Sahibkarlar icarə haqqından azad olunmayacaqlar Hadisə

Sahibkarlar icarə haqqından azad olunmayacaqlar

"Metroda ticarət obyekti olanlar indiyədək vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olmadan və heç bir vergi ödəmədən fəaliyyət göstəriblər. Amma biz tələb edirik ki, bu şəxslərin hər biri qeydiyyatda olmalı, sahibkarlıq haqqında VÖEN-lə fəaliyyət göstərməlidirlər". Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyev deyib.
R.Hacıyev qeyd edib ki, metropolitendə fəaliyyət göstərən sahibkarlar tərəfindən alternativ yerlərdə yerləşdirilməklə bağlı quruma az müraciət daxil olub. Onun sözlərinə görə, sahibkarlar artıq özbaşına alternativ bazarlarda fəaliyyət göstərirlər: "İndiyə kimi bizə müraciət edənlərin hamısını yerləşdirmişik. Ancaq çoxları özbaşına ticarət mərkəzində yer götürərək, fəaliyyətə başlayıblar. Onlar metropolitendən arayışla bizə müraciət etməli və qeydiyyatdan keçməli idilər. Yalnız bu halda həmin sahibkarlar 3-4 aylıq icarə haqqı ödəməkdən azad olunurlar. Biz qeydiyyatdan keçməyənlərə görə məsuliyyət daşımırıq. Onların yerinə ticarət mərkəzinin rəhbərliyi vergi ödəməyəcək. Həmin şəxslər yerləşdiyi vaxtdan icarə haqqı ödəyəcəklər. Yəqin ki, sonradan bazar rəhbərliyinin icarə haqqı tələb etməsi barədə bizə müraciət edəcəklər, lakin onda gec olacaq".