Baş redaktor ölümlə hədələnib Hadisə

Baş redaktor ölümlə hədələnib

"Yeni Çağ" saytının baş redaktoru Aqil Ələsgər ölümlə hədələnib. Bu barədə baş redaktor öz Facebook profilində yazıb. Mediaya üz tutan A.Ələsgər bu barədə hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini bildirib: "Mən həyatıma ciddi təhlükə yaranmasaydı, heç vaxt sizə müraciət etməzdim. Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı Yenicag-da yayımlanan yazıdan sonra özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saat 23.14-də zəng edərək "ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər" deyə, hədələmişdir. Bu şəxs "get hara şikayət edirsən et" deyərək, açıq kontekstdə öldürülməklə təhdid etmişdir. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram".
Baş redaktor deyir ki, bu şəxsi araşdırıb,onun Əlixan Musayev adlı radikal dinçinin çox yaxını olduğunu və ona görə istənilən addımı ata biləcəyini öyrənib: "Özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm. Çünki bu gün jurnalistləri öldürmək üçün təcrübəli qanqsterlərə ehtiyac yoxdur, 20-21 yaşlı üç beş gəncin beynini yumaq kifayətdir".