Terror Avropanı çalxaladı Dünya

Terror Avropanı çalxaladı

Şengen zonasının ləğvi məsələsi gündəmə gətirilib

Avropa Birliyi (AB) Fransada "Şarli Hebdo" jurnalına hücumdan sonra terrorla mübarizə tədbirlərini gücləndirmək üçün Şengen zonası sərhədlərində yoxlamaları artıra bilər.
Axar.az xəbər verir ki, artıq bir neçə dövlətin təşəbbüsü ilə çağırışlar da edilib.
Şengen sistemində dəyişikliklərə gətirib çıxaracaq bu qərar ilk dəfə İspaniya və Fransadan gəlib.
Belə ki, İspaniya Daxili İşlər naziri Xorxe Fernandes Dias Avropada azad zona imkanlarının terrorçulara əlavə üstünlük verdiyini və hər ölkənin öz sərhədləri daxilində nəzarəti gücləndirməsinin vacib olduğunu bildirib.
Fransa Daxili İşlər naziri Bernard Kazeneuve isə AB qanunlarının terrorla mübarizə üçün kifayət olmadığını vurğulayıb.
Mövcud viza şərtlərinin dəyişdirilməsi ilə nəticələnəcək bu qərar Fransanın sağ milliyyətçi "Milli cəbhə" partiyası tərəfindən də dəstəklənib. Partiyanın lideri Marin Le Pen Şengen zonasında sərhədləri keçərkən sənədlərin yoxlanılmasını bərpa etməyə çağırıb.
"Avronyus" telekanalına müsahibə verərkən qaynar nöqtələrə getdikdən sonra cinayət törətmək üçün geri qayıdanlardan Avropa pasportlarının alınması təklifi ilə də çıxış edən Marin Le Pen kütləvi və nizamsız immiqrasiyanın öz ideyaları ilə bəzi Fransa əyalətlərini zəhərləyən islam fundamentalçılarına sərf etdiyini deyib.
Lakin məsələnin ciddiliyini nəzərə alan iqtisadi baxımdan bəzi asılı ölkələr bu qərarı alqışlamır.
Strasburqdakı sessiyada bir çox avropalı deputatlar Avropa İttifaqı (Aİ) daxilində hərəkəti məhdudlaşdırmağı insan hüquqlarına qəsd kimi qiymətləndirib. Onların arasında demokratiya və azadlığı nəinki terrorçulardan, eyni zamanda daxildəki aşınmadan da qorumağın vacib olduğunu bildirən niderlandlı liberal Sofi in Tveld də var.
Almaniyalı siyasi analitik Asem əl Diafraui isə administrativ tədbirlərin sərtləşdirilməsinin Avropa İttifaqında radikallığı ram etməyəcəyini qeyd edib.
Almaniya və İtaliya vizasız şengen rejiminin ləğv olunmasının əleyhinə çıxış ediblər. Avropa İttifaqına sədrlik edən Latviya isə bu məsələni Aİ-nin dövlət və hökumət başçılarının fevralda gözlənilən görüşünün gündəliyindən çıxarıb.