Ermənistan Avropa Məhkəməsinin qərarını icra etməməklə beynəlxalq qanunu ayaqlar altına atır - Çıraqov Dünya

Ermənistan Avropa Məhkəməsinin qərarını icra etməməklə beynəlxalq qanunu ayaqlar altına atır - Çıraqov

Ermənistan 6 ildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2015-ci il iyunun 16-da qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı icra etməkdən boyun qaçırır.

Bunu Trend-ə Çıraqovlar ailəsinin üzvü Elxan Çıraqov deyib.

O qeyd edib ki, həmin qərarda Ermənistan işğalçı dövlət kimi tanınır: “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı beynəlxalq məhkəmə orqanının azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki, yeganə sənədidir. Bu qərar sübut etdi ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan ərazilərini işğal edib, dağıdıb. Bu qərarda Ermənistandan bizə vurduğu ziyanın ödənilməsi tələb olunur.

Ancaq uzun müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də təzminatı ödəmir. Ermənistan yenə də beynəlxalq qanunları ayaqlar altına atır, beynəlxalq bir məhkəmənin qərarını heçə sayır. Bu, Ermənistan tərəfindən edilən növbəti özbaşınalıqdır. Biz heç zaman bu məsələni bu cür buraxmayacağıq, Avropa Məhkəməsinə yenə müraciət edəcəyik. Avropa Məhkəməsi bu qərarın icra edilməsinə cavabdehdir və biz buna nail olacağıq.

Ermənistanın ödəməli olduğu təzminat bizə dəyən maddi və mənəvi zərər qarşısında heç nədir. Biz 30 ildən sonra gedib öz yurdumuzu gördük, ermənilər hər şeyi məhv edib, elə dəhşətli bir mənzərədir ki, dil ilə ifadə etmək çox çətindir”.