Əlilliyi olan şəxslərin Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunacaq Hadisə

Əlilliyi olan şəxslərin Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunacaq

Tural

Əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılaraq dəstəklənməsi və cəmiyyətə təqdim olunması məqsədilə gələn ay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunacaq. Tədbirdə respublikanın bütün bölgələri üzrə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əl işlərinin (rəsm, toxuma, hörmə, xalça və dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, bədii tikmələr, müxtəlif maketlər və s.) nümayiş etdirilməsi nəzərdə tutulur. Sərgi-müsabiqənin yekununda müvafiq nominasiyalar üzrə fərqlənən iştirakçılara mükafatlar veriləcək.
ƏƏSMN-nin müvafiq əmri ilə təsdiq edilmiş "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən keçiriləcək tədbir Mədəniyyət və Turizm Nazirliyi və Respublika Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində təşkil ediləcək.