
CXP koalisiya hökuməti ilə bağlı şərtlərini açıqlayıb
Abdullah Gül: "Növbədənkənar seçki keçirməyi çox böyük xətadır"
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CXP) koalisiya hökumətinin qurulmasında iştirakı ilə bağlı şərtlərini açıqlayıb. Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumatda bildirilib ki, parlament seçkisindən sonra koalisiya hökumətinin qurulmasında açar siyasi qüvvə halına gələn CXP Ədalət və İnkişaf Partiyası (AKP) ilə bir hökumətdə təmsil olunmaq üçün aşağıdakı şərtləri irəli sürüb:
- Növbəli baş nazirlik sistemi tələb ediləcək. CXP sədri Kamal Qılıcdaroğlu iki il baş nazir olmalıdır;
- Türkiyə Böyük Millət Məclisinin sədri də CHP üzvü olmalıdır;
- Koalisiya hökumətində "böyük, kiçik ortaq" olmayacaq. Nazir vəzifələri partiyalar arasında bərabər sayda bölünməlidir;
- Ədliyyə, Daxili İşlər və Milli Təhsil nazirliklərinin CHP-yə verilməsi əsas şərt kimi tələb edilməlidir;
- İcraedici orqan qanunverici qurumun fəaliyyətinə müdaxiləyə son qoymalıdır;
- 2013-cü il dekabrın 17-25-də keçirilən antikorrupsiya əməliyyatının sənədləri parlamentdə açılmalı, adları bu cinayətdə hallanan keçmiş 4 nazirin işi ilə bağlı istintaq komissiyası qurulmalıdır;
- Korrupsiya və rüşvətxorluqla bağlı məsələlər parlamentdə müzakirə edilərək, dəyərləndirilməlidir;
- Hökumət qurulduqdan sonra ilk dini bayram günü təqaüdçülərə iki maaş həcmində mükafat verilməlidir;
CXP-nin Milliyyətçi Hərəkat (MHP) və Xalqların Demokratik (HDP) partiyaları ilə qurulacaq koalisiya hökuməti üçün şərtləri:
- Baş nazir Kamal Qıqlcdaroğlu olmalıdır və onun başçılığı ilə hökumət qurulmalıdır;
- MHP koalisiya hökumətinə daxil olarsa, baş nazirin müavinləri vəzifəsi onunla bölüşdürüləcək;
- Qurulacaq hökumətin proqramı üç partiyanın seçkiqabağı vədlərinin (məhkəmə, minimum əmək haqqı, təqaüd, müqavilə əsasında işləyən fəhlələrlə bağlı vədlər) əsasında həyata keçirilməlidir;
- Lazım gəlsə, parlamentin sədrliyi MHP-yə, məclisin bəzi komissiyalarının sədrliyi HDP-yə veriləcək;
- Korrupsiya hallarına güzəşt edilməyəcək, keçmiş 4 nazirlə bağlı istintaq işləri yeniləcək.
Qeyd edək ki, iyunun 15-də partiya Məclisinin toplantısı keçiriləcək və həmin toplantıda koalisiya hökumətinin qurulması ilə bağlı irəli bu şərtlər müzakirə olunacaq.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkisində CXP 24,96% səs toplayaraq Böyük Millət Məclisində 132 deputat yeri qazanıb.
Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü səlahiyyətlərini icra edən Bülənt Arınc koalisiya hökuməti ilə bağlı şərtlərə öz münasibətini açıqlayıb. O, hökumətin qurulması ilə bağlı danışıqların hələ başlamadığını, amma bu yöndə KİV-də çeşidli məlumatların yayılmasının təbii olduğunun söyləyib: "Ancaq bu haqda yazılanların heç biri rəsmi deyil. İyunun 14-də Nazirlər Kabineti toplanacaq".
O deyib ki, keçmiş 4 nazirin məsələsini yenidən gündəliyə çıxaranlar Türkiyə Konstitusiyasını bilmir.
Bülənt Oruc bildirib ki, seçkidən 5 gün keçib və bu müddətdə təxmini nəticələr açıqlanıb: "Parlament üzvləri and içməli, Türkiyə Böyük Millət Məclisinə sədr seçməlidir. Bundan sonra baş nazir Əhməd Davudoğlu hökumətin qurulması ilə bağlı görüşlər keçirəcək".
O, koalisya hökumətinin qurulması ilə bağlı irəli sürülən şərtlərə də münasibət bildirib. B.Arınc deyib ki, 2013-cü il dekabrın 17-25-də keçirilən antikorrupsiya əməliyyatı bir dəfə parlamentdə müzakirə olunub: "Keçmiş 4 nazirlə bağlı məsələnin yenidən gündəliyə çıxarılması ölkə konstitusiyasını çeynəməkdir. Bu məsələni deyilməsi Əsas Qanunu bilməzlikdən irəli gəlir".
Onun sözlərinə görə, siyasətdə "qırmızı xətt" olmaz" ""Qırımızı xəttim budur. "Qəbul etmirəm" anlayışı doğru deyil. Özünə güvənən siyasətçi bu yolu tutmaz. Doğru-düzgün fəaliyyət göstərilərsə, ölkə üçün faydalı bir hökumətin qurulacağını düşünürəm".
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası və Miliyyətçi Hərəkat Partiyasının koalisiya hökumətinin qurulmasında iştirak etmək üçün irəli sürdükləri şərtlərdən biri də keçmiş 4 nazirin işi ilə bağlı parlament komissiyasının yaradılması və həmin əməliyyata dair sənədlərin Türkiyə Böyük Millət Məclisində yenidən müzakirə edilməsidir.
Qeyd edək ki, koalisiya qurulmayacağı təqdirdə Türkiyə yenidən seçkiyə getməlidir. Amma Türkiyənin 11-ci prezidenti Abdullah Gül növbədənkənar seçki keçirməyi çox böyük xəta hesab edir. Abdullah Gül gecə saatlarında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu ilə seçki və koalisiya hökuməti mövzusunu telefonla müzakirə edərkən bu barədə xəbərdarlıq edib: "Ədalət və İnkişaf Partiyasının daxil olduğu hökumət qurulmalıdır. Bütün şərtlər üçün uzlaşan şərait yaradılmalıdır. İyunun 7-dəki seçkidə millət koalisiya hökuməti mesajını verib. Qutudan çıxan nəticəni nəzərə almadan növbədənkənar seçkinin keçirilməsi haqda qərar qəbul etmək xətadır".
Qeyd edək ki, Abdullah Gül prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən uzaq durmağa üstünlük verir.