“İnformasiya agentliyi kimi öz qərəzsiz mövqeyimizi qoruyub saxlaya bilmişik” Hadisə

“İnformasiya agentliyi kimi öz qərəzsiz mövqeyimizi qoruyub saxlaya bilmişik”

Arzu Nağıyev: "Azərbaycan reallığını beynəlxalq aləmə olduğu kimi çatdırmaq əsas hədəflərimizdəndir"

""Trend" İnformasiya Agentliyi 1995-ci ildən fəaliyyətə başlayıb. Artıq iyirmi ildir ki, beynəlxalq normalara uyğun işimizi qurmaqla, informasiya agentliyi kimi öz qərəzsiz mövqeyimizi qoruyub saxlaya bilmişik". Bunu "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev "Trend"-in informasiya məkanına daxil olduğu dövrdən bu günə qədər keçdiyi fəaliyyət yolu barədə danışarkən deyib. Arzu Nağıyev qeyd edib ki, media məkanında "Trend" olmaq üçün peşəkar komanda formalaşdırmaq lazımdır: "Məhz buna görə də illər ərzində burada peşəkar kadrlar hazırlanıb. Bildirmək istərdim ki, bu gün agentlikdə beş dildə xidmət fəaliyyət göstərir, oxucularımızı Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində məlumatlandırırıq. Əsas məqsəd təbii ki, xəbərləri operativ, qərəzsiz formada oxucularımıza çatdırmaqdır. Bundan başqa peşəkar yazarlarla kadr potensialını daha da təkmilləşdirmək, yeni texnologiyalar tətbiq etmək, dünya media bazarında mühüm yer almaq, Azərbaycan həqiqətlərini dünyaya ətraflı çatdırmaq əsas meyarlardan biridir. Bir sözlə, Azərbaycan reallığını əks etdirən bütün məlumatları beynəlxalq aləmə olduğu kimi çatdırmaq əsas hədəflərimizdəndir. Fəxrlə qeyd edə bilərəm ki, dünyanın ən nüfuzlu media orqanlarında "Trend" İnformasiya Agentliyinin əməkdaşlarının yazıları dərc olunur, eyni zamanda bizə istinadən yazılar verilir. Bu bizim üçün ən böyük qiymətdir və bundan sonra da bu istiqamətdə işimizi davam etdirəcəyik".