Rusiyadakı böhranın təsirləri Ermənistan üçün faciəvi olacaq Dünya

Rusiyadakı böhranın təsirləri Ermənistan üçün faciəvi olacaq

Cavid

Ermənistanda vəziyyət getdikcə gərginləşir. Həm ölkədaxili, həm də xaricdə məskunlaşan ermənilər Sarkisyan hakimiyyətinə qarşı mübarizə aparmağa başlayıblar. Bunun əsasında isə Sarkisyan hakimiyyətində qarşıdurmanın güclənməsi, ölkədə yoxsulluğun artması, əhalinin ölkədən köçü və s. amillər dayanır. Ermənistan mətbuatı ölkənin iflic vəziyyətindən bəhs edir. Ermənistanın "Joxovurd" qəzeti ölkəni tərk edən əhalinin sayını açıb. Qəzetin yazdığına görə, Ermənistanda çörək istehlakının ildən ilə azalması əhalinin köçməsi ilə bağlıdır. Qəzetin məlumatına görə, keçən illə müqayisədə bu il Ermənistanda çörək istehlakı 1,8% azalıb. Bu ilin ilk 9 ayında bu ölkədə 218 min 800 ton çörək bişirilib. Halbuki, keçən ilin uyğun dövründə 221 min 900 ton bişirilmişdi."Joxovurd"un məlumatına görə, ölkənin rəsmi əhalisinin 3 milyon 19 min olduğu nəzərə alınarsa, çörək yeyənlərin 1,8% azalması ölkə əhalisinin keçən il 54 min nəfər azalmasından xəbər verir. O da yazılıb ki, Ermənistanda yoxsulluğun səviyyəsi durmadan artır və ötən ildə 32 faiz təşkil edib. Ermənistanın Milli Statistika Xidmətinin əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin rəhbəri Karine Kuyumçuyan bildirib ki, bu göstərici miqrasiyaya da təsir göstərib, emiqrantların sayı artıb, yoxsulluq sürətlənir. O deyib: "Bilirsiniz, bunu müqayisə etmək çox çətindir, çünki indiyədək belə dərin böhran yaranmamışdı və müqayisə aparılmamışdı. Ancaq 2013-cü ildə tədqiqat aparıldı, ev təsərrüfatlarının miqrant-üzvləri ilə əlaqədar sorğular keçirildi və aydınlaşdı ki, əhalinin 9.6% miqrantdır." Onun sözlərinə görə, 2013-cü ildə dövlətlərarası miqrasiya 44% təşkil edib, orta göstərici 26 min nəfər olub. Kuyumdjyan bildirib ki, demoqrafik vəziyyətə gəlincə, respublikada ötən ildə doğum sayı üzrə göstərici 41 min 790 uşaq təşkil edb. Bu, əvvəlki illə müqayisədə azalma deməkdir. Bu faciəvi durumun araşdırılmasına və qarşısının alınmasına çox böyük ehtiyac duyulur.
Erməni mətbuatı onu da yazıb ki, ölən əsgərlərin anaları Serj Sarkisyanın iqamətgahına hücüm çəkiblər.
Polis 2007-ci ildə Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində yerləşdirilmiş Ermənistan hərbi hissələrində xidmət keçərkən öldürülmüş Tiqran Ohacanyanın anası Qoar Sakisyan və 2013-cü ildə ölmüş Arman Muradyanın atası Ovsep Muradyanı prezident iqamətgahının qarşısından qova bilib.
Polis Serj Sarkisyanın qonaq gözlədiyini və iqamətgahın qarşısını tezliklə təmizləmək tapşırığı aldıqlarını bildirib və valideynləri iqamətgah qarşısından uzaqlaşdıra bilib. Bundan bir neçə dəqiqə sonra isə iqamətgah qarşısında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin avtomobili görünüb. Polis əsgər valideynlərinin Kasprşiklə görüşünə imkan verməyiblər.
Aksiya iştirakçıları prezident iqamətgahı qarşısından çəkilərək Ermənistan parlamenti önünə gəliblər. Burada onlar ölən əsgərlərin rəsmi ölüm səbəblərinin yanlış yazıldığına etiraz edərək onlara həqiqətin söylənilməsini tələb ediblər. Parlament qarşısından da qovulan ölmüş əsgərlərin valideynləri Böyük Britaniyanın İrəvandakı səfirliyinin qarşısına toplaşaraq aksiya təşkil ediblər.
O da qeyd olunub ki, son illər Ermənistanda intihar hadisələrinin artması bu ölkənin kütləvi informasiya vasitələrinin bəhs etdiyi əsas mövzulardandır.
Fransadakı erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 23 noyabr tarixli nömrəsində müstəqil erməni jurnalisti Marianna Qriqoryanın "Ermənistan: intihar faizi artır" sərlövhəli məqaləsində ölkədə intihar hallarının ildən-ilə çoxaldığını bildirib və bunun səbəblərini diqqətə çatdırıb.
Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına istinad edilən məqalədə bildirilib ki, iqtisadi tənəzzülün getdikcə dərinləşdiyi və acınacaqlı vəziyyətin yarandığı bu ölkədə əgər 2003-cü ildə 377 intihar hadisəsi qeyd olunmuşdusa, 2013-cü ildə həmin rəqəm 768-i ötüb. Məqalədə özlərinə qəsd edənlərin əksəriyyətinin intihar üçün İrəvanın mərkəzində yerləşən 62 metr hündürlükdəki Kiyev körpüsünü seçdikləri qeyd olunub.
Erməni ekspertləri intihar hallarının son on ildə sürətlə artmasını ölkə iqtisadiyyatının tənəzzülə uğraması, məmurların özbaşınalığı, dövlət rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə əhalisinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması ilə əlaqələndiriblər.
Müəllif intihar hallarının daha çox insanların iş tapa, ailəsini dolandıra bilməməsi zəminində baş verdiyini yazır. Ekspertlər isə getdikcə artan intihar hallarının baş vermə səbəblərinin açıqlanmasına hökumət tərəfindən qadağa qoyulduğunu etiraf edirlər.
Məqalədə artıq ölkədə ciddi problemə çevrilən intihar hadisələrinin həlli ilə bağlı nə hökumətin, nə də qeyri-hökumət təşkilatlarının hər hansı proqramının olmadığı, dövlət rəsmilərinin intihar hallarının artmasından narahatlıq hissi keçirməmələri və ciddi təşvişə səbəb olan bu hadisəyə soyuqqanlı münasibət göstərmələri təəssüf hissi ilə qeyd edilir.
Gürcüstanda yaşayan ermənilərin də ölkədən deportasiya edildiyi bildirilib. Amma bu məlumatı Gürcüstan mətbuatı yazır. Xəbərə görə, Gürcüstan hökumətinin tətbiq etdiyi yeni viza qaydalarına əsasən 2 mindən çox erməninin ölkədən deportasiya edilməsi gözlənilir. Bu barədə "Azad Gürcüstanda" partiyasının siyasi katibi Tenqiz Omanidze açıqlama verib. O, qeyd edib ki, Cənubi Gürcüstanda yerləşən Samtsxe-Cavaxeti bölgəsində yaşayan 2 mindən çox erməninin deportasiyası gözlənilir. Bu onunla əlaqədardır ki, onlar Gürcüstanda yaşamaq üçün müvafiq sənədlərə malik deyillər. Qeyd edək ki, sentyabrın 1-dən etibarən əcnəbilərin Gürcüstan ərazisində yaşayış qaydaları sərtləşdirilib.
O da qeyd olunur ki, Gürcüstanın Avropa Birliyi ilə münasibətlərinin dərinləşməsi İrəvanda ciddi narahatlıq doğurur.
Rəsmi İrəvan bu addımın gələcəkdə Ermənistanı tam blokadaya salaraq Rusiya ilə əlaqələrə mane olacağından qorxur.
Məsələ bundadır ki, Gürcüstan hazırda Rusiya - Ermənistan kommunikasiyaları üçün tranzit rolunu oynayır. Amma yanvarın 1-dən Ermənistan Avrasiya İttifaqının üzvü kimi fəaliyyətə başladıqdan sonra bu kommunikasiyaların gələcəyinin necə olacağı sual altındadır. Çünki hakimiyyətdə Saakaşvilini əvəz edən komanda da NATO ilə inteqrasiyanı davam edir. Təbii ki, Gürcüstan NATO və ya Avropa Birliyinin üzvü olduqda Rusiya Ermənistan əlaqələri sual altına düşəcək.
Noyabrın ortalarında Gürcüstanın iqtisadiyyat naziri İrəvana səfər edərək bu məsələləri həll etməli idi. Amma göründüyü kimi, həmin səfər gerçəkləşmədi. Həmçinin Gürcüstan tərəfi Avropa Birliyi ilə əlaqələrə daha çox önəm verdiklərini vurğulayır.
"Bizim Rusiya ilə münasibətlərimizdə real irəliləmə yoxdur. Amma Avropa Birliyindən tam dəstək alırıq", - deyə Gürcüstan prezidenti İrakli Qaribaşvili vurğulayıb.
Təbii ki, belə olan tərzdə Ermənistanın yalnız bir yolu qalır - Axalkalakidə yaşayan erməniləri fəallaşdıraraq Gürcüstan üçün yeni cəbhə açmaq. Bu həm də Rusiyanın regiona hərbi müdaxilə edərək haqqında çoxdan danışılan Osetiya-Cavaxetiya, yəni Rusiya - Ermənistan dəhlizini həyata keçirməsinə əsas yarada bilər. Neftin ucuzlaşması və Qərbin Rusiyaya sanksiyaları Avrasiya İttifaqına təzə girmiş Ermənistanın hakim klanı üçün yeni təhlükə yaradıb". Bu iddia ilə də müstəqil erməni mətbuatı çıxış edib. Mətbuat Ermənistanın qaça bilməyəcəyi büdcə sevesteri ilə izah edir. Yəni büdcədə gəlir az olacaq və mütləq xərclər də azaldılmalıdır. "Rusiyadakı təlatüm hakim sistemi "toxunulmaz" daxili resurslara yönəlməyə məcbur edə bilər. Söhbət Ermənistan iqtisadiyyatı üçün əngələ çevrilən iri kapitaldan gedir", – deyə erməni şərhçi Akop Badalyan bildirib. Şərhçinin fikrincə, bu kapitalın inhisarçılığına son qoyulmazsa, Rusiyadakı böhranın təsirləri Ermənistan üçün faciəvi olacaq.