən cəlb edilməsini Ukraynaya qarşı aparılan müharibə ilə izah edirlər. Təsadüfi deyil ki, Donbasda Ukrayna ordusuna qarşı çeçenlərdən təşkil olunan xüsusi hərbi bölmələrin olduğu barədə xəbərlər kifayət qədərdir.
Bu arada Ukraynanın Donetsk vilayətinin şərqindəki Snejnom rayonunda separatçıların və Rusiya ordusunun hərbi texnikasının təmiri üçün baza yaradılıb. Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk sosial şəbəkədəki səhifəsində yazıb. Hərbi ekspert Snejnom maşınqayırma zavodunun Rusiya aviasiya sənayesi üçün işlədiyini qeyd edib. D.Tımçuk həmçinin əlavə edib ki, raket kompleksləri təmir edilməsi üçün Rusiyadan Snejnom rayonuna daşınır. Hərbi ekspert həmçinin bildirib ki, Rusiya Federasiyası Donbas hövzəsinə xüsusi təyinatlı dəstəni və "Tülpan" minaatanlar batareyasını göndərib.
"Son iki gün ərzində iki yeni rota taktik qrupu, xüsusi təyinatlı dəstənin bölmələri və 4 ədəd 240 kalibrli 2S4 "Tülpan" minaatanı Ukrayna ərazisinə daxil olub", - deyə hərbi ekspertin xəbərində deyilir.
Ukrayna antiterror qərargahından isə jurnalistlərə bildirilib ki, separatçılar Donetsk aeroportunu əllərində saxlayan Ukrayna desantçılarına qarşı kimyəvi silah tətbiq etmək istəyirlər. Atəşin isə "Tülpan" minaatanlarının köməyi ilə edilə biləcəyi deyilir.
Ukrayna mətbuatı isə yazır ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu Ukraynanın şərqində vuruşur. Bu barədə Ukrayna dövlət başçısının özü CNN telekanalına müsahibəsində deyib. "Mənim oğlum oradadır. O, şəxsi iradəsi ilə döyüşə gedib və artilleriya bölməsinə rəhbərlik edir", - Poroşenko dilə gətirib. Atəşkəsin dayandırılmasının Ukraynada sülhə gətirib çıxaracağına ümid etdiyini deyən prezident oğlunun Oksford Universitetinin iqtisadiyyat bölməsi üzrə məzun olduğunu xatırladıb. Poroşenko oğlunun rəhbərlik etdiyi bölükdə son üç həftə ərzində üç döyüşçünün həlak olduğunu qeyd edib: "Bu çox güclü siqnaldır. Hansı ki, prosesin nə qədər təhlükəli və sülhün əhəmiyyətli olduğunu prezident, vətəndaş və bir ata kimi mənə anlamağa imkan verir".