“Tiflis tapşırığını Vaşinqtondan almışdı...” Dünya

“Tiflis tapşırığını Vaşinqtondan almışdı...”

Sahil İskəndərov: "Çünki, o zaman Suriya problemi ilə bağlı Ağ Ev Moskvanın "xeyir-duasını" almaq istəyirdi"

Azər Həsrət: "Gürcüstanda baş verən olayların birbaşa qərblə, şərqlə əlaqəsi yoxdur"

Son günlər qonşu dövlətin hakim dairələrində müşahidə edilən müəmmalı proseslər bir sıra suallar doğurub. Ekspertlər 3 nazirin istefasını dərin siyasi böhranla əlaqələndirirlər. Gürcüstanda "Gürcü arzusu"nun iflasa uğradığı haqqında fikir bildirilir. Bunun əvəzində siyasi meydanda "Azad demokratlar" adı altında yeni təşkilat özünə yer etməyə çalışır. Bununla ölkənin siyasi səhnəsində maraqlı və eyni dərəcədə ziddiyyətli mübarizənin gedəcəyi proqnozlaşdılır. Lakin xarici qüvvələrin Gürcüstandakı proseslərə təsiri də unudulmur. Böyük geosiyasi güclərin öz maraqları naminə hansı addımları ata biləcəyi xüsusi maraq doğurur. Onlar arasında mübarizənin yeni səviyyəyə qalxması istisna edilmir.
Mövzuya geniş yer ayıran Rusiya KİV-i məsələnin mümkün geosiyasi nəticələrini təhlil edir. Rəsmi Tiflis isə yaranmış vəziyyətdən çıxış yollarını axtarır. Çünki meydana çıxan problem yalnız kimlərinsə işdən kənarlaşması ilə məhdudlaşmır. Ekspertlər baş verənlərin dərin siyasi və geosiyasi kontekstinin olduğunu vurğulayırlar. Gürcüstan faktiki olaraq hakimiyyət böhranı dövrünü yaşayır. Bunun kökündə prezidentlə baş nazir arasında yaranmış fikir ayrılığının durduğu qeyd olunur.
Açıq mətnlə deməsə də, Gürcüstan prezidenti bütün bunların arxasında Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvilinin dayandığı qənaətindədir. Onun göstərişlərini isə hazırkı baş nazir Qaribaşvili həyata keçirir. Bununla da ziddiyyətlər Marqvelaşvili- Qaribaşvili münasibətləri müstəvisində özünü göstərir...
Gürcüstanda başç verən istefaları bəzi ekspertlər Rusiya meylli qüvvələrin revanşı kimi qiymətləndirirlər. Bəs Gürcüstan hakimiyyətinin Qərblə əlaqələri kəsməsi nə dərəcədə mümkündür?
Siyasi təhlilçi Sahil İskəndərov "düşünmürəm ki, bu gün Gürcüstanda baş verən hadisələr Rusiyapərəst qüvvələrin revanşının başlanğıcıdır".- deyə bildirdi. Onun sözlərinə görə, belə yanaşma ilk növbədə bir çoxlarının İvanişvilinin Rusiyapərəst fiqur kimi qəbul etməsindən irəli gəlir: "Hərçənd, bir sıra detalları (elə ən azı keçmiş parlament seçkiləri öncəsi onun Rusiyadakı biznesinin dörddə üç hissəsini sataraq, aktivlərinin və biznesinin böyük qismin Qərbə köçürməsi buna sübutdur) dərindən təhlil etsək bunun heç də belə olmadığı aydınlaşar. Ikincisi, əgər o Rusiyapərəst idisə, niyə birbaşa onun layihələri olan ifrat qərbpərəst Marqvelaşvili prezident, Qaribaşvili isə baş nazir seçildilər (onların xaricdəki təhsilləri və hansı xarici qurumlarla (xüsusilə də Amerikada) əlaqələrini araşdırın). Daha dəqiqi isə seçilmədilər, İvanişvilinin xeyir-duası ilə bu postlara təyin olundular. Sizcə Gürcüstana 12 milyard dollar yatırmış (əslində isə bağışlamış) Vaşinqton bu cür sadəlöhvcəsinə Gürcüstanda Rusiyapərəst siyasətçilərin (İvanişvili, Marqvelaşvili, Alasaniya və Pancikidze—hamısı qərbpərəst) hakimiyyətə əyləşdirilməsinə razılaşa bilərdimi? Xeyr. Sadəcə guya Rusiyapərəst İvanişvili pərdəsi altında Gürcüstanda bir qərbpərəst hakimiyyət digər qərbpərəst (doğrudur Moskvaya münasibətdə bir qədər loyal) hakimiyyətlə əvəz olunmuşdu. Rusiya ilə münasibətləri müəyyən qədər "mülayimləşdirmək" və bəzi əlaqələri (ticari, nəqliyyat və s.) bərpa etmək tapşırığını da Tiflis məhz Vaşinqtondan almışdı. Çünki, o zaman Suriya problemi ilə bağlı Ağ Evə Moskvanın "xeyir-duasını" almaq üçün Vaşinqton bir növ Gürcüstanın yenidən Rusiyanın geosiyasi təsir dairəsinə keçə bilməsi ehtimalı yaradırdı. Yəni gələcəkdə bu gedişlə guya Gürcüstanın postsovet məkanında Moskvanın inteqrasiya proseslərinə qoşulmasına zəmin hazırlana bilərdi. Amma bütün bunlar Vaşinqtonun məharətlə oynadığı məzhəkə idi. Ən azı ona görə ki, Gürcüstanda indən belə ən Rusiyapərəst hakimiyyət gəlsə belə Moskva-Tiflis münasibətləri ərazilərin (Abxaziya, Cənubi Osetiya) qaytarılması prizmasından keçəcək. Bu müstəvidə isə Rusiya (ən azı Putinin liderliyi dövründə) qərarını dəyişməyəcək, yəni sözünü geri götürməyəcək". O, həmçinin əlavə etdi ki, Vaşinqton bunun yaxşı fərqindədir: "Bəs onda indiki hakimiyyət böhranı nə ilə bağlıdır. Bu Ukrayna hadisələri nəticəsində Qərb-Rusiya geosiyasi qarşıdurmasının kəskinləşməsi fövqündə Vaşinqtonun Gürcüstanda Moskva ilə daha sərt münasibətlərin tərəfdarı olan ifrat Qərbpərəst qüvvələrin yenidən hakimiyyətə qaytarılması planıdır. Həmin qüvvələr Gürcüstanla Rusiya arasında təzə-təzə bərpa olunmağa başlayan ticari və nəqliyyat əlaqələrini yenidən dondurmaqla bir növ Rusiyaya qarşı yönlənmiş sanksiyalara qoşulurlar. İkinci bir tərəfdən, Gömrük və Avrasiya İqtisadi İttifaqlarına qoşulmağa razılıq vermiş Ermənistanla Rusiya arasında Gürcüstan ərazisi vasitəsilə əlaqənin yaradılmasına imkan verilmir. Bunun üçün isə ilk növbədə Gürcüstanda Kremllə sərt ritorikanın tərəfdarları hakimiyyətə qayıtmalıdırlar. Yəni Vaşinqton bir qədər loyal təbiətli Qərbpərəst İvanişvilini və onun layihələrini tədricən siyasi meydandan çıxarmağa başlayır".
Siyasi şərhçi Azər Həsrət vurğuladı ki, Gürcüstanda baş verən olayların birbaşa qərblə, şərqlə əlaqəsi yoxdur: "Sadəcə, Azərbaycandan fərqli olaraq, bu ölkədə sabit dövlətçilik ənənələri formalaşa bilməyib. Ona görə də hər ağızdan bir avaz gəlir. Nəticədə isə ölkə iqtisadi problemlərini həll edə bilmir, siyasi platformada yaxşı oyunçu təsiri bağışlamır. Demokratiya eyforiyasına qapılmış bəzi məmurlar isə başlarından yüksəyə tullanmaq istəyir, bu alınmayanda hakimiyyət iflic olur".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu dedi ki, son zamanlar Gürcüstanda gedən proseslər, onu deməyə əsas verir ki, bu ölkə daxilində rusiyameylli qüvvələr xeyli fəallaşıblar: "İstər vəzifəli şəxslərin işdən kənarlaşdırılması, istərsə də istefalar vəziyyətin son dərəcə gərgin olduğuna bir işarədir. Faktiki olaraq Ukrayna cəbhəsində uğursuzluğa düçar olaraq fasilə götürmüş Rusiya, indi də gərginliyi Qafqaz istiqamətinə yönəltmək istəyir ki, bunun da bir çox strateji əhəmiyyəti var. Lakin düşünürəm ki, Qərb də yatmır. Onsuz da sanksiyalara tuş gəlmiş Rusiya iqtisadiyyatı bu ölkənin növbəti Qafqaz avantürasına tab gətirə bilməyəcək. İndiki halda Gürcüstan hakimiyyəti və ictimaiyyəti batan Rusiya gəmisi ilə birlikdə yollarının ayrı olduğunu gözəl dərk edirlər".
Millət vəkili Zahid Oruc isə hesab edir ki, Gürcüstanda koalisiyadan qopan qüvvələr öz imkanlarını genişləndirirlər. Onun sözlərinə görə, İvanaşvili komandasının daxilindəki çatın öz həllini tapdığını zənn edənlər yanılır: "İrakli Alasaniya, Pancikidze və onun çevrəsində olan parlamentarilər yeni qüvvələr ilə daha da güclənəcək. Baxmayaraq ki, Saakaşvili komandasının çox kiçik bir qismi qalıb, onlar da revanş götürmək üçün öz qüvvələrini səfərbər edirlər. Belə olan təqdirdə siyasi mübarizədəki gərginlik avtomatik olaraq dövlətin yürütdüyü kursa təsir göstərəcək. Ən başlıca məsələ hazırki dövrdə "Gürcüstanın seçdiyi Qərbyönümlü kursdan geri çəkilməsi mümkündürmü və yaxud da bu siyasət tamamilə iflasa uğraya bilərmi, həmçinin 2008-ci ildə haqqını çox baha ödədiyi siyasətinə görə yenidən cəzalandırıla bilərmi" suallarını müəyyənləşdirməkdir. Yəni açıq şəkildə hökumət tərkibində Rusiyaya yaxın olan və indi yürüdülən siyasətin Gürcüstanın maraqlarına zidd olduğunu yəqin edənlərin daha gizli diversiyaları, prosesi sabotaj etmək cəhdləri bir nəticə verə bilər. Çünki nə ordu sıralarından, nə də ki dövlətin digər eşalonlarından keçmiş qüvvələrin hamısını təmizləmək mümkün olub. "Lüstrasiya" qanunu var ki, keçmişdə vəzifə tutanların hər hansı bir şəkildə 10 il ərzində müxtəlif dövlət qurumlarında təmsilçiliyinə yasaq qoyur. Ukraynada da ən sonda bunu tətbiq etdilər. Bu, Gürcüstanda sona qədər sovetizm və ruspərəstliyi aradan qaldıra bilmədi". Millət vəkili Gürcüstanın siyasi kursunda dəyişikliyin təkcə Qərblə əlaqələrə deyil, bölgədə iqtisadi, siyasi və geosiyasi vəziyyətə, o cümlədən Türkiyə və Azərbaycanla olan hərbi və təhlükəsizlik ittifaqlarına da təsir göstərəcəyini bildirib: "İvanaşvilinin özünü arxa plandan ön cəbhəyə qaytarması, hətta televiziyada veriliş aparıcılığına kimi incə bir siyasətə əl atması, Alasaniyanın "ölkə arxa qapılardan idarə olunmalı deyil", "demokratik institutlar cəmiyyətdə özünü göstərməlidir" iradı o deməkdir ki, Saakaşvilinin başlatdığı siyasətdən geri çəkilmələrini onun əleyhdarları görür. İvanaşvilinin malik olduğu 8 milyardlıq kapitaldan ölkənin iqtisadi ehtiyaclarına qoyulmadı. Kontekstdə təkcə geosiyasət deyil, əhalinin sosial rifahı durur və bundan da müxtəlif qüvvələr öz məqsədləri üçün istifadə edəcəklər".

Əli