Bakının azad olunmasının Güney Azərbaycana təsiri Hadisə

Bakının azad olunmasının Güney Azərbaycana təsiri

Əvvəl Təbrizə gələn Huru Paşa Urmiya ətrafında ermənilərə ağır zərbələr endirmişdi

Azərbaycan türklərinin tarixində ən əhəmiyyətli günlərdən biri olan 1918-ci ilin 15 sentyabrı Bakının azad olunduğu gün kimi tarixə düşüb. Digər tərəfdən də bu şanlı hadisə Güney Azərbaycandakı soyqırımın qarşısının alınmasında müstəsna rol oynadı. Tanınmış tarixçi-alim Əkrəm Rəhimli 15 sentyabrın Bakıda və Güney Azərbaycanda doğurduğu milli əhvallar haqqında bildirir ki, 1918-ci il martın axırlarında ermənilər bolşeviklərlə birləşib Bakıda Azərbaycan Türklərinə qarşı dəhşətli soyqırımı törətdilər: "Arxiv sənədlərində göstərildiyi kimi, 15 minə yaxın soydaşımız soyqırıma məruz qaldı. Həmin hadisələrin canlı şahidi Pişəvəri gördüyü dəhşətləri canlı lövhələrlə yarada bilmiş, bu hadisənin daha da qızışdırılmasında bolşeviklərin də rolunu aydın şəkildə göstərmişdi. Birinci Cahan Savaşının qurtarması dönəmində cəbhədən çoxlu sayda erməni silahlı şəkildə gəlmişdi. Ermənilərin çarizm dövründə mükəmməl hərbi təcrübələri formalaşmışdı. O zaman yeganə qüvvə olaraq türk qardaşlarımız Azərbaycanın harayına yetdilər. Türk ordusunun Azərbaycan xilaskarlığı xalqımız tərəfindən heç zaman unudulmayacaq. Xalqımız, dövlətimiz türk qəhrəmanlarının şərəfinə Bakının ən uca yerində abidə ucaldıb".
Bakının azad olunmasının Güney Azərbaycana təsirinə gəlincə, Əkrəm Rəhimli vurğulayır ki, o zaman Güney Azərbaycanda 163 min nəfər soydaşımız qətl edilib: "Uzun zaman İran tarixşünaslığında bu məsələ gizlədilib. Pəhləvilərin 70 ilə yaxın sürən hakimiyyəti dövründə ümumiyyətlə, bu mövzu ortalığa gətirilməmişdi. Pəhləvi rejimi ermənipərəst olduğuna görə bu məsələni qızışdırmaq istəməmişdi. İran inqilabından sonra bir sıra sənədlər ortaya çıxdı. Güney Azərbaycandan olan tarixçilərimiz - Səməd Sərdariniya və başqaları məsələ barəsində açıq danışdılar. Axırda dövlət səviyyəsində də bu məsələ barəsində deyildi. Ancaq bu mövzu soyqırım kimi yox, millətlərarası münaqişə kimi qələmə verilir. Fakt budur, Urmiya şəhərinin tutulması, Urmiya məscidində insanların kütləvi şəkildə qətli, habelə Salmasda kütləvi qətllər göstərir ki, soyqırım sistemli şəkildə Güneydə başlamışdı. Məqsəd o idi ki, ermənilər özlərinin bu ərazilərdə dövlətlərini qursunlar. Bakının azad olunması Güneydəki hadisələrə də təsir etdi, türklər oradakı soydaşlarımızın da dadına yetdilər, xilaskarlıq göstərdilər. Ermənilər hətta Təbrizi də qana qərq etmək istəyirdilər. Türk ordusunun gəlişi ermənilərin bu istəyini gözündə qoydu. Bu qanlı hadisədə rusların, oradakı missioner təşkilatların da əli olub".
Təəssüf ki, hələ də 15 sentyabrın əhəmiyyətini layiqincə dəyərləndirə bilməmişik. Elə məqamlar var ki, millətin, dövlətçiliyin varlığının təminatçısı olur. 15 Sentyabr bu cür əvəzsiz məqamlardandır. Hər şeydən əvvəl 15 sentyabrın siyasi əhəmiyyəti vardı. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti məlumdur ki, 1918-ci ilin 15 sentyabrına kimi Gəncədə fəaliyyət göstərirdi. Xüsusən Sovet Rusiyası gənc Cümhuriyyəti yıxmaq üçün hər cür fitnə-fəsada əl atırdı. Belə bir zamanda gənc cümhuriyyətin ayaqda qalması, millətimizin siyasi iradəsini təsdiq etməsi üçün Bakı kimi strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşmiş, əhalinin daha çox cəmləşdiyi, sənayenin inkişaf etdiyi, xüsusən zəngin neft mədənlərinin olduğu ərazinin paytaxt kimi tanınması Azərbaycanın halal, tarixi əraziləri uğrunda mübarizəsinin yeni səviyyədə vüsət alması demək olacaqdı. Bu mənada Bakının azad olunmasının iqtisadi əhəmiyyəti barədə də bizcə, geniş danışmağa ehtiyac qalmır. Xarici dövlətlər, o cümlədən də Rusiya Bakı neftini ələ keçirmək uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Belə bir zamanda qəhrəman türk ordusunun Azərbaycana köməyə gəlməsi hadisələrin sonrakı inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən dövrdə də olsa, özünə gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına ciddi təkan verdi. Digər tərəfdən də bu hadisə iki qardaş türk xalqının mənəvi birliyinin sübutu oldu. O zaman neçə aydan bəri Gəncədə müvəqqəti məskunlaşan ADR hökuməti Bakıya köçdü. Məhz hökumətin Bakıya köçməsi yeni yaranmış cümhuriyyətin müəyyən müddət mövcudluğunu qoruyub saxlamasında əhəmiyyətli rol oynadı. Təəssüf ki, bu əhəmiyyətli tarix ötən illərdə Azərbaycanda istənilən səviyyədə qeyd olunmayıb. Ancaq danılmaz gerçəkdir ki, 1918-ci ilin 15 sentyabrı tarixi taleyimizdə əhəmiyyətli bir dönüş günü idi.
Bakının azad olunmasının 97-ci ildönümündə Azərbaycanın bir çox bölgələrini erməni vəhşiliyindən, qatilliyindən xilas edən qəhrəman Huru Paşa barəsində ürəkdolusu danışılmağa haqqı olanlardandır. Sovet dövründə Huru Paşaların haqqında danışmaq yasaq idi. İmperiya türklük duyğusunu öldürürdü ki, antitürk meylləri, türkün düşmənlərini xalqımıza xilaskar kimi sırısın. İndi isə qəhrəman türk əsgərlərinin xilaskarlığı barədə daha çox yazılmalı, radio-televiziyada daha çox danışılmalıdır ki, millətimiz dostu ilə düşmənini yaxşı tanısın.
1918-ci ilin yazında Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah yaradılır. Huru Paşa Qafqaz İslam Ordusunun komandanı təyin olunur. O, Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın qardaşı idi. Bu dövrdə Bakı nefti uğrunda gedən mübarizədə Almaniyanın şübhələndirilməməsi üçün ordunun məhz belə adlandırılması, ordunun əsgəri qüvvəsinin Azərbaycan Türklərindən yaradılacağı ideyası ortada idi. Əvvəlcə Təbrizə gələn Huru Paşa Urmiya ətrafında ermənilərə ağır zərbələr endirir. Mayın 20-də Zəngəzura çatır, camaat tərəfindən sevinclə qarşılanır. Mayın 25-də Gəncəyə gəlir, qısa müddətdə Gəncədən Zəngəzura kimi olan bölgələrdə asayiş yaradır. İyunun 20-də Bakının azad edilməsi planını gerçəkləşdirmək üçün Ənvər Paşaya müraciət edir, əlavə qüvvə, hərbi sursat alır. Bu dövrdə Bakı Sovetinin tabeliyindəki qüvvələrin sayı 20 min nəfərdən çox idi.
Bakıya hücum ərəfəsində Huru Paşanın tabeliyində 14 min nəfər döyüşçü vardı: bunun 8 minini Türkiyə, 6 mini isə Azərbaycan Türkləri təşkil edirdi. Huru Paşa işğalçılar qarşısında şəhərin danışıqsız təslim olunması, əsgərlərin şəhərin müdafiəsindən çəkilməsi, silahların, döyüş sursatlarının, əmlak və binaların təhvil verilməsi, Nargin adasında saxlanılan türk, alman, avstriyalı hərbi əsirlərin geri qaytarılması, zirehli maşın, təyyarə və digər anbarların təhvil verilməsi kimi tələblər qoyur. Sentyabrın 14-də başlayan hücum 15-də qələbə ilə başa çatır. Türk qoşunları Bakının azad olunması zamanı 1130-dan artıq şəhid verib. 1918-ci il sentyabrın 23-də Türkiyənin baş naziri Tələt Paşanın Almaniya ilə bağladığı gizli protokola əsasən Osmanlı dövləti qüvvələrini Azərbaycandan çıxarmaqla bağlı öhdəlik götürür. Noyabrın 30-da Atlanta ilə Osmanlı dövləti arasında "Mudros" sülh müqaviləsi imzalanır: Osmanlı dövləti Bolqarıstan və Avstriya-Macarıstandan sonra məğlubiyyətini etiraf edir. Beləliklə, qəhrəman türk ordusunun Azərbaycanı tərk etməsi məsələsi qaçılmaz olur.
Hər halda bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti, 15 sentyabr və başqa bu kimi mövzularda yeni, ciddi əsərlərin yaradılması son dərəcə gərəklidir. Sovet dövrünün öz mövzuları vardı, ideologiya məhz həmin mövzularda əsər yaratmağı tövsiyə edirdi. Sovet dövləti çalışırdı ki, belə mövzular yaddaşlardan silinsin. Qəhrəman türk qardaşlarımızın obrazının ədəbiyyatda, ümumiyyətlə, incəsənətin bütün janrlarında yaradılması ilə bağlı yaradıcı adamlarımız ciddi fikirləşməlidirlər. Unutmaq lazım deyil ki, 70 il ərzində Azərbaycan Xalq Cümhuriyyəti də daxil olmaqla həmin dövrün türk millətinin xilasını, rifahını sevən qüvvələri ədəbiyyatda lənətlənib. Bakının azad olunmasının tarixi əhəmiyyəti misilsizdir. Məhz 15 sentyabrdan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin az vaxtda gördüyü işlər insanda qürur doğurur.

Uğur