Poroşenkodan acı etiraf Dünya

Poroşenkodan acı etiraf

"Ordunun ön xətdəki hərbi texnikasının 65 faizi məhv edilib və müdafiə olunmaq mümkünsüz hala gəlib"

Cavid

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin aparıcı televiziyalarına müsahibə verib. Müsahibədə prezident Donbas bölgəsindəki müharibə üzərində daha çox dayanıb. Dövlət başçısı deyib ki, Ukrayna ordusunun ön xətdəki hərbi texnikasının 65 faizi məhv edilib və müdafiə olunmaq mümkünsüz hala gəlib.
Pyotr Poroşenko hazırda vəziyyətin dəyişdiyini vurğulasa da, Donbasda yeni hərbi əməliyyatlara qarşı çıxıb: "Donbasda müharibəni hərbi yolla udmaq mümkün deyil, çünki Rusiya buna imkan verməz".
Ukrayna prezidenti ölkəsinin ən müasir kəşfiyyat, müşahidə, radar vasitələri aldığını qeyd edib və bildirib ki, indi əsas diqqət təmas xəttində güclü müdafiə xətti qurulmasına yönəlib.
Poroşenko mərkəzi hakimiyyətin hazırda separatçıların əlində olan bölgələrə maliyyə vəsaiti ayırmayacağını vurğulayıb: "Ukrayna yalnız sülhün bərqərar olduğu, Kiyev hakimiyyətinə bağlı və yerli özünüidarə orqanlarının legitim əsaslarla formalaşdığı əraziləri maliyyələşdirəcək".
Ukrayna prezidenti onu da deyib ki, rus separatçılarla sülh prosesi alınmasa, Ukrayna özünümüdafiəyə hazır olmalıdır. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko separatçılar və Rusiya hərbi qüvvələrinin Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı hücumları davam etdirdiyini deyib.
Onun sözlərinə görə, bunun nəticəsi olaraq Ukrayna hökumət qüvvələri və separatçıları 30 kilometrlik bufer zonasının yaradılması üçün artilleriyanı 15 kilometr geri çəkilməyə çağıran razılığın şərtlərinin həyata keçirməyəcək.
Qondarma Donetsk respublikasını "xalq qubernatoru" Pavel Qubarev açıqlama verərək Zaparojes şəhərinin də yaxın günlərdə onların nəzarətinə keçəcəyini bildirib.
"Qubernator" deyib ki, hazırda onlar güclü, Ukrayna isə zəif tərəfdir. Qubarevin sözlərinə görə, Zaparojes şəhərinin əhalisinin böyük bir qismi hazırda onları dəstəkləyir: "Biz Luqanskdan Odessaya qədər böyük bir ərazini əhatə edən yeni Rusiya yaratmalıyıq. Bu ərazi böyük Rusiyanın tərkibi və davamı olmalıdır".
Qubarev bildirib ki, Minskdə imzalanan protokol onu maraqlandırmır, onun idarə etdiyi şəhərin öz qanunları, öz hüquqları var.
Separatçılarla Ukrayna ordusunun təmas xəttində isə gərginlik hələ aradan qalxmayıb. Ukrayna hərbçiləri separatçıların gülləbaranına cavab olaraq düşmənə genişmiqyaslı atəşlə cavab veriblər.
UHİAH saytının verdiyi xəbərə görə, bu barədə Anti-terror mərkəzinin mətbuat mərkəzinin Feysbuk səhifəsində məlumat verilib. Bildirilir ki, təkcə bazar günü ərzində hərbçilər 40-a yaxın döyüşçü, yaylım atəşi açan bir BM-21 "Qrad" reaktiv sistemini və iki topu məhv ediblər.
Bundan başqa, anti-terror qüvvələri döyüş əməliyyatları gedən rayonların izolyasiyasını həyata keçirirlər.
"Bizim hərçilər müvəqqəti atəşkəs rejiminə nəzarət edirlər və Donbasda sülhü bərqərar etmək üçün Minsk razılaşmasının gerçəkləşməsinə başlayıblar", - deyə ATO mətbuat mərkəzindən məlumat veriblər.
UNİAN bildirir ki, barışığa baxmayaraq, əməliyyat ərazisində fəal döyüşlər gedir. Separatçılar sutka ərzində Ukrayna hərbçilərinin mövqelərini atəşə tutublar.
Ali Radanın spikeri Aleksandr Turçinov isə Ukraynanın yenidən əvvəlki vəziyyətinə dönməsinin vacib olduğunu bildirib: "Ölkəmiz hərbi əməliyyatların mərkəzində yer aldı. Bu müharibəni bizə qarşı güclü və qəddar işğalçı həyata keçirir. Minlərlə insan ölüb, yüzlərlə insan itkin düşüb. Ən dəhşətlisi də odur ki, Rusiya hökuməti dünya və öz xalqı qarşısında əsgərlərinin Ukraynada döyüşdüyünü etiraf etmir. Ukrayna öz ərazisində sülhü yenidən bərpa etməyə borcludur".