"Taliban əvvəlki səhvləri və cinayətləri yenidən təkrar etmək istəmir" Dünya

"Taliban əvvəlki səhvləri və cinayətləri yenidən təkrar etmək istəmir"

Əfqanıstandakı gərginlik gerçəkdən regionun və dünyanın başağrısına çevrilib. Geopolitik maraqlara xidmət edən Əfqanıstan problemi bəzi siyasi, hərbi dairələrin politoloji müzakirə poliqonunun əsas mövzusudur. Bundan kimlərin qazanc götürəcəyini və yaxud itirəcəyini qabaqcadan demək çətindir. 40 ildən artıqdır ki, bu ölkə sabitlik, rifah üzünə həsrət qalıb.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında ekspert Əkrəm Bəydəmirli bildirib.

Bir anlıq nəzər salaq Əfqanıstanda hərbi münaqişlər necə yarandı. Hətta o dövrdə, yəni ötən əsrin 80-ci illərinə qədər həmin regionu tədqiq edən şəxslər də bu, fikirləri təsdiqləyir ki, vaxtılə Əfqanıstanda şahlıq dövründə indikindən fərqli olaraq normal həyat tərzi, dövlətçilik ənənələri, sabitlik olub:

"Təbii ki, o zaman həmin ölkənin əhalisi belə demək mümkündürsə zamanın tələblərinə, ölkənin iqtisadi potensialına uyğun yaşayırdı. Dünyanın hegemon qüvvələri olan Sovet İttifaqı ilə ABŞ-ın hərbi poliqonuna çevrilən kimi Əfqanıstan həmin dövrdən başlayaraq çokməyə başladı. Əfqanıstana ixrac olunan azadlıq, demokratiya əgər buna azadlıq demək mümkündürsə, görün, bu ölkəni hara gətirib çıxarıb? Həm Rusiya, həm də ABŞ regiona sonu görünməyən fəlakət gətirdi".

Ə.Bəydəmirli bildirib ki, deməli, bu prosesləri analiz edəndə bu qənaətə gəlmək olar ki, hər bir ölkə üçün ciddi problem demokratiya deyil, dövlət, dövlətçilik ənənələrinin oturuşmamasıdır. Ədalətli idarəetmə sisteminin bərqərar olmasıdır. Əfqan xalqı öz dövlətini qurub möhkəmləndirməyənə qədər taliblər və digər qüvvələr sabitliyi pozmağa talib olacaqlar:

"Amerikanın bu regionu uduzmuş şəkildə tərk etməsindən sonra Taliban rejimi gücləndi. İslama nə qədər dəxli olub olmadığını demək çətin olsa da, Taliban rejimi şəriət qanunlarına uyğun idarəetmə sistemini yenidən tətbiq etməkdədir.

Ancaq burada bir diqqəti çəkən məqam ondan ibarətdir ki, Taliban əvvəllər etdikləri səhvləri və cinayətləri yenidən təkrar etmək istəmir. Görünür, Taliban rejiminin ideoloqları keçmişlərindən ibrət dərsi götürərək dünyadan təcrid olunmuş şəkildə yaşamağın, inkişaf etməyin mümkünsüzlüyünü dərk edirlər. Bu pozitiv proseslərin başlanğıcı ola bilər".

Cavid