ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir Dünya

ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir

ÜST-nin Azərbaycan Nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində sosial işçilər və həssas qruplarla işləyən tibb işçiləri üçün Əsas Psixososial Dəstək və Psixoloji İlk Yardım mövzusunda təlim sessiyaları keçirilir.

15-27 fevral tarixləri arasında Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Beyləqan rayonlarında keçirilən təlimlərə təxminən 50 sosial işçi qatılıb.

Bu proqram birbaşa həssas qruplarla işləyən xidmət təminatçılarının psixososial dəstək və psixoloji ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bundan əlavə, iştirakçılar proqram çərçivəsində çətin vəziyyətlərdə işləmək üçün vacib olan və emosional tükənmə sindromunun qarşısını ala biləcək özünəqulluğu da öyrənirlər.

Qeyd edək ki, təlimlər Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin təlimçiləri ilə birlikdə aparılır.

İlkin səhiyyə mütəxəssisləri, sosial işçilər və s. kimi ön cəbhə işçiləri üçün əsas psixososial dəstək və psixoloji ilk yardım üzrə təlim proqramının ölkəboyu davam etdirilməsi planlaşdırılır.