NATO Ukraynaya ordu yeridə bilər? Dünya

NATO Ukraynaya ordu yeridə bilər?

ABŞ prezidentinin müşaviri: "Ukraynada gərginliyi artıracağı təqdirdə ABŞ arsenalındakı əlavə vasitələrdən istifadə edəcək"

Üzeyir Cəfərov: "Bu dəfə Rusiya qarşısında təkcə ukraynalı hərbiçiləri yox, həm də NATO hərbi qüvvələrini görəcək"

Qabil Hüseynli: "NATO və Avropa Birliyi Rusiyanın ehtimal olunan təcavüzünə qarşı ciddi şəkildə hazırlaşır"

Cavid

Ukrayna prezidenti Poroşenko ölkənin şərqində irimiqyaslı müharibə təhlükəsi olduğunu bildirərək, ordunun müharibəyə hazır olmasını bəyan edib. Son günlər ölkənin şərqində ağır döyüşlərin qeydə alınması faktı Qərbdə də narahatlıq doğurub.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rods da Ukraynanın şərqinə ağır hərbi texnikalarının cəmləşdiyini müşahidə etdiklərini deyib. "TASS"-ın verdiyi xəbərə görə, o, Vaşinqtonun son iki gün ərzində Ukraynanın şərqində zorakılığın artmasından narahat olduğunu qeyd edib.
"Biz təmas xəttindən geri çəkilməli olan ağır hərbi texnikalarının istifadəsi hallarını qeydə alırıq", deyə Rods vurğulayıb.
ABŞ rəsmisi əlavə edib ki, Rusiya və separatçılar Ukraynada gərginliyi artıracağı təqdirdə ABŞ arsenalındakı əlavə vasitələrdən istifadə edəcək.
Ukrayna ərazisində baş verən hərbi canlanmanı hərbi ekspert Üzeyir Cəfərov belə şərh edib: "Heç kimə sirr deyil ki, Ukraynada baş verən proseslərin başında Rusiya dayanır. Bu gün Ukrayna ərazisində 10 minə yaxın rus hərbiçisinin olması onu deməyə əsas verir ki, Rusiya hələ də öz iddialarından əl çəkmir.
Rusiya indiyə qədər buraxdığı səhvləri 2015-ci ilə ərzində düzəltməsə, rəsmi Moskvanı çox ağır fəlakətlər gözləyəcək. Artıq Ukrayna ordusu ilk günlərdə yaşadığı şokdan yavaş-yavaş çıxıb. Poroşenkonun səsləndirdiyi fikirlər də adi fikirlər deyil. Ukrayna da müharibəyə hazırlaşır. Dünən NATO ordusunun Ukraynaya girməsinə Ali Rada razılıq verdi. Bu dəfə Rusiya qarşısında təkcə ukraynalı hərbiçiləri yox, həm də NATO hərbi qüvvələrini görəcək. Ukrayna heç vaxt ərazisinin işğalı ilə barışmayacaq".
Politoloq Qabil Hüseynli isə Ukrayna Ali Radasının "Xarici ölkələrin silahlı qüvvələrinin Ukrayna ərazisinə yerləşdirilməsi" haqqında qanuna etdiyi dəyişikliyi yaranmış vəziyyətdə təxirəsalınmaz tədbir kimi dəyərləndirib: "Kiyevlə Qərb arasında Ukraynanın müdafiə olunması ilə bağlı prinsipial razılaşmalar əldə edilib".
Ekspertin sözlərinə görə, qəbul olunan yeni qanun gözlənilən idi: "Bu, Donetsk və Luqanskda döyüşlərin qızışdığı bir vaxtda baş verdi. Bununla da Minsk sazişinin prinsipləri pozuldu. Artıq Ukrayna ilə Qərb arasında ölkənin müdafiə olunması ilə bağlı prinsipial razılaşmalar əldə edilib. Çünki bu razılaşma əldə edilməsə idi, Radanın belə riskli və Rusiyanı qıcıqlandıracaq addım atmasına ehtiyac yaranmazdı. Bir müddət öncə ABŞ Prezidenti Barak Obama bəyan etdi ki, Moskvaya Ukrayna məsələsində heç vaxt güzəşt edilməyəcək. Bütün bunlar da onu göstərir ki, uzun müddət NATO-nun Baltik dənizindən Qara dənizə kimi, Rusiya sərhədi boyu gücləndirilmiş hərbi zonalar yaratması heç də təsadüfi deyil".
NATO-nun Rusiya sərhədlərində möhkəmləndiyini deyən ekspert prosesin getdikcə daha sürətli hal alacağını bildirdi: "NATO və Avropa Birliyi Rusiyanın ehtimal olunan təcavüzünə qarşı ciddi şəkildə hazırlaşır və bununla bağlı bölgəyə hələ ki, minimal miqdarda hava hücumundan müdafiə sistemləri, desant dəstələri və zirehli qoşun heyəti yerləşdirir. Ali Rada buna razılıq verdikdən sonra Alyans qoşunlarının yerləşdirilməsi prosesi daha da sürətlənəcək. Bir sözlə, Rusiyanın tez-tez "nüvə düyməsinə basa bilərik" şantajına cavab tədbirləri görülür".
Ekspertin fikrincə, NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsi şimal qonşumuzun Avropa siyasətində köklü dəyişikliklər yarada bilər: "Bəziləri silahlanmanı III Dünya Savaşının başlanma ehtimalı ilə izah edir. Amma istənilən halda həm nüvə silahı, həm də digər silah növlərinin bir yerə toplanması çəkindirici amil rolunu oynayır. Silah olmayanda hücuma, yaxud müharibəyə meyllilik daha da çox olur. Silah bol olanda, yaxud qarşı tərəfin gücünə bələd olanda müharibə ehtimalı azalır. Zənnimcə, NATO Rusiya sərhədi boyunca özünün hərbi gücünü artırsa, bu, ikincinin sakitləşməsinə, Ukrayna, Latviya, Litva və Polşaya qarşı qəzetlər səviyyəsində iddia edilən təcavüzünün səngiməsinə, bəlkə də tamamilə aradan qalxmasına gətirib çıxara bilər".
Siyasi şərhçi Elxan Mehdiyev də hesab edir ki, ABŞ rəsmisi "əlavə vasitələr"deyəndə diplomatik addımları, sanksiyaları və s. nəzərdə tutur: "Təbii ki, ABŞ və NATO-nun Ukraynada hansısa hərbi əməliyyatda yer alması istisnadır. ABŞ rəsmilərinin bugünə qədər verdiyi açıqlamalar da göstərir ki, söhbət yalnız diplomatik dəstəkdən gedə bilər. B.Rods "əlavə vasitə" deyəndə də diplomatik addımları, sanksiya imkanlarını və s. nəzərdə tutur. ABŞ rus təcavüzünə məruz qalan Ukraynaya yalnlz bu şəkildə dəstək verə bilər".