Ukraynanın uduzduğu oyun Dünya

Ukraynanın uduzduğu oyun

Qərb Ukraynanı qazanmaq uğrunda apardığı mübarizədə Kiyevi Rusiya ilə üz-üzə qoydu

Cavid

Ukraynanın şərqində atəşkəs rejimi yenidən pozulub. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin sözcüsü Andrey Lısenkonun açıqlamasına görə, separatçılar tərəfindən atəşkəsin pozulması nəticəsində 8 Ukrayna əsgəri yaralanıb.
"Rusiyameyilli separatçılar atəşkəsi pozmaqla Ukrayna ordusunu təxribata çəkmək istəyir. Separatçılar Donetskdə ordu qüvvələrinin mövqelərini atəşə tutub və iki mülki şəx ölüb", deyə Lısenko bildirib.
Qeyd edək ki, sentyabrın 20-də əldə olunmuş razılığa görə tərəflər arasında cəbhə xətti boyunca eni 30 km olan buffer zonası yaradılmalı və artilleri 15 km geri çəkilməlidir.
Andrey Lısenko onu da bildirib ki, terrorçuların əsrliyindən daha 10 Ukrayna hərbçisi azad edilib: "Ukrayna prezidentinin sülh planının həyata keçirilməsi çərçivəsində gün ərzində əsirlikdən 10 hərbi qulluqçu azad edilib. Onların arasında zabit də var".
Ukraynanın baş naziri Arseni Yatsenyuk BMT-nin Baş Assambleyasında çıxışı zamanı Qərbi Kiyevin bütün Ukrayna ərazisində nəzarəti yenidən ələ alanadək Rusiyaya qarşı sanksiyaları ləğv etməməyə çağırıb: "Biz öz müttəfiqlərimizdən xahiş edirik ki, Ukraynanın şərqindən tutmuş, Krıma kimi bütün ərazilərimizə nəzarəti bərpa edənə kimi sanksiyaları ləğv etməsinlər. Mən inanıram ki, Ukrayna ölkənin şərqinə və Krıma nəzarəti bərpa edəcək və elə bir vaxt gələcək ki, Rusiya Ukraynadan üzr istəyəcək".
Lakin ukraynalı nazir vurğulayıb ki, "nə qədər ki, Putin hakimiyyətdədir, Ukrayna üçün Krım üzərində nəzarəti qaytarmaq çox çətin olacaq".
Yatsenyukun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin öz qarşısına Sovetlər Birliyini bərpa etmək məqsədi qoyub və bu ideyadan heç də asanlıqla vaz keçməyəcək.
Ukrayna prezidenti Petr Poroşenko isə ölkənin müdafiə potensialının möhkəmlənməsinə dair təxirəsalınmaz qərarının həyata keçirilməsini nəzərdə tutan fərmanı imzalayıb.
Prezidentin fərmanı müəyyən olunmuş qaydada Ukrayna ilə Rusiya arasındakı sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanmasını nəzərdə tutur.
Bundan əlavə sənədə əsasən, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının hakimiyyətə Ukrayna-Rusiya dövlət sərhədinin birtərəfli qaydada demarkasiyasına dair tədbirlər görməyi tövsiyə edib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası həmçinin Ukrayna Nazirlər Kabinetinə Rusiya Federasiyası ilə danışıqlarda baş direktivlər layihəsini işləyib Ukrayna prezidentinə verməyi tövsiyə edib.
Bu arada Donetsk yaxınlığında daha bir kütləvi məzarlıq aşkarlanıb. Bu barədə məlumat ATƏT-in saytında yerləşdirilib. ATƏT-in hesabatında deyilir ki, məzarlıqda bir neçə meyit var. Məzarlardan birində rus dilində yazılmış lövhə tapılıb. Lövhədə beş nəfərin adı yazılıb və onların 27.08.2014 il tarixdə öldükləri göstərilib. Lövhənin yuxarı hissəsində isə "Putinin yalanına görə öldülər" yazılıb.
ATƏT bildirib ki, Donetsk vilayətində məhkəmə-tibb mütəxəssisləri yoxdur və ekspertiza keçirilməsi mümkün deyil.
ABŞ-ın Geostrateji Proqnozlaşdırma Korporasiyasının Rusiya və Şərqi Avropa məsələləri üzrə analitiki Qordon Hahnın şərhinə görə, Rusiya və Qərbin Ukraynanı qazanmaq uğrunda apardığı mübarizə bu böhranı yaratdı və Ukrayna da burada uduzdu.
O, Rusiyaya qarşı sanksiyalardan hər kəsin itirəcəyini bildirib: "Nə Rusiya, nə də başqa biri hələ Ukraynada qələbə qazanıb. Ukrayna böhran davam edəcəyi təqdirdə Qərb və Rusiya daha çox şey itirəcəklər. Sanksiyalardan heç kim xeyir götürməyəcək. Ukrayna ərazisini və övladlarını itirib. Əsas problem isə yenidən qələbə qazanmağa çalışmaqla böhranın başa çatmayacağıdır. Daha dəqiq desək, Rusiya və Qərbin Ukraynanı qazanmaq uğrunda apardığı mübarizə bu böhranı yaratdı və Ukrayna da burada uduzdu".
Ekspert dünyanın Rusiyanın çöküşünə hazır olmadığını deyib:
"Mən inanmıram ki, Rusiya yaxın gələcəkdə məhv olacaq. Əgər Rusiya süqut etsə, dünya çox dəhşətli formada uduzacaq. Çünki ölkə nüvə, radiaktiv, kimyəvi və bioloji silahlarla doludur. Dünya SSRİ-nin süqutu zaman potensial armagedon bəlasından xilas olmağı bacarmışdı. Daha bir potensial armagedon hələ dünyaya gərək deyil. Belə riski dünya üzərinə götürə bilməz. Bu, xüsusilə cihadizmin mahiyyəti ilə daha çox üst-üstə düşür".
Rusiya - Avropa Birliyi - Ukrayna formatında qaz danışıqlarının növbəti raundu isə Berlində bu gün keçiriləcək.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasının 69-cu sessiyasında etdiyi çıxışı şərh edib.
"İnterfaks"ın verdiyi məlumata görə, Rusiyanın baş diplomatı Obamanın çıxışını dünyaya Amerikanın baxışı adlandırıb.
"Bu dünyaya Amerikanın baxışıdır. Hansı ki, ABŞ-ın milli təhlükəsizlik doktrinasında istədiyi kimi güc tətbiq etməkdən, BMT Təhlükəsizlik Şurası və ya başqa beynəlxalq təşkilatların qərarlarından asılı olmayaraq davranmaqdan yazılıb", - deyə Lavrov bildirb.
Xatırladaq ki, ABŞ prezidenti BMT Baş Assambleyasında etdiyi çıxışında Rusiyanı sərt tənqid edib.
Heç bir ölkənin başqa bir ölkə üzərində qərar haqqı olmadığının vurğulayan ABŞ prezidenti Rusiyanın Ukraynaya müdaxiləsindən danışarkən "güclünün gücsüzü əzdiyi bir nizam" ifadəsini işlədib.
"Heç bir ölkə başqasının torpağına hücum haqqına iddia edə bilməz. Son dövrdə Rusiyanın Ukraynadakı hücumları bu nizama ziddir. Ukrayna xalqı islahatlar tələbi ilə küçələrə çıxanda prezidenti qaçdı. Daha sonra Krım zəbt olundu. Rusiya separatçıları dəstəkləmək üçün bölgəyə silah göndərdi. Bölgədə sərnişin təyyarəsi vuruldu. ABŞ böyük xalqların kiçik xalqları əzmədiyi bir nizamı təmsil edir. ABŞ və müttəfiqləri Ukraynanı dəstəkləməkdə davam edəcək", - deyə ABŞ prezidenti bildirib.
Rusiya isə Qara dənizdə hərbi gəmilərinin sayını artırmaqda davam edir. Qərb mətbuatının yazdığına görə, ABŞ Rusiya ilə Qara dənizdə üə-üzə gələ bilər. Politoloq Qabil Hüseynli bildirib ki, Rusiya yaxın gələcəkdə dənizlərdəki mövqeyini bir qədər də möhkəmləndirəcək. Ekspertin fikrincə, Kreml bir tək Qara dənizə yaxın illərdə əlavə 80 hərbi gəmi cəlb etmək niyyətindədir ki, bu da özlüyündə çox böyük qüvvədir: "Bununla yanaşı, Rusiyanın digər dənizlərdə də hərbi potensialını sürətlə genişləndirdiyi müşahidə olunur. Bunca iqtisadi problemlərə rəğmən Rusiyanın hərbi xərclərini bu qədər artırması bu yöndə Kremldə qəti siyasi iradənin mövcudluğunu göstərir. Görünən odur ki, Kreml hərbi gücünü artırmaq niyyətində israrlıdır. Hesab edirəm ki, yaxın gələcəkdə Rusiyanın Xəzərdəki hərbi donanmasını da əlavə gəmilər heabına genişləndirməsi müşahidə olunacaq".
Ukraynanın işğalı Rusiya iqtisadiyyatına də mənfi təsir göstərib. Dünya Bankının (DB) federasiyanın iqtisadiyyatı ilə bağlı hesabatında qeyd edilib ki, Rusiya iqtisadiyyatını durğunluq gözləyir. DB geosiyasi risklərin qalacağı halda, Rusiya Federasiyasını uzun tənəzzül gözlədiyini açıqlayıb. Bank ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu 0,5 faizə endirib.
DB bəyan edib ki, 2015-2016-cı illərdə Rusiya iqtisadiyyatında artımın sürəti zəif olacaq. Bu rəqəm 0,3-0,4 faiz təşkil edəcək. Bu da İqtisadi İnkişaf Nazirliyinin proqnozundan - 1,2% və müvafiq olaraq 2,3% -dən aşağı rəqəmdir.
DB-nın ekspertləri Rusiya üçün iki ssenari hazırlayıblar. Bunlardan birincisi siyasi gərginliyin davam edəcəyi və sanksiyaların sərtləşəcəyi təqdirdə Rusiya iqtisadiyyatının çətinliklə üzləşəcəyidir.
Bankın ekspertləri həmçinin alternativ optimist ssenari də hazırlayıblar. Bu ssenari özündə 2014-cü ilin sonuna qədər siyasi gərginliyin azalması, sanksiyaların qaldırılması nəticəsində iqtisadiyyatın bərpasını nəzərdə tutur. Bu halda ÜDM-in artım tempinin 2014-cü ildə 0,5 faiz, 2015-ci ildə 0,9, 2016-cı ildə 1,3 faizə yüksəlməsi proqnozlaşdırılır.