Edvard Karvardin: "Pandemiya uşaqların təhsilinə və asudə vaxtına təsir edib" Dünya

Edvard Karvardin: "Pandemiya uşaqların təhsilinə və asudə vaxtına təsir edib"

"Ötən il dünyada və Azərbaycanda pandemiya ilə əlaqədar uşaqlar üçün çətin olub. Bu, onların təhsilinə, asudə vaxtına təsir edib".

APA-nın məlumatına görə, bunu Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən "Mənim səsim-mənim hüquqlarım" adlı tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib. O bildirib ki, bununla yanaşı, bəzi uşaqların ailələrində maliyyə problemi yaranıb: "Həmçinin pandemiyanın valideynlər üzərində stressi, psixoloji təsirlərini də qeyd etmək lazımdır. Bir şeyi də müşahidə etdim ki, uşaqlar virusa imkan vermədilər ki, onların həyatını tamamilə dayandirsın. Onlar təhsillərini davam edirdilər, yaranmış şəraitə uyğunlaşırdılar".

E. Karvardin qeyd edib ki, keçən ildən başlayaraq əvvəlki illərə görə dünya çox dəyişib: "Biz dəyişiklikləri nəzərə alaraq uşaqlar üçün yeni imkanları istifadə etməliyik. Ötən dövrdə Azərbaycanda çox önəmli tarixi hadisələr baş verdi. Yeni icmaların qurulmasının intizarındayıq. Ora yatırılacaq maliyyə, yardım hesabına uşaqların hüquqlarının təmini üçün daha pozitiv imkan qazanmış oluruq. Əsas mesajım gələcəklə bağlıdır, biz gələcəyə baxmalıyıq. Keçmişdə gərginliklər, ağrılar oldu, amma nəzərlərimizi gələcəyə doğru yönəltməliyik. Gələcək bizim əlimizdədir. Bir şeyi də qeyd etmək istəyirəm. Biz bir günlə kifayətlənməməliyik, qəbul etdiyimiz bütün qərarlarda uşaqları nəzərə almalıyıq. Hamınız bu prosesdə iştirak etməlisiniz və fikirlərinizi mütləq nəzərə almalıyıq".