ABŞ və İran gəmiləri körfəzdə üz-üzə gəlir Dünya

ABŞ və İran gəmiləri körfəzdə üz-üzə gəlir

Regionda yeni hərbi hərbi qarşıdurma ehtimalı artır

Cavid

İranın "Fars" xəbər agentliyinin (ISNA) məlumatına görə, aprelin 8-də yola çıxan İran hərbi donanmasına aid iki döyüş gəmisi artıq Ədən körfəzinə çatıb. İran Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Habibullah Səyyari bildirib ki, sözügedən gəmilərin vəzifəsi ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək və İranın açıq dənizlərdəki maraqlarını qorumaqdır.
O qeyd edib ki, Alborz dağıdıcı gəmisi və Buşehr köməkçi gəmisi Ədən kötfəzinə göndərilib: "Hərbi gəmilər İranın gəmiçiliyininin təhlükəsizliyini təmin etmək və açıq dənizdə İranın maraqlarının qorunması missiyası üçün göndərilib".
Bir çox siyasi analitiklər İranın bu qərarının bölgədəki hərbi münaqişəni daha da alovlandıracağı, Səudiyyə Ərəbistanı ilə dəhşətli müharibəyə səbəb ola biləcəyi haqqında fikirlər söyləyirlər. Onu da qeyd edək ki, hazırda Ədən körfəzində, Yəmən sahillərində 7 döyüş gəmisi olan ABŞ bölgəyə daha iki hərbi gəmi göndərib. Bu gəmilər ötən gün Ədən körfəzinə doğru yola çıxıblar. ABŞ prezidenti Barak Obama bildirib ki, İranın dəniz yolu ilə Yəməndəki "Husilər"ə silah daşıması dəniz ticarətini təhlükəyə atır. Obama bununla bağlı rəsmi Tehrana sərt xəbərdarlıq etmişdi.
Ötən gün Yəməndə hərbi əməliyyatların bitdiyini açıqlayan Səudiyyə Ərəbistanı da İrana xəbərdarlıq edib. Bu ölkənin ordu generalı Asiri bildirib ki, körfəzə daxil olan İran gəmilərinin "Husilər"ə silah daşıdığından ən kçik şübhə edildiyi halda vurulacaqlar.
ABŞ müdafiə naziri Karter deyib ki, Birləşmiş Ştatlar Yəmənə gedən İran gəmilərinin şiə məzhəb husi yaraqlılarına qabaqcıl silah aparma ehtimalından narahatdır.
Aprelin 22-də jurnalistlər Karterdən soruşublar ki, İran gəmilərindən biri Yəmənə keçməyə çalışarsa, Birləşmiş Ştatlar onu güclə saxlaya bilərmi?
O isə suala belə cavab verib: "Variantlarımız var, o həddə çatmamışıq. Tərəfləri masaya qaytarmağa çalışdığımız mərhələdəyik".
Onun sözlərinə görə, Vaşinqton Tehrana aydın şəkildə bildirir ki, "açıq-aşkar odu alovlandırmaq, yaxud istənilən tərəfdən ona kömək etmək tərəfimizdən alqışlanmır".
Bu arada bəlli olub ki, ABŞ-ın "USS Theodore Roosevelt" təyyarədaşıyan gəmisi də Yəmən sahillərinə çatmaqdadır və o da ABŞ-ın digər hərbi gəmilərinə qoşulacaq.