Azərbaycanda sarsıdıcı cinayət Hadisə

Azərbaycanda sarsıdıcı cinayət

Hacıqabul rayonunda qətl hadisəsi baş verib. Hacıqabul rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən xəbərə görə, 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hadıyev Namaz Mobil oğlu, bacısı 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızını qətlə yetirib.
Hadisə iyulun 5-də Bakı-Qazax magistralının 83-cü kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə qeydə alınıb.
Üzərində 38 bıçaq yarası olan meyit dünən Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb.
Məlumata görə, 18 yaşlı Namaz Hadıyev belə bir ağır cinayətə imza atmasının səbəbini istintaqçılara danışıb. O deyib ki, ailələri Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 80/55 ünvanında yaşayırlar. Bacısı Gövhər 2014-ci ildə evdən qaçıb. Sonradan onun Bakıda yüngül əxlaqlı qadınlara qoşulması haqda məlumat alıb. N.Hadiyev deyib ki, bacısını axtarsa da, tapıb onu evə qaytara bilməyib. İyulun 4-də isə telefonuna gizli nömrədən zəng gəlib. Dəstəyi qaldıran Namaz Hadıyev bacısının səsini eşidib. G.Hadıyeva qardaşına deyib ki, evdən qaçdığına görə çox peşmandır, bağışlanılmasını və evə qayıtmasına icazə verilməsini istəyir. Namaz Hadıyev bacısına deyib ki, onu bağışlayır. Bundan sonra Gövhər Həsənova evə qayıtmağa pulunun olmadığını deyərək Bakıda, Biləcəri qəsəbəsində olduğunu söyləyib. Namaz Hadıyev Bakıya gələrək bacısı ilə Biləcəridə görüşüb və taksi tutaraq Mingəçevirə yollanıblar. Namaz Hadıyev istintaqçılara deyib ki, bacısı ona zəng edəndən sonra o namusunu təmizləmək qərarını verib və belə qərara gəlib ki, bacısını evə gətirmək adı ilə taksiyə oturdub yola çıxacaq, yolda uyğun yer tapıb onu taksidən düşürəcək və öldürəcək. Belə bir yer kimi o, Hacıqabulun Qızılburun kəndinin ərazisini seçib. Ərazidə arabir maşın ötürmüş, gediş-gəliş az olub. Bunun üçün yolda taksi sürücüsü ilə qəsdən mübahisəyə girişib və Qızılburun kəndi ərazisində sürücüdən maşını saxlamağı tələb edib. Sürücü ilə hesablaşandan sonra onun ərazidən uzaqlaşmasını gözləyib. Taksi gözdən itəndən sonra isə Namaz Hadıyev cibində gizlətdiyi bıçağı çıxararaq bacısına hucum edib. Onu öldürdükdən sonra meyidin üzərinə kol-kos yığaraq yandırıb və heç nə olmamış kimi Bakıya gəlib. Lakin gözü önündən bacısının yalvarışları, ondan aman diləməsi səhnəsi çəkilməyib. Qətldən 2 gün sonra polisə müraciət edən Namaz Hadıyev törətdiyi əməli etiraf edərək, üzərindən namus ləkəsini təmizlədiyini söyləyib.
Faktla bağlı hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.